Co Bayden ilk dəfə BMT-də çıxış edib

Co Bayden ilk dəfə BMT-də çıxış edib

ABŞ Prezidenti Co Bayden dövlət başçısı olaraq ilk dəfə BMT Baş Assambleyasının iclasında çıxış edib.

Prezident dünya ölkələrinin qlobal problemlərlə üzləşmək üçün həmişəkindən daha çox əməkdaşlıq etməli olduqlarını vurğulayıb.

"Əfqanıstanda iyirmi illik münaqişə dövrünə son qoyduq və bu davamlı müharibə dövrünə son qoyaraq yeni bir davamlı diplomatiya dövrünə başladıq" - deyə, o bildirib.

Bayden beynəlxalq problemləri, xüsusən Hind-Sakit okean bölgəsi problemlərini həll etmək üçün çoxtərəfli qurumlardan istifadə etmək niyyətində olduğunu qeyd edib.

Ağ Ev rəhbəri ABŞ-ın hərbi gücündən yalnız son çarə olaraq istifadə edilməli bir vasitə olduğunu əlavə edib.

O, ABŞ-ın güclü dövlətlərin daha zəif dövlətlərə hakim olmaq cəhdlərinə müqavimət göstərəcəyini vurğulayıb.

Baydenə görə, ABŞ sülh məqsədləri güdən hər bir ölkə ilə əməkdaşlığa hazırdır.

O, xüsusilə ABŞ-ın Koreya yarımadasının nüvəsizləşdirilməsini tam şəkildə həyata keçirmək niyyətində olduğunu xatırladıb.

Bundan başqa, Bayden ABŞ-ın hələ də İranın nüvə silahı əldə etməsinin qarşısını almaq niyyətində olduğunu qeyd edib.

O, ABŞ-ın İsrailə dəstəyinin toxunulmazlığını və Yaxın Şərq probleminin iki dövlətli həllini dəstəklədiyini təkrarlayıb.

Bayde, xüsusilə Cənubi Sudan, Çeçenistan və Moldovadan bəhs edərək insan haqları, azadlıq və demokratiyaya riayət etmək uğrunda mübarizə aparan hər kəsə dəstəyini ifadə edib.

Prezident Birləşmiş Ştatların tezliklə COVID-19 pandemiyası ilə mübarizə üçün əlavə öhdəliklərini açıqlayacağını bildirib.

O, iqlim dəyişikliyi ilə mübarizə üçün inkişaf etməkdə olan ölkələrə beynəlxalq yardım proqramlarının maliyyələşdirilməsini iki dəfə artırmaq üçün Konqreslə işləmək niyyətində olduğunu qeyd edib.

Prezident Respublikaçı sələfi Donald Trampın irəli sürdüyü "Birinci Amerika" şüarı altında bir neçə ildən sonra Birləşmiş Ştatların dünyadakı tərəfdaşlarına etibarlı müttəfiq olaraq qaldığına inandırıcı sübutlar verməyə ümid edir.

Mənbə: www.realtv.az