“Tehran və Vaşinqton ortaq məxrəcə gələ bilər, lakin... ”

“Tehran və Vaşinqton ortaq məxrəcə gələ bilər, lakin... ”

"İranın iqtisadi sanksiyalardan qurtulub yardımlar almağa çox ehtiyacı var. Rəsmi Tehran bu gün iqtisadi, siyasi və sosial böhranla üz-üzədir. Real yanaşsaq, İran cəmiyyətini sakitləşdirən yeganə qüvvə ali dini lider və onun şiə ideologiyasıdır. Lakin günü-gündən bu faktor da İran cəmiyyətinin artan narazılıqlarının qarşısını ala bilmir”.
Teref.az bildirir ki, bu sözləri Sfera.az-a siyasi analitik Turab Rzayev İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Səid Xətibzadənin "İran hökuməti Vyanada nüvə razılaşması üzrə danışıqları yeniləyəcək” sözlərini şərh edərkən deyib.
Siyasi analitikin sözlərinə görə, İranın gec-tez ABŞ-la nüvə razılaşmasına dair danışıqlar masasına oturacağı bəlli idi:
"İran indiki halda iqtisadi olaraq çox sıxılır. Bu gün İranın öz neftini rahatlıqla satması üçün mövcud sanksiyalardan xilas olmağa ehtiyacı var. Məhz buna görə bu gün İran ABŞ-la bir masaya oturub nüvə razılaşmasını müzakirə etməyə hazırdır. Maraqlıdır ki, hazırda İranda daha mühafizəkar siyasi elita hakimiyyətdədir, lakin bununla belə mövcud iqtisadi sanksiyalar şəxsi ambisiyaları üstələyir. Çünki günü-gündən artan sosial iqtisadi problemlər, daxili auditoriyanın qəzəbini alovlandırır. Bu mənada İran nüvə razılaşması üzrə danışıqlara qayıtmağa məcburdur”.
T. Rzayevin sözlərinə görə, İranın nüvə razılaşmasına qayıtmasında ABŞ da maraqlıdır:
"Hazırda yaxın Şərqdə güclərin balansı yenidən formalaşır və prosesdə İranın da iştirakı rəsmi Vaşinqton üçün vacibdir. Digər tərəfdən, ABŞ-ın İranla münasibətləri normallaşdırmasında bir digər faktor da Çindir. Rəsmi Pekinin İranla münasibətləri inkişaf etdirməsi, böyük həcmdə kreditlər verməsi ABŞ-ı ciddi narahat edir. İran-Çin münasibətlərinin inkişaf etməsi ABŞ-ın yaxın Şərq maraqları üçün ciddi təhdiddir.
Bununla belə ABŞ həm də İranla münasibətləri aramla yaxşılaşdırır. Çünki ortada İsrail və Ərəb ölkələri faktoru da var. Diqqət etsəniz, bu prosesə ən çox İsrail qarşıdır. Çünki İranın güclənməsi hər zaman İsrail üçün təhdiddir. İsrail regionda İranı özü üçün ən başlıca düşmən hesab edir. Bu mənada rəsmi Vaşinqton Çin faktoruna görə İranla münasibətləri normallaşdırmaq istəsə də, İsrail faktoruna görə prosesi tədricən aparmağa məcburdur”.

Mənbə: teref.az