Qərb Azərbaycana qarşı yeni təcavüz hazırlayır

Qərb Azərbaycana qarşı yeni təcavüz hazırlayır

Qərb var gücü ilə Cənubi Qafqazdakı təhlükəsizlik sistemini sarsıtmağa səy göstərir. Baxmayaraq ki, Asiya-Sakit okean bölgəsində yeni anqlosakson hərbi-siyasi blokun formalaşması fonunda ABŞ və Fransanın arasında başlayan qarşıdurmanın yaratdığı fırtınadan sonra “kollektiv Qərb” arxaik məfhumunun özü də artıq geosiyasətin efemer-illüzor anlayışları sırasına daxil olur. Can verən siyasət iri addımlarla dəyərlərdən məhrum, barbar, Versal imperialist bölgüsündən əvvəlki dünyaya doğru deqradasiya edir. Gözlərimiz önündə sanki böyük Marksın öncədən gördüyü, transmilli şirkətlərin dominant rol oynadığı kapital uğrunda yırtıcı mübarizənin zülmət mənzərəsi açılır.

Təkrar edirəm, dünya Yaltaya qədərki də yox, Versala qədərki qaydalara və dünya düzəninə qayıdır. O dövrə ki, böyük dövlətlər özlərinin imperialist və qəsbkar məqsədlərini gizlətmirdilər. Hökumətlərdən yuxarıda dayanan tənzim mexanizmləri ortadan qalxıb. Dövlətlərin qarşılıqlı münasibətləri isə beynəlxalq hüquqla yox, bir çox hallarda şifahi və hüquqdan kənar ikitərəfli öhdəliklərlə nizamlanır. Ötən əsrdə dünya ən azından iki dəfə elə təhlükəli vəziyyətə düşdü ki, bütün dayanıqsız sistemin böyük partlayışı və kollapsı baş verdi. Bizim dünyamızda elitaların səbatsız təbii özünüqoruma instinktindən və qüvvələrin tərəflərdən birinin xeyrinə pozulmuş kövrək balansından başqa saxlayıcı mexanizm və əks-təsir qüvvəsi qalmayıb.

Dünya Versaldan əvvəlki dünya düzəninə qədər deqradasiyaya uğrayıb

Gərgin beynəlxalq vəziyyət dünya dövlətlərində hakimiyyətin təbiətinin ifrat şəxsləndirilməsi ilə daha da dərinləşir - bu, hətta birbaşa xalq demokratiyaları adlandırılan ölkələrdə də belədir. Paradoksal da olsa, general Mark Millinin Trampın idarəçiliyi zamanı ABŞ-ın Çinə nüvə zərbəsi endirmək ehtimalının yüksək olduğu barədə etirafından sonra elektorat tərəfindən avantürist liderin təsadüfi seçiminin bütün risklərini dərk etməyə başlayırsan. Xüsusən də balansın və əks-təsirin olmadığı dünyada. Bu cür lider nüvə zərbəsi endirə və ya bütöv bir dövlətin ordusunu orta əsr taliblərinin ayaqları altına ata bilər.

Qəribə də olsa, elə çıxır ki, millətin təsadüfi səhvi ilə müqayisədə avtokrat liderlərin davranışını daha çox hesablamaq və proqnozlaşdırmaq olur. Xüsusən də hər xalqın səhv etmək hüququ var. Həmin səhv isə müasir dünya üçün dəhşətli fəlakətə çevrilə bilər.

Əgər Putin, Si Tszinpin və Ərdoğan oriyentirləri, məqsəd və dəyərləri olan, hesablanması və proqnozlaşdırılması mümkün xarici siyasət yürüdərək müttəfiqliklə bağlı öhdəliklərə sadiqlik nümayiş etdirirsə, Qərbin, ilk növbədə də Vaşinqtonun beynəlxalq siyasəti sinik və dəyişkəndir, odur ki, müttəfiqlərində də, rəqiblərində də sabahkı günə arxayınlıq yaratmır. Yəni, əgər Putin Ərdoğan haqqında “o, sözünün üstündə duran adamdır, baxmayaraq ki, bizim baxışlarımız fərqlənir” deyirsə, bu, nizamlayıcıların və beynəlxalq hüququn olmadığı dünyada iki dövlətin qarşılıqlı münasibətləri üçün ən etibarlı zəmanətdir. Ancaq Putin bu cür qiyməti Makrona və ya Baydenə verə bilməz. Çünki qarşısındakı ilk fürsətdəcə sözünü tutmayacaq…

Kişi sözünün üstündə durmalıdır...

Necə ki, Qərb dairələri tez-tez Azərbaycana münasibətdə öz sözlərini tutmurlar. Redaksiyamızın etibarlı mənbələrdən aldığı məlumata görə, ən yaxın zamanlarda Qərbdə, ilk növbədə isə Vaşinqton, Paris və Berlində Azərbaycanı, onun rəhbərliyini və hökumətin tanınmış simalarını gözdən salmaq üçün səs-küylü kampaniya başlayacaq. Qərb, xüsusilə də ABŞ bir qayda olaraq kəskin və iddialı təbliğat kampaniyalarına Azərbaycan hökumətindən istədikləri nəyisə ala bilmədiyi və ya nəyəsə nail olmadığı vaxtlarda başlayır. 2012-ci ildə, Bakıda taleyüklü prezident seçkiləri ərəfəsində, “Ərəb baharı”nın kulminasiyasında və “müsəlman qardaşlar”ın Şərqin bütün paytaxtlarında yürüşü zamanı da Vaşinqton siyasi sabitliyin pozulmasını Bakının “Torqovı” meydanına köçürməyə çalışmışdı.

Qərb dairələri özlərinin informativ-siyasi təxribatını “Avroviziya-2012” musiqi festivalı ilə bir vaxta salanda da Əliyev hökuməti üçün beynəlxalq diqqətin necə vacib olduğunu anlayırdılar. Və bu tramplindən 2013-cü ilin Facebook rəngli inqilabına keçərək böyük bayramı korlamağa çalışdılar.

Qərbə Cənubi Qafqaza Azərbaycan qapısından girmək nəsib olmadı...

Eyni ssenari 2015-ci ilin yayında tətbiq olundu. Parlament seçkiləri ərəfəsində və onunla bir dövrə düşən Avropa oyunlarını gözdənsalma kampaniyası ilə.

“Narazı elektoratın qar topası” taktikasının həyata keçirmək, hökumətə qarayaxma kampaniyasını Bakıdakı beynəlxalq əhəmiyyətli mədəni və idman hadisələrinə bənd etmək, Böyük Şərqdə sülh və sakitliyi dəfn etmiş rəngli inqilablar ruhunda sabitliyin pozulmasına cəhd kimi ssenarilər Qərb institutlarının Azərbaycanda təsirinin tam məhdudlaşdırılmasına qədər davam etdi.

Qərb anladı ki, Azərbaycanda vəziyyəti dəyişmədən Cənubi Qafqazdakı geosiyasi konfiqurasiyanı dəyişə bilməyəcək. Eyni zamanda Qərb açıq şəkildə Ermənistanın işğalçılıq səylərinə dəstək verərək Qarabağın azad edilməsinin yolunu hər üsulla kəsdi. Azərbaycan Vaşinqtonun son dərəcə güclü təzyiqi ilə 2016-cı ilin aprelində Qarabağı azad etməyə ilk dəfə cəhd göstərərkən toqquşdu. Və nəhayət, ikinci Qarabağ müharibəsi zamanı bütün Qərb (Böyük Britaniyanı çıxmaqla, ancaq ABŞ, Fransa və Almaniya daxil olmaqla) özünün xarici təcavüzə cavab vermək hüququndan yararlanan Azərbaycanın ünvanına hədələrlə çıxış etdi. Vaşinqton Bakını “münaqişənin Kosovolaşması” ilə hədələdi, Fransa qanunverici qaydada Qarabağdakı separatçı törəmənin müstəqilliyini tanıdı, Almaniya Makronla unison çıxış etdi…

Qərb Azərbaycanı separatçılıq alovu ilə də təhdid edirdi

Ancaq bölgədə Rusiya-Türkiyə kondominiumu və zamin rolunda Moskvanın çıxış etdiyi bölgədə etibarlı təhlükəsizlik sistemi Qərbin zərbələrini dəf etdi və bölgədə yeni düzənin transformasiyasına imkan yaratdı. Yeni geosiyasi şərait formalaşdı - burada Azərbaycan tamamilə dominant roldadır, uduzmuş və hörmətdən salınmış Ermənistan isə qapı arxasında qalıb.

Qərb siyasi texnoloqları Azərbaycanın beynəlxalq aləmdə hörmətdən salınmasının, onun dünyada və bölgədə rolunun zəiflədilməsinin, habelə ölkə daxilində sabitliyin pozulmasının yeni konsepsiyasını işləyərək tətbiq etməyə hazırlaşırlar. Bu vaxt Qərb yeni dalğaşəkilli daxili etirazlara, ənənəvi milli-demokrat güclərin fəallaşmasına, “sosial narazılıq” və siyasi tələblərlə silahlanan etirazçı elektoratın reanimasiyasına bel bağlayır. Və bu kampaniya üçün start qərb siyasi texnoloqlarının laboratoriyalarında hazırlanaraq Azərbaycanın informasiya məkanına və sosial şəbəkələrə sızdırılan “baş məqalələr” və “jurnalist təhqiqatları” olacaq. Bununla yanaşı tamamilə aydın görünən başqa məqsəd də güdülür - Rusiya sülhməramlılarının Qarabağdakı məsuliyyət zonasında guya ki, Azərbaycanın nəzarətinin itirilməsi fonunda ictimai şüura hər hansı məğlubluq hissini yeritmək və möhkəmlətmək.

Yəni, Qarabağ məsələsində parazitlik etməklə bağlı yeni plan hazırlanır. Azərbaycan ən yaxın günlərdə yeni sınaqla qarşılaşacaq.

Qərb dairələrinin yeni planından Azərbaycan hakimiyyətinin dəhlizlərində xəbərdardırlarmı? Və Bakı yeni təhlükənin qarşısını almaq üçün preventiv tədbirlər hazırlayırmı? Qərbin təcavüzünü Bakı bu dəfə necə dəf edəcək? Axı Qərb Cənubi Qafqaza yenə də İlham Əliyevin ağlı və uzaqgörənliyi sayəsində bu günədək inqilab və kataklizmlərdən qorunması mümkün olmuş Azərbaycanın qapılarından soxulmaq istəyir...

Mənbə: virtualaz.org