Ermənilərin Oxçuçayı çirkləndirməsi Moldova mətbuatında

Moldovanın aparıcı “Tribuna” xəbər portalı Ermənistan tərəfindən Oxçuçayın çirkləndirilməsi barədə məqalə yayıb.

Bu barədə Modern.az-a Azərbaycanın Moldovadakı səfirliyindən məlumat verilib.

Məlumata görə, məqalədə qeyd edilir ki, ölkənin sərhəd çaylarının azərbaycanlı ekoloqlar tərəfindən monitorinqi zamanı məlum olub ki, Ermənistandakı bəzi sənaye müəssisələrinin kimyəvi tullantıları, Qacaran və Qafan zavodları tərəfindən ağır metalların, sənaye tullantılarının təmizlənmədən çaya axıdılması çay faunasını, ekosistemi məhv edir və insan sağlamlığı üçün son dərəcə təhlükə yaradır.

Bildirilir ki, Azərbaycanın yerüstü su ehtiyatlarının təxminən 70%-i qonşu ölkələrdə formalaşıb, transsərhəd su axınları hesabınadır, transsərhəd çay olan Oxçuçay Ermənistan ərazisində daim kəskin çirklənməyə məruz qalması Azərbaycanın əkin sahələrinin suvarılmasına və içməli su təminatına olduqca mənfi təsir göstərir.

Məqalədə vurğulanır ki, Oxçuçaydan 2021-ci ilin yanvar-iyun aylarında beynəlxalq və yerli laboratoriyalar tərəfindən götürülən su nümunələrində yüksək miqdarda ağır metal, xüsusən mis, molibden, manqan, dəmir, sink və xrom aşkar edilib.

Eyni zamanda, məqalədə çaylarının böyük bir hissəsinin Azərbaycan ərazisinə axdığı Ermənistanın hələ də Transsərhəd Su hövzələrinə dair Helsinki Konvensiyasına qoşulmadığı təəsüflə qeyd olunur, Oxçuçayın ekoloji böhranı və kritik vəziyyəti, o cümlədən Ermənistan tərəfindən davamlı çirkləndirilməsinə dair aidiyyatı qurumların məlumatlandırıldığı və bunun qarşısının alınması məqsədilə beynəlxalq təşkilatlara müraciət edildiyi bildirilir.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Hava kütlələri idarə olunur - azərbaycanlı ekoloq

SONRAKI XƏBƏR

"Bazel"in baş məşqçisi: "Qarabağ" bizdən üstün idi"