Anjelika Trapeznikova: Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq Xəzəryanı regionda mühüm strateji əhəmiyyət kəsb edir

Anjelika Trapeznikova: Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq Xəzəryanı regionda mühüm strateji əhəmiyyət kəsb edir

Xəzəryanı ölkələr arasında yüksək səviyyəli tərəfdaşlıq, etimad, qarşılıqlı əlaqə mövcuddur və bu, təhlükəsizliyin və sabitliyin əsas qarantıdır. Hazırda təhlükəsizlik və sabitlik Xəzəryanı ölkələrin dövlət başçılarının V sammitində imzalanan Xəzərin hüquqi statusu barədə Konvensiya ilə müəyyən olunur. Təbii ki, bu, Xəzəryanı ölkələrin sıx qarşılıqlı fəaliyyəti, iqtisadi, nəqliyyat xarakterli məsələlərin həlli, xalqlarımızın həyat səviyyəsinin yaxşılaşdırılmasına kömək edəcək məsələlərin həlli üçün geniş perspektivlər açır.

“Şimal-Cənub” politologiya mərkəzinin icraçı direktoru Anjelika Trapeznikova AZƏRTAC-ın müxbiri ilə söhbətində Rusiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında, bu yaxınlarda Həştərxanda keçirilən Beynəlxalq Xəzər Mediaforumu və qarşılıqlı fəaliyyət perspektivləri barədə danışıb.

-Anjelika Sergeyevna, siz Azərbaycan ilə Rusiya arasında əməkdaşlıq səviyyəsini necə dəyərləndirirsiniz?

-Rusiya və Azərbaycan arasında əməkdaşlıq Xəzəryanı regionun sosial-iqtisadi inkişafı üçün, eləcə də regional təhlükəsizliyin təmin olunmasında mühüm strateji əhəmiyyət kəsb edir. Bu proseslərdə şəxsi amil böyük rol oynayır. Xüsusən etiraf etmək lazımdır ki, ciddi çağırışlara baxmayaraq, ölkələrimiz mürəkkəb məsələlərin operativ şəkildə həllinə bir çox hallarda ölkə rəhbərlərimiz arasında mövcud olan sıx və səmimi qarşılıqlı münasibət sayəsində nail olurlar.

-Xəzərin hüquqi statusu barədə Konvensiyanın imzalanması ilə regionda əməkdaşlıq yeni səviyyəyə çıxıb, müxtəlif formatlarda dialoqlar davam edir. Beş dövlətin nümayəndələrinin görüşlərində hansı mövzular müzakirə edilir?

-Beynəlxalq münasibətlərin konstruktiv sisteminin qurulmasında xalqlarımız arasında dostluq mühüm rol oynayır. Məhz buna görə Rusiyanın Xəzər regionunda xarici siyasətinin ən mühüm istiqamətlərindən biri öz qonşuları ilə humanitar əlaqələrin möhkəmlənməsidir. İlk növbədə, elmi, ekspert xətti ilə qarşılıqlı əlaqə üzrə. “Şimal-Cənub” politologiya mərkəzi bu dialoqun müntəzəm şəkildə dəstəklənməsi və inkişafından ötrü əlindən gələni edir.

Bildiyiniz kimi, bu il İkinci Xəzər İqtisadi Forumunun keçirilməsi planlaşdırılıb. Forum payızda Moskvada keçiriləcək. Bu iri tədbir bizdə yay ərzində baş tutan və Azərbaycandan olan tərəfdaşlarımızla birgə təşkil olunan bir sıra ekspert görüşlərinin keçirilməsi üçün stimul yaradıb. Biz cəmi beş beynəlxalq dialoq platforması keçirmişik, tədbirlərdə Xəzəryanı ölkələrdən tanınmış siyasətçilər, ictimai xadimlər iştirak edib. Görüşlərin mövzusu sənaye, turizm, ekologiya məsələlərinə həsr olunub, iqtisadi layihələr müzakirə edilib.

Bu günlərdə Həştərxanda iki irimiqyaslı beynəlxalq layihə başa çatıb. Bu, Xəzər Könüllülük Məktəbi və VI Xəzər mediaforumu idi. RF Prezident Qrantları Fondu və MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə keçirilən bu tədbirlərin təşkilatçıları qismində Həştərxan vilayəti hökuməti, “Xəzər-Avrasiya” Siyasi Araşdırmalar Mərkəzi və “Şimal-Cənub” Mərkəzi çıxış edib.

Son dövrlər Xəzərlə əməkdaşlığa təkcə regional ölkələr maraq göstərmir. Sonuncu Xəzər forumunda Özbəkistanın iştirakı yeni trendi təsdiqləyir. Belə ki, biz sərhədlərimizi genişləndiririk və artıq “böyük Xəzər” haqqında danışırıq.

-Bu ilin sonunadək hansı tədbirlər planlaşdırmısınız?

-İlin sonunadək Xəzər tematikası üzrə daha bir neçə tədbirimiz planlaşdırılıb. Bu, sentyabrın 28-də Rusiya Federasiyası Ticarət-Sənaye Palatasında keçiriləcək “Rusiya, Azərbaycan və İranın Xəzərdə əməkdaşlığı: sənaye kooperasiyası və tranzit potensialı” mövzusunda dəyirmi masadır. Biz, həmçinin “Böyük Avrasiya – sərhədsiz dialoq” mediaforumunun keçirilməsini müzakirə edirik. Tədbirlərdə Azərbaycan nümayəndələri də iştirak edəcək. Hələ ki, bu barədə təfərrüatı ilə danışmayacağam. Bizim mərkəz Azərbaycandan olan həmkarlarla əməkdaşlıq çərçivəsində xalqlarımız arasında dostluğun möhkəmlənməsi və ölkələrimizin tərəqqisi naminə Xəzərdə böyük iş aparır.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Mənbə: azertag.az