ABŞ və koalisiya qüvvələrinin ölkədə qoyduğu texnikanı ələ keçirənlər...

ABŞ və koalisiya qüvvələrinin ölkədə qoyduğu texnikanı ələ keçirənlər...

ABŞ və beynəlxalq koalisiya qüvvələrinin Əfqanıstandan çıxarılması ilə paralel Taliban hərəkatının yeni bölgələrə doğru irəliləməsi barədə xəbərlər demək olar ki, hər gün verilir.

Ölkənin şimalında nüfuz dairəsini genişləndirməkdə olan hərəkatın, əsas uğurları cənubdadır, o bəzi bölgələrdə artıq yeganə hakim qüvvəyə çevrilib. Bu da təəccüblü görünmür, çünki Talibanın əsas aparıcı qüvvəsini məhz cənubda yaşayan puştunlar təşkil edir.
Müxtəlif təxminlərə görə, bölgələrin yarısından 80 faizinədək nəzarət edən Taliban inzibati mərkəzlərlə iri şəhərləri ələ almağa çalışır.

Paralel.az xəbər verir ki Taliban başqa dövlətlərin işlərinə qarışmaq niyyətində olmadığını dəfələrlə bəyan edib. Lakin onun sürətlə irəliləməsi narahatlıqla izlənilir.
Rusiya Türkmənistan və Tacikistan sərhədinin bir qisminin Taliban qüvvələri tərəfindən ələ keçirilməsindən sonra, bu ökələrə hərbi yardım edəcəyini bildirib.

Bəs görəsən, Əfqanıstanda hərbi kontingenti olan Azərbaycan üçün Talibanın nüfuzunun sürətlə genişlənməsindən irəli gələn təhlükələr varmı?

Belə təhlükənin olduğunu deyənlər vaxtilə "İslam Dövləti" adlandırılan qruplaşma sıralarında döyüşən Azərbaycan vətəndaşlarını yada salırlar.
2017-ci ildə Azərbaycan Dövlət Təhlükəsizlik Xidməti (DTX) Suriyadakı "terrorçu təşkilatlarda" 900-ə yaxın Azərbaycan vətəndaşının olduğunu, onlarla "döyüşçüyə qarşı" cinayət işinin açıldığını və 54 nəfərin vətəndaşlıqdan xaric edildiyini bildirmişdi.

Hazırkı vəziyyətdə Azərbaycandan Əfqanıstana yenidən döyüşçülərin yollanması mümkündürmü? Belə ehtimalın çox az olduğunu deyən siyasi təhlilçi Şahin Cəfərli bunu "İŞİD" qrupu ilə Taliban arasında olan təməl fərqlə izah edir.

"İŞİD-lə Taliban arasında prinsipial fərq var. İŞİD expansionist hərəkat idi. İslam ideyalarını yaymaq iddiasında idi, onun "İslam dövlətini" qurmaq missiyası var idi. Taliban belə qlobal missiya iddiasında deyil", - siyasi təhlilçi deyir.

"Bu cəhətdən təhlükə olduğuna inanmıram. Çünki İŞİD hər yerdən döyüşçü toplayırdı, amma Taliban əsasən Əfqanıstan daxilində hərəkət edir, onun qlobal iddiası yoxdur".

Rəsmi danışıqlarda Taliban da Əl Qaidə və İŞİD-dən mümkün qədər uzaqlaşmağa çalışır. BBC Əfqan xidmətinin jurnalisti Talibanın keçmiş təcrübəsindən bir neçə ibrət dərsi aldığını deyir.

"Dərslərdən biri bundan ibarətdir ki, beynəlxalq cihadçı qrupların Əfqanıstanda sığınıb təlim keçəcəyinə və daha sonra Qərbə, Rusiyaya və ya Orta Asiya ölkələrinə hücum etməsinə yol verilməməlidi", - Talibanın nəzarətində olan bölgələrə baş çəkən Sekunder Kermani deyir.

Onun sözlərinə görə, Taliban başa düşür ki, hakimiyyətin əldın verilməsinə səbəb məhz əl-Qaidəyə "sığınacağın verilməsi" olmuşdu.

ABŞ Mərkəzi Komandanlığı (Centcom) Əfqanıstandakı ABŞ qüvvələrinin 95 faizinin ölkəni tərk etdiyini açıqlayıb. Məlumata əsasən, ABŞ qüvvələri bir neçə həftəyə, ölkədən tamamilə çıxarılacaq. Gözlənilir ki, bundan sonra, Taliban daha qərarlı hərəkətlərə keçəcək.

İndiyədək Talibanın ələ aldığı ərazilərin böyük hissəsi kənd yerləri və kiçik yaşayış məntəqələridir. Taliban hələ böyük şəhərləri ələ keçirməyə çalışmır. Şəhər sakinləri daha savadlı və daha liberaldır.

Ötən həftə Taliban İran, Pakistan, Türkmənistan və Tacikistanla sərhədlərdə mühüm sərhəd keçidlərinin nəzarət altına aldığını bəyan edib. Mərkəzi hakimiyyət bunları "qarşı tərəfin təbliğatı" kimi rədd edir.
Hazırda hökumət qüvvələriylə qarşıdurmada Talibanın daha fəal olduğu təəssüratı yarana bilər. Lakin bəzi təhlilçilərə əsasən, vəziyyət o qədər də birmənalı deyil və ölkədəki siyasi balanslaşma xarici və daxili qüvvələrin təsiriylə formalaşır.

Millət vəkilli Rasim Musabəyovun sözlərinə görə, hazırda Pakistan, Türkiyə, Orta Asiya ölkələri və Rusiyanın birgə siyasəti var və 1996-cı ildə olduğu kimi, Talibanın təzyiqi altında Əfqanıstandakı hakimiyyətin "qəfil çökməsinə" yol verilməyəcək.

"Böyük ehtimalla koalisiya hökuməti üçün ortaq səylər göstərilir", - Rasim Musabəyov deyir.
1996-cı ildən 2001-ci ildəki Amerikanın müdaxiləsinə kimi ölkəni idarə edən Taliban özünü sadəcə siyasi və ya üsyançı qruplaşma kimi görmür, o, Əfqanıstan İslam Əmirliyini yaratmaq uğrunda mübarizə apardığını bildirir.

BBC-nin hələ 2017-ci ildə keçirdiyi araşdırmasının nəticələrinə görə, Taliban ölkə ərazisininin 70 faizində fəal olub.

Əfqanıstan üzrə mütəxəssislərə görə, Talibanı yalnız hərbi struktur kimi görmək düzgün deyil, o illər boyu xüsusilə də ölkənin cənubundakı bölgələrdə, nüfuzlu qüvvə olub. Ona görə, bəzi yerlərdə dövlət strukturları zəiflədikcə Talibanın hakimiyyət boşluğunu doldurması təbii görünür.

Mənbə: paralel.az