Berlində Almaniya azərbaycanlıları ilə görüş olub

Berlində Almaniya azərbaycanlıları ilə görüş olub

Almaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti Berlin şəhərində Almaniya Azərbaycanlıları Alyansının (AAA) toplantısında iştirak edib.

"Report" xəbər verir ki, tədbiri giriş sözü ilə Alyansın İdarə Heyətinin sədri, Bakı-Nürnberq Cəmiyyətinin rəhbəri Yaşar Musayev açıb. Toplantıda Azərbaycan və Almaniyanın dövlət himnləri səsləndirilib, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və Azərbaycanın Almaniya Federativ Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ramin Həsənov çıxış ediblər.

Almaniyada Azərbaycan icmasının daim fəal olduğunu, yaxşı təşkilatlandığını xatırladan Komitə sədri Prezidenti İlham Əliyevin tövsiyə və tapşırıqlarına uyğun olaraq müxtəlif ölkələrdə Azərbaycan diasporunun quruculuğu istiqamətində əhəmiyyətli işlər görüldüyünü və ciddi uğurlar əldə edildiyini bildirib, fədakar fəaliyyətə görə Alyansın İdarə Heyətinin üzvlərinə təşəkkür edib.

Komitə rəsmisi həmvətənlərimizi diasporumuzun birliyi və həmrəyliyi baxımından böyük əhəmiyyət kəsb edən Azərbaycan Evlərinin fəaliyyətində yaxından iştirak etməyə dəvət edib. “Azərbaycan Evləri soydaşlarımız üçün nəzərdə tutulub. Bu evlər həmvətənlərimizi birləşdirən məkandır. Hər kəsi Azərbaycan Evlərini tez-tez ziyarət etməyə dəvət edirəm. Onlar sizin evlərinizdir”, - deyə bildirib.

Azərbaycan həqiqətlərinin Almaniya ictimaiyyətinə çatdırılması istiqamətində diaspor təşkilatlarının təqdirəlayiq fəaliyyət göstərdiyini bildirən səfir, bu ölkədə təhsil alan tələbələrin diaspor hərəkatında fəallığını yüksək qiymətləndirib, icma üzvlərini dövlətimizin milli maraq və mənafelərinin qorunması məqsədilə fəal olmağa çağırıb.

Diaspor fəaliyyətinin milli-mənəvi dəyərlərimiz əsasında sistemli şəkildə həyata keçirilməsinin, lobbiçilik sahəsində hədəflərə doğru məqsədəuyğun şəkildə irəliləməyin, yerli KİV-lərlə sıx əməkdaşlığın önəmi və digər vacib məqamlar tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Toplantı Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətinə, diaspor nümayəndələrinin Şuşa səfərinə həsr edilmiş videoçarxların nümayiş olunması, eləcə də Alyansın fəaliyyəti barədə hesabatın təqdimatı ilə davam edib.

Daha sonra Alyansın İdarə Heyətinə seçkilər olub və 13 nəfər İdarə Heyətinə üzv seçilib.

Tədbir qarşıdakı mərhələdə görüləcək işlərlə bağlı fikir mübadiləsinin aparılması və tövsiyələrin verilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, AAA İdarə heyətinin sədri Yaşar Musayev Bakı-Nürnberq Cəmiyyətinin rəhbəridir. İdarə Heyəti sədrinin müavini Nuran Abdullayev Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktorudur. Digər sədr müavini Sevda Qəribova Berlin şəhər senatının nəzdindəki orta məktəbdə pedaqoq-təlimçi kimi fəaliyyət göstərir, alman dilini tədris edir.

Mənbə: report.az