Azərbaycan Laçın dəhlizi ilə bağlı ikinci addım atmalıdır

Azərbaycan Laçın dəhlizi ilə bağlı ikinci addım atmalıdır

Ermənistanın Baş naziri Nikol Paşinyan Gorus-Qafan yolunun Azərbaycan ərazisindən keçən hissəsində İrana məxsus yük maşınlarının Azərbaycan polisi tərəfindən yoxlanılması ilə bağlı açıqlama verib. Paşinyan 2020-ci ilin dekabrında Ermənistan Silahlı Qüvvələrinin Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkildiyini bildirib: “Ermənistan-Azərbaycan sərhədi boyu baş verən hadisələrin bir çox məqamı var və onları düzgün başa düşmək vacibdir. Ermənistan Silahlı Qüvvələri Sovet Ermənistanından miras qalmış sərhədlərə çəkilib. Bu hissədə Goris-Qafan yolu iki yerdə Ermənistan Respublikasının və ya keçmiş Sovet Ermənistanının hüdudlarından kənara çıxır. Məhz bu vəziyyət səbəbindən bizə tanış olan trafaretlər və məntəqələr məlum bölgələrdə ortaya çıxıb”.

Həmçinin, Paşinyan Zəngəzurdakı vəziyyəti təsvir edərkən niyə Azərbaycan toponimlərindən (Eyvazlı və Çayzəmi") istifadə etməsinin səbəbini açıqlayıb: "Bunun çox sadə səbəbi var. Ermənistan Respublikasının vətəndaşlarına aydın olmalıdır ki, problemli məntəqələr nə Ermənistan Respublikası, nə də Sovet Ermənistanının ərazisində deyil, ondan kənardadır. Yerevan bunu 2010-cu il tarixli inzibati ərazi bölgüsü haqqında qanunla de-yure qəbul edib".

Bəs Paşinyan hansı səbəbdən belə bir açıqlama verib? O, bu açıqlaması ilə erməni cəmiyyətini Azərbaycanla sülh müqaviləsinəmi hazırlayır?

Politoloq Teymur Qasımlı EDNews.net-ə açıqlamasında məsələyə aydınlıq gətirib.

“Bir müddət əvvəl Paşinyanın Xarici İşlər Nazirliyinə Azərbaycanla sülh müqaviləsinin imzalanması ilə bağlı sənədin hazırlanması üçün tapşırıq verməsi barədə məlumatlar yayılmışdı. İddialara görə, bu sənəd Ermənistan cəmiyyətindən çox məxfi şəkildə hazırlanıb ki, Paşinyana qarşı olan qüvvələr bunu bilib hər hansı tədbir görməsinlər. Və iki gün sonra Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan bildirdi ki, Azərbaycanla sərhədlərin delimitasiyası ilə bağlı məsələni müzakirə etməyə və razılığa gəlməyə hazırıq”.

Politoloqun sözlərinə görə, Azərbaycan tərəfi problemlə bağlı çox düzgün siyasət aparır: “Rusiya sülhməramlılarının fəaliyyəti ilə bağlı xəbərdarlıq edildi, o cümlədən Gorus-Qafan və Laçın dəhlizindəki proseslərlə bağlı düzgün addım atılaraq İrana görə yolu bağlandı. Sonra yol Rusiya XİN-in xahişi ilə açılsa da İran yenə fəaliyyətini dayandırmadı. Burada icazəsiz yükdaşıma həyata keçirdikdən sonra Gorus-Qafan yoluna gömrük postu qoyub birgə nəzarət edirik. Fikrimcə, Azərbaycan dövləti Laçın dəhlizi ilə bağlı ikinci addım atmalıdır.

Paşinyanın son aylarda danışıqlara hazır olmaları barədə Türkiyə ilə bağlı bəyanatlar verdi. Hətta Ermənistan XİN bəyanat verdi ki, Türkiyə ilə qeyri-rəsmi danışıqlar aparırıq. Hava məkanının açılmasını Türkiyə tərəfi də təsdiqləmişdi. Ermənistan tərəfi isə təkzib etdi ki, belə bir şey yoxdur”.

Ekspertin sözlərinə görə, Ermənistan cəmiyyətində revanşizm əhval-ruhiyyəli və sülh istəyənlər olmaqla müxtəlif fikirlər var: “Bundan əvvəl də Paşinyan Azərbaycan və Türkiyə haqqında müəyyən yumşaq sözlər deyirdi. Amma bunları diplomatik manevr kimi də qəbul etmək olar. Mən düşünmürəm ki, tezliklə sülh müqaviləsi bağlanacaq. Rusiya üçün maraqlıdırmı bu sülh müqaviləsi? Həmçinin Azərbaycanın maraqları təmin olunacaqmı? Paşinyanın konkret olaraq Ermənistan cəmiyyətini Azərbaycanla sülh müqaviləsini hazırlayır demək də çətindir. Sadəcə onun bu bəyanatı Azərbaycan tərəfinin atdığı addımlardan və Paşinyanın da məcbur olaraq bu hərəkətləri qəbul etməsindən irəli gəlir. Onsuz da yolun yarısına biz nəzarət edirik. Amma Koçaryanın Moskvaya çağırılması və s. məsələlər baxımından, Paşinyan ola bilsin ki, Ermənistan cəmiyyətini müəyyən mənada bu fikirlərlə sakitləşdirir, parlamentdə revanşist qüvvələri sülh müqaviləsinə hazırlayır. Amma hələ ki, sülh müqaviləsinin, xüsusilə Azərbaycanın istəklərinin bərpa olunmasını çətin görürəm. Həm də bilmək olmaz o müqavilədə nələr var”.

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır

Mənbə: ednews.net