Paşinyan Türkiyədən gələn siqnalları dialoq mesajları kimi dəyərləndirməklə nə demək istəyir?..

“Ermənistan hökuməti dialoqun qurulması ilə bağlı Türkiyədən gələn siqnalları müzakirə etməyə hazırdır. Artıq bir sıra beynəlxalq tərəfdaşlar İrəvan və Ankara arasında dialoqun qurulmasına yardım etməyə hazır olduqlarını bəyan edib”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

Paşinyan Türkiyədən gələn siqnalları dialoq mesajları kimi dəyərləndirməklə nə demək istəyir?

Bəhruz Quliyev: “Bu bir növ “mən danışmağa hazıram” deməkdi, amma Paşinyan höküməti danışığa hazır olduğunu dildə yox, əməldə sübut etməlidir”

“Səs” Media Qrupunun rəhbəri, politoloq Bəhruz Quliyev “Bakı-Xəbər”ə bildirdi ki, regionda sülh, əminamanlıq, sabitlik hər zaman onun inkişafına xidmət edir. “Düşünürəm ki, nə vaxtsa hər hansı bir formada Ermənistan loyal mövqe tutarsa, bu məsələdən danışmaq olar. Biz buna dialoq deməyək, dialoq belədir - gücləri təqribən eyni olan dövlətlər arasında dialoqun aparılması şəklində tərəflər çıxış edə bilərlər. Amma bilirsiz ki, 10 noyabr bəyanatında Ermənistanın üzərində olan konkret öhdəliklər var, bəyanatda bu öhdəliklər tam dəqiqliyinə qədər göstərilib. Sadəcə olaraq, Ermənistan bu dialoqun reallaşdırılması üçün öz üzərinə düşən öhdəlikləri yerinə yetirməlidir və Ermənistanın razılaşmasına bu öz töhfəsini verməlidir. Ermənistan hər şeydən əvvəl o bəyannamənin bəndlərini yerinə yetirməlidir. Bu bəndlərdə göstərilən tələblər yerinə yetirilməlidir ki, ondan sonra hər hansı bir məsələni müzakirəyə çıxarmaq mümkün olsun. Sözsüz ki, region dövlətləri arasında qarşılıqlı münasibətlərin qurulması müxtəlif böyük, qlobal transmilli layihələrin həyata keçirilməsinə xidmət edəcək, eyni zamanda böyük layihələrdən müxtəlif dövlətlər öz payını götürəcək. Amma bir şərtlə ki, bu dövlətlərin hər biri regionda sabitliyə, regionun inkişafına öz töhfəsini versin. Amma destruktiv, yaxud dağıdıcı bir mövqe sərgiləməklə heç vaxt Ermənistan bu danışıqların predmeti ola bilməz”.

Ermənistan hökumətinin dialoqun qurulması ilə bağlı Türkiyədən gələn siqnalları müzakirə etməyə hazır olduğu fikrinə gəlincə, B.Quliyev bildirdi ki, Paşinyan buna hazır olduğunu demək istəyib: “Bu bir növ, “mən danışmağa hazıram” deməkdi, amma Paşinyan höküməti danışığa hazır olduğunu dildə yox, əməldə sübut etməlidir. Bu isə 10 noyabr bəyanatının yerinə yetirilməsidir. Ermənistan höküməti 10 noyabr bəyanatını yerinə yetirəcəksə, hansısa bir formada danışıqlar masasının ətrafında otura bilər. Yəni diqtə edən tərəf Ermənistan deyil, Azərbaycandır. Türkiyə də hər hansı formada bu danışıqlara vasitəçilik edəcəksə, qoy etsin”.

Samir Adıgözəlli: “Paşinyan demək istəyir ki, Türkiyə ilə əlaqələrin bərpasına nail olmaqda israrlıyıq və bu, Ermənistanın xilas yoludur”

İctimai Siyasi Proseslərin Beynəlxalq Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Samir Adıgözəlli isə bildirdi ki, Paşinyan höküməti Türkiyə ilə əlaqə yaratmağa çoxdan can atır, amma o zaman Azərbaycan əraziləri Ermənistanın işğalı altında olduğu üçün Türkiyə buna şərait yaratmırdı. “Paşinyanın bu açıqlaması təsadüfi deyil. İndiyə qədər dövlətçilik yarada bilməyən Ermənistan höküməti bəlkə indən sonra nəyəsə nail ola bilər. Bu gün Paşinyan Ermənistan hökümətinin dialoqun qurulması ilə bağlı Türkiyədən gələn siqnalları müzakirə etməyə hazır olduğunu bəyan etməklə Ermənistanın Türkiyə ilə yaxından əlaqə qurmaqda çox maraqlı oldunu demək istəyir. Paşinyan Türkiyə hökümətindən gələn siqnallara həssaslıqla yanaşdığını ortaya qoyub. O, bu gün Türkiyə ilə münasibətlərin qaydaya düşməsi üçün hər şeyə hazırdır. O buna nicat yeri kimi baxır ki, Ermənistanı dirçəldə bilsin. O yaxşı bilir ki, Türkiyə və Azərbaycanla əlaqələr, təmaslar qurulmasa, Ermənistan yenə də regional layhələrdən kənarda, təcrid vəziyyətdə qalacaq”.

S.Adıgözəllinin sözlərinə görə, Türkiyə ilə dialoq, təmas qurmağa nail olmaq, siyasi-iqtisadi, kommunikasiya əlaqələrini bərpa etmək üçün Paşinyan bütün vasitələrdən istifadə etməyə hazır olduğunu dolayısı ilə dilə gətirir: “Paşinyanın çıxışında hətta Ermənistanın Türkiyəyə qarşı qondarma soyqırım iddiasından da əl çəkməyə hazır olduğunu sezmək çətin deyil. Hazırda Ermənistan Rusiya vassallığından xilas olmaq, vətəndaşlarını ağ günə çıxarmaq üçün Türkiyənin atdığı hər bir humanist addımı yüksək dəyərləndirir. Ümimiyyətlə, Paşinyan öz ölkəsini xilas etmək üçün Türkiyə ilə istənilən dialoqa hazır olduğunu açıq göstərir. Çünki Ermənistanın başqa çıxış yolu yoxdur. Həm də Azərbaycan və Türkiyənin birgə davranışları, addımları Ermənistanı buna vadar edir. Paşinyan demək istəyir ki, Türkiyə ilə əlaqələrin bərpasına nail olmaqda israrlıyıq və bu Ermənistanın xilas yoludur, bu dialoqa dəstək verənlər öz yerində, bunun əleyhinə olanlar geri çəkilməlidir. Deyir ki, bu dialoqun qurulmasında bizə dəstək olan ölkələr var. Amma bunun əleyhdarları da olmamış deyil. Paşinyan, başda Rusiya olmaqla, bu əlaqələrin qurulmasına maneə törədən dövlətlərə “mane olmayın” mesajını da ötürüb” - deyə S.Adıgözəlli qeyd etdi.

İradə SARIYEVA

Bakixeber.com

ƏVVƏLKİ XƏBƏR

A.Merkel E.Makronla görüşüb

SONRAKI XƏBƏR

Yol tikintisi zamanı Roma legionerlərinin masaüstü oyunu tapıldı – FOTO