Azərbaycan Gorus-Qafan yolundakı kimi Laçın dəhlizində də yoxlama postu qura bilər - ermənilər nəticə çıxarmasa…

Azərbaycan Gorus-Qafan yolundakı kimi Laçın dəhlizində də yoxlama postu qura bilər - ermənilər nəticə çıxarmasa…

Elşən Həsənov: “Onlar bizim qanunlara uyğun olaraq sərhəddimizi keçə bilərlər”

Ermənistan KİV-i xəbər verir ki, həmin ölkənin parlamentinin spikeri Alen Simonyan 13 sentyabr iclasında müxalif "Ermənistan" blokunun parlament fraksiyasının katibi Artsvik Minasyanın müvafiq təklifini cavablandırarkən deyib ki, bir sıra rəsmiləri Gorus-Qafan yolundakı proseslərə görə parlamentin iclasına çağıra bilərlər: “Ermənistan milli təhlükəsizlik xidmətinin direktorunu, baş prokuroru, habelə respublikanın xarici işlər nazirliyi və müdafiə nazirliyinin nümayəndələrini məsələni aydinlaşdırmaq üçün parlamentə çağırmaq ehtimalini istisna etmirik”.

Minasyanın fikrincə, Azərbaycan Qafan-Gorus yolunun öz inzibati ərazisinə aid hissəsində postlar quraraq İrandan gələn yük maşınlarını yoxlamaqla cinayət işləyib. Ermənistanın bu narahatlıqları heç bir nəticə verən deyil. Çünki Azərbaycan həmin yolun yalnız özünə aid olan hissəsində post qurub ki, bu da tam qanunidir. Müharibədən sonra davamlı şəkildə təxribatlara əl atan Ermənistanın bir çıxış yolu var - Azərbaycanın ərazi bütövlüyünü tanımalı və Qarabağdakı təxribatlara son verməlidir. Bura müxtəlif ölkələrə aid yük maşınlarının Qarabağ ərazisinə qanunsuz səfəri də daxildir. Məlumdur ki, Azərbaycan öz ərazisindəki Laçın rayonundan ermənilərə humanitar koridor verib, ancaq onlar bundan tam başqa məqsədlər üçün istifadə edirlər. Həmin əraziyə nəzarəti hazırda sülhməramlılar həyata keçirir. Sözügedən dəhlizdə təxribatlar davam edərsə, Azərbaycan ora da öz postlarını qoya bilərmi?

Təhlükəsizlik məsələləri üzrə ekspert Elşən Həsənov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, “Laçın dəhlizi” Azərbaycanın suveren ərazisinə aiddir: “Azərbaycanın bütün ərazilərində isə bizim qanunlar hakim olmalıdır. Müharibənin nəticələrinə görə, biz həmin dəhlizdən humanitar məqsədlər üçün istifadəyə icazə vermişik. Buna da nəzarəti Rusiya sülhməramlıları həyata keçirir. Ancaq biz görürük ki. onlar buna heç də lazımınca riayət etmirlər. Ermənistan rəsmiləri istədikıəri vaxt Qarabağa səfər edir, həmin dəhlizdən bizim bilmədiyimiz yüklər daşınır. Əslində Rusiyanın Qarabağdakı sülhməramlılarının vəzifələrini tənzimləyən hazırda yeganə bir sənəd var. Bu da 2020-ci ilin 10 noyabrında imzalanan üçtərəfli bəyanatdır. Həmin sənəddə də göstərilir ki, rusiyalı sülhməramlılar yerləşdikləri ərazidə yalnız təhlükəsizliyi təmin etməlidirlər. Çünki həmin bəyannamədə dəhlizin və digər nöqtələrin adları çəkilir. Təhlükəsizlik o deməkdir ki, onlar orada hər hansı təxribatların qarşısını almağa borcludurlar. Giriş-çıxışın təmin olunması, iqtisadi məkanların qorunması, gömrük kimi məsələlərə biz cavab verməliyik. Bu işləri orada Azərbaycanın müvafiq qurumları həyata keçirməlidir. Bu qaydaları Azərbaycan tərəfinin icra etməsi təhlükəsizlik qaydasının pozulması deyil. Sərhəd və gömrük nəzarəti Azərbaycan tərəfindən həyata keçirilməlidir. Qarabağda yaşayan ermənilərin giriş-çıxışı, yoxlanılması Azərbaycana aid məsələlərdir. Ermənistan vətəndaşları xarici vətəndaşlardır, onlar niyə bizim qanunlara tabe olmadan sərhədi keçməlidir? Onlar bizim qanunlara uyğun olaraq sərhədimizi keçə bilərlər. 10 noyabr üçtərəfli bəyanatında iki dəhliz barəsində söhbət açılır. Onlardan birinin fəaliyyətinə Azərbaycan şərait yaradıb. Ermənilər isə Zəngəzur dəhlizinin fəaliyyətinə imkan vermir. Zəngəzurda təhlükəsizliyin təminatçısı kimi rusiyalı sərhədçilər göstərilsə də, Ermənistan tərəfi deyir ki, dəhlizə nəzarətdə onların qanunları tətbiq olunmalıdır. Yəni hansısa Azərbaycan vətəndaşı həmin dəhlizdən keçib Naxçıvana getmək istəyirsə, ermənilərin yoxlanışından keçməlidir. Onda Laçında biz bunu niyə tətbiq etməməliyik?”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com