Yaponiyanın hakim partiyasında yeni liderin seçkiöncəsi kampaniyasına start verilib

Tokio, 17 sentyabr, AZƏRTAC

Yaponiyanın hakim Liberal Demokratik Partiyasında (LDP) yeni liderin seçkiöncəsi kampaniyasına start verilib. Onun, həmçinin Yaponiyanın yeni Baş naziri olacağı gözlənilir.

AZƏRTAC xəbər verir ki, sentyabrın 29-da keçiriləcək seçkilərdə dörd namizəd mübarizə aparacaq – inzibati islahatlar naziri Taro Kono, sabiq xarici işlər naziri Fumio Kişida, sabiq ədliyyə naziri xanım Sanae Takaiçi və keçmiş inzibati işlər və kommunikasiya naziri xanım Seyko Noda.

Bildirilir ki, namizədlər qeydiyyat prosedurunu başa vurandan sonra proqram çıxışlarını təqdim edəcəklər. Ölkədə koronavirus pandmiyası ilə əlaqədar fövqəladə vəziyyət rejimi davam etdiyinə görə namizədlərin küçə yürüşləri və mitinqlər nəzərdə tutulmur. Buna baxmayaraq, LDP-nin növbəti lideri özünü yeni formatda göstərmək imkanı qazanacaq. Yəni o, ictimaiyyətin sorğularını onlayn formatda cavablandıracaq. Bunun üçün xüsusi saytın yaradılması və orada səslənəcək sualların lotereya yolu ilə seçilməsi nəzərdə tutulur.

Qeyd edək ki, LDP yeni liderinin seçkiləri Baş nazir Yoşihide Suqanın səlahiyyət müddətinin başa çatması ilə əlaqədar keçirilir. O, bu vəzifəni ötən ilin sentyabrında sabiq Baş nazir Şinzo Abe gözlənilmədən istefa verdikdən sonra tutub. Y.Suqa könüllü olaraq seçkilərə qatılmaqdan imtina edib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Niderland Britaniyaya Aİ ilə təhlükəsizlik sahəsində razılaşma təklif edəcək

SONRAKI XƏBƏR

Bakıda mənzildə qadın meyiti tapıldı