“Gələn il Laçında”: azərbaycanlı məcburi köçkünlər 30 il dua ediblər - FOTO

“Gələn il Laçında”: azərbaycanlı məcburi köçkünlər 30 il dua ediblər - FOTO

Bu hekayə Azərbaycanın Laçın rayonunun Şeylanlı kəndindən olan müharibə qurbanı, 8 yaşında məcburi köçkünə çevrilmiş şəxs haqdadır. O, artıq böyüyüb, boya-başa çatıb və bu günlərdə, nəhayət, azad edilmiş vətəninə qayıdıb. İndi o, keçmiş günlərini xatırlasa da, gələcəklə bağlı çox ümidlidir.

Laçın haqqında

Laçın şəhəri Dağlıq Qarabağla Ermənistanı birləşdirən strateji Laçın dəhlizinin üzərində yerləşir. Ermənistanla Azərbaycan arasında sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş 44 günlük müharibədən sonra tərəflər atəşkəs müqaviləsi imzalayıb. Nəticədə bu dəhliz rusiyalı sülhməramlıların nəzarətinə keçib. Laçın şəhəri de-yuri Azərbaycanın Laçın rayonunun mərkəzidir. Bu rayon 1992-ci ildən 2020-ci ilədək Ermənistanın işğalı altında olub...

Şeylanlıdakı həyatı xatırlayarkən

Şeylanlı Azərbaycanın Laçın rayonunda yerləşən kənddir. Azərbaycanın 2020-ci ildəki tarixi qələbəsi əslində, 30 il ərzində məcburi köçkün kimi yaşamış təxminən 1 milyon azərbaycanlının zəfəridir. Onlar öz vətənlərində Birinci Qarabağ müharibəsindən sonra məcburi köçkünə çevrilmişdilər.

Qayıdaq hekayəmizə. Gülməmməd Məmmədovla ilk dəfə 2019-cu ildə Los-Ancelesdə görüşmüşəm. Laçın rayonundan artıq keçmiş məcburi köçkün olan Gülməmməd Məmmədov bu gün Azərbaycanda fəaliyyət göstərən ADA Universitetinin professorudur. 1992-ci ildə Ermənistan Azərbaycan ərazilərini işğal edərkən 8 yaşlı Gülməmməd ibtidai məktəbdə oxuyurmuş. Ermənistanla Azərbaycan arasında həmin müharibə 1988-ci il fevralın 20-dən 1994-cü il mayın 12-dək davam edib.

Gülməmmədlə bir də azad edilmiş Laçın rayonuna bu yaxınlarda etdiyi səfərdən sonra görüşdüm. İndi o, gələcəklə bağlı düşüncələrini bölüşür. Amma bunu uşaqlıq xatirələri, məcburi köçkün kimi yaşadığı illərlə qarışıq hislərlə edir...

Zəngin akademik karyerası olan Gülməmməd Məmmədov evlidir, 1 qızı var. Bir zamanlar 140 azərbaycanlının yaşadığı Şeylanlı kəndi kiçik Qafqaz dağlarında, Laçın rayonunun şimalında, Həkəri çayının qərb sahilində, Laçın şəhərindən 35 kilometr şimal-qərbdə yerləşir. Paytaxt Bakı ilə bu kənd arasında məsafə 330 kilometrdir. Ermənistan-Azərbaycan sərhədinin yaxınlığında yerləşən kəndin iqtisadiyyatının böyük hissəsi kənd təsərrüfatı və heyvandarlıq sahəsinə əsaslanırmış. Müharibədən qabaq ermənilər sərhədi keçər, Şeylanlı kəndində işləyər və yenidən Ermənistandakı evlərinə qayıdarlarmış. Qış fəslində güclü qar yağar, ermənilər sərt qış aylarında bu kənddə qalmağa məcbur olarlarmışsa, azərbaycanlı ailələr onları isti qarşılayar, evlərində qonaq edərlərmiş.

Xatırladaq ki, Birinci Qarabağ müharibəsindən qabaq Azərbaycan da, Ermənistan da Sovet İttifaqının tərkibində olub.

"Sovet dövründə atam kənd kolxozunda işləyirdi. Yay aylarında və payızın əvvəllərində kəndimiz heyvandarlıq, kənd təsərrüfatı üçün uyğun olardı. Payız aylarının sonlarında və bütün qış aylarında isə fermerlər havaların daha isti keçdiyi yerlərə gedər, Dağlıq Qarabağdan keçərək mal-qaranı dağətəyi bölgələrə aparardılar", - deyə Gülməmməd Məmmədov xatırlayır.

Qış aylarında balaca şagirdlər də mal-qaranın yerini dəyişən valideynləri ilə birgə səfərə çıxarlarmış. Amma bu zaman şagirdlərin təhsilində fasilə yaranmaması üçün müəllimlər də onları müşayiət edərmiş. Həmin uşaqlardan biri də Gülməmməd olub. Yaşı daha çox olan uşaqlar kənddə qohumlarının yanında qalar, tədrisə kənd məktəblərində davam edərlərmiş...

Hər il olduğu kimi, 1992-ci ilin yazında da kənd sakinləri Şeylanlıya qayıtmağa hazırlaşır. Amma buna bir neçə gün qalmış Laçın Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunur. Nəticədə Gülməmmədin ailəsi də daxil olmaqla, kənd sakinləri Ağcabədi rayonunda qalır. Əgər onlar Laçına cəmi bir neçə həftə əvvəl qayıtsaydılar, Laçında tələyə düşəcəkdilər. Bu halda onların düşməndən qurtulmaq şansları çox az olacaqdı.

1990-cı illərin əvvəllərində yaşanmış bu hadisələr fonunda Azərbaycanın mərkəzi hissəsi, "Aşağı Qarabağ" adlandırılan bölgə daha təhlükəsiz idi. Odur ki, Qarabağın digər hissəsindəki azərbaycanlıların buralara gəlib çatması uğur sayılırdı...

Birinci Qarabağ müharibəsinin sonlarında Şeylanlı kəndindən olan əhali, həmçinin Laçın rayonundan məcburi köçkünə çevrilmiş əksər insan Ağcabədi rayonunun Taxta Körpü adlanan ərazinində məskunlaşdırılmışdı. Səbəb sakinlərin bu ərazilərə daha yaxşı bələd olması, burada onların qohumlarının yaşaması idi. Sovet dönəmindən bəri Ağcabədidə işləyən azsaylı laçınlılar burada özlərinə ev-eşik qurmuşdular. Üstəlik, laçınlılar kənd təsərrüfatı işləri ilə əlaqdər olaraq, hər il müvəqqəti "Aşağı Qarabağ"a köçürdülər. Erməni düşmənlərindən canını qurtararaq xilas olmuş Şeylanlı sakinləri isə özləri ilə buraya heç nə gətirə bilməmişdilər...

Həmin dövrdə Laçının mühasirəyə alındığından xəbəri olmayan yerli əhalinin əksəriyyəti dağlara qalxaraq, Laçın şəhəri vasitəsilə Azərbaycanın daha təhlükəsiz ərazilərinə üz tutmağa çalışırmış. Təəssüf ki, onların əksəriyyəti tələyə düşərək qətlə yetirilib və ya girov götürülüb.

Digər laçınlılar canlarını şimal yolu ilə qurtarmağa çalışıb. Bunun üçün isə qarlı zirvələrindən keçmək, Ömər aşırımını (dəniz səviyyəsindən 3260 metr yüksəklikdə yerləşir) aşmaq lazım idi. Bu yolu seçmiş çox insan aclıqdan, şaxtadan ölüb.

"Odur ki, həmin vaxt Ağcabədidə qaldığımıza görə bəxtimiz gətirib. Amma döyüş bölgəsində olmamağımız təhlükəsizlikdə olduğumuz demək deyildi. Sərt isti keçən yay ayları, müxtəlif xəstəliklər yaxınlarımızın çoxunun həyatını itirməsi ilə nəticələndi", - deyə Gülməmməd xatırlayır: "Biz yarımsəhrada, isti ərazidə ilişib qalmış dağ adamları idik. İsti, müxtəlif xəstəliklər, düzgün qidalanmama insanların həyatını itirməsinə səbəb olurdu".

Yayda Ağcabədinin iqlimi çox sərt keçir, onun duzlu torpağında ilanlar "qaynayırmış". Bir sözlə, həmin vaxt bu ərazilər insanların yaşaması üçün yararlı deyilmiş. Ağcabədidə yayda havanın hərarəti 42 dərəcəyədək yüksəlir. Üstəlik, 1990-cı illərin əvvəllərində bu ərazilərdə içməli su demək olar ki, yox idi. Məcburi köçkünlər üçün daimi evlər də tikilmirdi. Həmin vaxt hər kəs bu vəziyyətin müvəqqəti olduğunu düşünürdü. Üstəlik, nə azərbaycanlı məcburi köçkünlərin, nə də Azərbaycan dövlətinin keyfiyyətli evlər tikmək imkanı var idi. Nəticədə səhəti zəif olanlar həyatını itirirdi.

Belə bir vəziyyətdə hökumət tələm-tələsik məcburi köçkün düşərgələri yaradırdı. Odur ki, prosesi yaxşı təşkil etmək çətin idi. Məcburi köçkünlərə beynəlxalq humanitar yardımların səviyyəsi də çox aşağı idi. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı bu insanlara un, paxla, o qədər də yaxşı qoxumayan duru yağ verirdi. "Azadlığa Dəstək" Aktına qəbul edilmiş 907-ci düzəliş üzündən ABŞ azərbaycanlı məcburi köçkünlərə yardım göstərə bilmirdi.

"Araşdırmalarım zamanı məlum olub ki, ABŞ bizim çəkdiyimiz əziyyət və ağrılara səbəb olan erməni təcavüzkarlara Azərbaycandan 4 dəfə çox humanitar yardım göstərib. Söhbət adambaşına düşən yardımdan gedir. Mahiyyətcə, ABŞ çox sayda azərbaycanlı məcburi köçkünü aclıqla, ölümlə üz-üzə qoymuşdu", - deyə Gülməmməd Məmmədov bildirir.

Xatırladaq ki, "Azadlığa Dəstək" Aktına qəbul edilmiş 907-ci düzəliş ABŞ hökumətinin Azərbaycana birbaşa yardımını qadağan edir. Bu qadağa nəticəsində Azərbaycan ABŞ-dan siyasi və iqtisadi sabitliyin təmin edilməsi məqsədilə birbaşa yardım almayan yeganə postsovet dövləti olub. Düzəliş ABŞ-da yaşayan erməni diasporu tərəfindən fəal şəkildə təşviq edilirmiş. Bu, Azərbaycanın Birinci Qarabağ müharibəsi zamanı Ermənistanı blokadaya salmasına cavab imiş...

2001-ci il sentyabrın 11-dən sonra ABŞ beynəlxalq terrorçuluqla mübarizəyə başlayan zaman Bakı Vaşinqtona dəstək olub. Nəticədə ABŞ Konqresi 2001-ci il oktyabrın 24-də prezidentə 907-ci düzəlişi ləğv etmək Amma Vaşinqtonun Bakıya bu təzyiq mexanizmi hələ də qalır.

Müvəqqəti məcburi köçkünlükdən uzunmüddətli məcburi köçkünlüyə

Gülməmməd təhsil almaq üçün 2001-ci ildə Bakıya köçüb. Ailəsi isə 2003-cü ilədək Taxta Körpüdə yaşayıb.

"Ailəm əvvəllər hər il mal-qara köçü ilə məşğul olduğundan, biz Taxta Körpüdə əvvəldən normal şərait qurmuşduq. Odur ki, bizim şəraitimiz digərlərinə nisbətən daha yaxşı idi", - deyə Gülməmməd bildirir: "Biz vəziyyətdən maksimum fayda qazanmalı idik. Mən 9 il, ailəm isə 11 il Taxta Körpüdə yaşayıb. İnsanlar vəziyyətin müvəqqəti olmadığını başa düşdükdən sonra yaşamaq üçün başqa yerlər axtarmağa başlamışdılar".

Gülməmməd deyir ki, "bizimlə ədalətsiz davrandılar. Azərbaycan 1991-ci ildə Sovet İttifaqından müstəqillik qazandıqdan sonra hökumət torpaqları özəlləşdirmiş və insanlara paylamışdı. Amma azərbaycanlı məcburi köçkünlər itirdikləri ərazilər qədər torpaq ala bilmədilər. Kənd sakinləri fermerlərlə işləməyə başlamışdı. Bu, barter razılaşması idi. Məcburi köçkünlər fermada gördüyü iş qarşılığında fermerin sahib olduğu torpaqda heyvandarlıqla məşğul olurdu. Amma yerli əhali bizə aşağı təbəqəli kəndçilər kimi baxırdı. Odur ki, üzərimizdə basqı var idi".

"2003-cü ildə Bakı Dövlət Universitetinin ikinci kurs tələbəsi olarkən atam da belə barter təklifi ilə razılaşdı. Lakin bəzi insanlar bizimlə pis davranır, hətta təhqir edirdilər", - deyə o, xatırlayır.

Nəticədə Gülməmmədin atası davamlı olaraq bir fermadan digərinə keçirmiş. Məcburi köçkünlər hökumətdən birbaşa torpaq icarə götürə bilmədiyindən, onun atası yalnız 4-cü fermada işə başladıqda icarəyə torpaq götürə bilib. Onu da üçüncü tərəf vasitəsilə, üstəlik, bazar qiymətindən baha.

Gülməmmədin atası vəfat edib, qardaşı bu günədək kirayəyə götürülmüş fermada çalışır.

Şeylanlıdan 15 kilometr

Bu günlərdə Gülməmməd Məmmədov bir qrup hərbçi və media nümayəndəsi ilə Laçın rayonuna səfər edib. Bu, onun İkinci Qarabağ müharibəsi bitdikdən sonra azad edilmiş ərazilərə ilk səfəri olub. Əslində, bu ərazilərə səfər etmək hələ də təhlükəlidir. Çünki müharibəni uduzaraq geri çəkilməyə məcbur olmuş ermənilər hər tərəfi minalayıb. Üstəlik, onlar minalı ərazilərin xəritələrini Bakıya təqdim etmir. Bu isə minatəmizləmə işlərini xeyli çətinləşdirir.

Azad edilmiş ərazilərə yollanmış qrup Azərbaycanın qərbində yerləşən, Laçınla sərhəd olan Kəlbəcərdən keçib. Burada minatəmizləmə işləri aparılır, yol, infrastruktur tikintisi gedir.

Hazırda Laçın rayonu minatəmizlənmə işlərinin aparılacağı rayonların siyahısındadır. Hələlik prioritet Azərbaycanın 66 rayonundan ikisi olan Ağdamla Füzulinin minalardan təmizlənməsidir. Onlar ölkənin cənub-qərbində yerləşir və Qarabağ iqtisadi rayonuna daxildir. Ağdam və Füzuli Xocavənd, Ağcabədi, Cəbrayıl, Beyləqan və İranın Ərdəbil vilayəti ilə sərhəddir.

Hazırda Füzuli Beynəlxalq Hava Limanının tikintisi davam etdirilir. Bu, dənizə çıxışı olmayan ölkənin 7 beynəlxalq hava limanından biri olacaq.

Gülməmməd Məmmədov deyir ki, Laçınla həmsərhəd olan Kəlbəcərə çatan zaman çox həyəcanlanıb. Uzun illər ərzində məcburi köçkünlükdən əziyyət çəkmiş inzan üçün bunun nə demək olduğunu təsəvvür etmək mümkündür. İndi isə Gülməmməd fərqli hiss yaşayırdı: valideynləri uzun illər bu torpaqların həsrətini çəkib, hər il "gələn il Laçında" deyirmiş. Laçınlı məcburi köçkünlər hər zaman bu həsrətlə yaşayıb. Onlar Laçını ideallaşdırıblar. Laçın onlar üçün hər zaman müqəddəs olub...

Yəhudi xalqı da 2000 il ərzində vətəndən didərgin düşdüyü dövrdə "gələn il Yerusəlimdə"deyirdi. Amma onlar bu ifadədən bu gün də istifadə edir. Əslində, bu ifadə yəhudilərə onların haradan qovulduqlarını, haraya qayıtdıqlarını və hər zaman harada yaşayacaqlarını xatırladır.

"Laçına səfər uzunmüddətli yuxudan oyanmaq kimi idi. Bu, həm qəmli, həm də şirin hadisə idi", - deyə Gülməmməd bildirir. Üzərinə "Laçın" yazılmış lövhənin yanından keçmək onun üçün sanki müqəddəs torpağa daxil olmağa bənzəyirdi. Bu müqəddəs torpaqda insanlar xəstələnmir, cavan yaşlarında ölmür... "Mən yol nişanını görəndə sanki nə baş verdiyini dərk edə bilmirdim", - deyə Gülməmməd xatırlayır: "Biz məcburi köçkün kimi çox əziyyət çəkimişik. Odur ki, yeni reallıqla üzləşən zaman nitqim qurumuşdu".

Gülməmməd Şeylanlı kəndinin buradan 15 kilometr məsafədə olduğunu bilir, amma mina səbəbindən kəndinə gedə bilmirdi. "Əslində, həmin an kəndimizi görməməyə daha çox üstünlük verərdim. Kəndimizin, evimizin xarabalıqlarını görəcəyimi düşünmək qorxunc idi. Evim, kəndim, uşaqlığım haqda xoş xatirələrim var. Uzun illər ərzində "üstündə əsdiyim" bu xatirələr dağıdılmış evimizin qalıqları ilə əvəzlənə bilərdi. Odur ki, yeni reallıqla üzləşmək üçün cəsarət toplamalı idim. Amma kəndimzin dağılmadığını bildim və bu, məni sakitləşdirirdi. İndi təhlükəsizliyi nəzərə almasaq, öz kəndimə qayıtmağıma heç nə mənə mane ola bilməz. Bu, təsəlliverici hisdir", - deyə Gülməmməd bildirir.

Ermənistan Laçından olan məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasını kifayət qədər çətinləşdirir. Çünki minalı ərazilərin xəritələrini Bakıya vermir. Üstəlik, o, Azərbaycanla sülh müqaviləsi imzalamaq da istəmir. Bu, gələcəkdə iki dövlət arasında hərbi toqquşmalara yol aça bilər. Bir sözlə, Yerevan həyatlarını oğurladığı bu insanların dirçəlməsinə hələ də mane olur.

Gülməmməd Məmmədov Azərbaycan paytaxtı Bakıda fəaliyyət göstərən ADA Universitetində Fizika kafedrasının dosentidir. Laçın rayonunun ərazisi minalardan təmizləndikdən, bura təhlükəsiz ərazi elan edildikdən sonra Azərbaycanın 58 şəhər və rayonlarda məskunlaşmış 78 min 565 laçınlı kimi, o da öz doğma torpağına qayıdacaq. Laçın rayonunun 1 şəhəri, 1 qəsəbəsi və 125 kəndi artıq Ermənistan işğalından azad edilib...

Mənbə: NewsBlaze
Müəllif: Nurit Qrincer
(İngilis dilindən tərcümə - WorldMedia.Az)

Mənbə: news.milli.az