Maris Peyn: AUKUS-da tərəfdaşlıq hərbi ittifaq deyil

Tokio, 22 sentyabr, AZƏRTAC

Avstraliya, Böyük Britaniya və ABŞ (AUKUS) arasında üçtərəfli tərəfdaşlıq texnologiyalar sahəsində mübadiləni nəzərdə tutur və iştirakçıların təhlükəsizliyinin qorunması üçün hərbi ittifaq və ya təhlükəsizlik paktı deyil.

AZƏRTAC xəbər verir ki, bu barədə bəyanatla sentyabrın 22-də Avstraliyanın xarici işlər naziri Maris Peyn çıxış edib.

Xanım nazir qeyd edib ki, AUKUS Avstraliyanın Hind-Sakit okean regionunda azadlıq, aşkarlıq, sabitlik, təhlükəsizlik və əhatəlilik kimi prioritetlərini bir daha vurğulamaq üçün dəyərli fürsətdir. AUKUS çərçivəsində razılaşmalar Avstraliyanın milli təhlükəsizliyinin və regionda sabitliyin bərqərar olması üçün daimi səylərimizi əhatə edir.

M.Peyn, həmçinin bəyan edib ki, AUKUS-un yaradılması ABŞ ilə münasibətlərdə Avstraliyanın milli maraqları üçün əhəmiyyətli nəticələr əldə etmək imkanı yaradır.

Xatırladaq ki, Avstraliya, Böyük Britaniya və ABŞ sentyabrın 15-də təhlükəsizlik sahəsində yeni tərəfdaşlığın yaradıldığını bəyan ediblər. Razılaşma çərçivəsində Avstraliya ABŞ texnologiyaları əsasında ən azı səkkiz atom sualtı qayığının inşa edilməsini, həmçinin öz silahlı qüvvələrini ABŞ qanadlı raketləri ilə təchiz etməyi planlaşdırır. Bu məqsədə nail olmaq üçün rəsmi Kanberra Fransa ilə 50 milyard avro məbləğində razılaşmanı ləğv edərək, onun ölkənin milli maraqlarına cavab vermədiyini bildirib. Bunun cavabında rəsmi Paris Avstraliya hökumətini qəsdən aldatmaqda ittiham edərək, Kanberra və Vaşinqtondakı səfirlərini məsləhətləşmələr üçün geri çağırıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

Azertag.az

ƏVVƏLKİ XƏBƏR

Ronaldu ən çox qazanan futbolçular siyahısında Messini üstələyib

SONRAKI XƏBƏR

İlin sonunadək 100 milyon peyvənd dozası istifadəyə yararsız hala düşə bilər