Beynəlxalq təşkilat Ermənistanın “klastr bombadan” istifadə cinayətinə dair dəhşətli faktlar açdı...

Beynəlxalq təşkilat Ermənistanın “klastr bombadan” istifadə cinayətinə dair dəhşətli faktlar açdı...

Səadət Bənənyarlı: “Sözügedən hesabat bir çox böyük ölkə rəhbərləri və beynəlxalq təşkilatlar üçün önəm təşkil edir”

2020-ci ilin avqustundan 2021-ci ilin iyulunadək Suriyada və Ermənistanla Azərbaycanın Dağlıq Qarabağ münaqişəsində klastr bombalarından istifadə olunub.

Bu haqda “Human Rights Watch” insan haqları təşkilatı “Klastr Bombaları 2021” adlı hesabatında bildirir.

Sözügedən hesabatda deyilir ki, ümumilikdə 29 ölkə və ərazi kasetli bombaların qalıqları ilə çirklənmiş vəziyyətdədir. Qeyd edilir ki, ötən il klastr bombalarından ən böyük itki Azərbaycanda qeydə alınıb – 107 nəfər: “Ermənistanın 300 mm-lik “Smerç” klastr raketlərindən istifadə etdiyi, yaxud onları Dağlıq Qarabağdakı qüvvələrə verdiyi, onların da Azərbaycanda azı beş əraziyə hücumda bu sursatdan istifadə etdiyinə dair güclü dəlil var”.

Hesabatda ötən ilin oktyabrında Bərdəyə kasetli raket hücumunda 21 nəfərin həlak olduğu, 60 nəfərin yaralandığı qeyd olunub: “Dağlıq Qarabağa hücumlarda da itki ola bilərdi, amma konkret sənədləşdirilməyib”.

Məlumat üçün qeyd edək ki, klastr bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır. Bu bombacıqların bəziləri toxunanda partlamaya, de-fakto mina kimi qala bilər.

Ümumilikdə, Ermənistan tərəfindən Azərbaycana qarşı istifadə edilən klastr bombalarla bağlı məlumatların beynəlxalq qurumlar tərəfindən yayılmasının əhəmiyyətini ekspertlər necə dəyərləndirir?

“Bu bir daha sübut edir ki, Ermənistan müharibədə qadağan olunmuş silahlardan istifadə edib”

Məsələyə münasibət bildirən hüquq müdafiəçisi Səadət Bənənyarlının fikrincə, bu kimi məsələlərin hesabatlarda öz əksini tapması Ermənistanın beynəlxalq müstəvidə ifşa olunması baxımından müsbət əhəmiyyət kəsb edir: “Hesab edirəm ki, beynəlxalq təşkilatların hesabatlarında bunun öz əksini tapması müsbət haldır. Həmin dövrdə Azərbaycan hökuməti bir sıra insan haqları ilə məşğul olan təşkilatları dəvət etdi. Həmin təşkilatların nümayəndələri bombalanmış ərazilərə getdilər, monitorinq apardılar. Daha sonra məlumatları sistemləşdirib hesabatlarına daxil etdilər. Nəzərə almaq lazımdır ki, “Human Rights Watch” kifayət qədər tanınmış bir təşkilatdır. Onun hesabatları bir çox böyük ölkə rəhbərləri və beynəlxalq təşkilatlar üçün önəm təşkil edir. Yəni onlar buna xüsusi yer ayırırlar. Bu bir daha sübut edir ki, Ermənistan müharibədə qadağan olunmuş silahlardan istifadə edib. Ona görə də bu, özü-özlüyündə müsbət bir hadisədir. Onu da qeyd edim ki, ermənilər azad olunan ərazilərdə olan alban abidələrini öz adlarına çıxarıb hay-küy salırlar. Əsasən burada dini abidələrdən söhbət gedir. Hesab edirəm ki, Azərbaycanın alimləri, tarixçiləri aktivlik göstərməlidilər. Beynəlxalq təşkilatlarla işləməlidilər. O mənada ki, ermənilər alban kilsələrini öz adlarına çıxarmasınlar”.

Hüquq müdafiəçisi hesab edir ki, bu yöndə səyləri artırmaq lazımdır.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com