Gözlər Soçiyə dikilir: Nələr gözlənilir? - Beynəlxalq ekspertlər

Gözlər Soçiyə dikilir: Nələr gözlənilir? - Beynəlxalq ekspertlər

Axar.az ayın sonunda baş tutması planlaşdırılan Türkiyə və Rusiya liderlərinin görüşünün müzakirə mövzuları və nəticələri haqda dünyanın müxtəlif ölkələrindən olan ekspertlərin cavablarını təqdim edir:

Alman mütəxəssis Tobias Pfenniq:

“Putin və Ərdoğanın hazırda müzakirə edəcək çox vacib mövzuları var. Söhbət təkcə ölkələrdən və ya hərbi bazalardan deyil, bütün bölgənin gələcəyindən gedir. Diqqət həm Suriyada, həm Liviyada, həm Azərbaycanda, həm də Əfqanıstanda olacaq. Rusiya, İran və Türkiyə arasında üçtərəfli görüşlər başlayandan bəri Türkiyə Yaxın və Orta Şərqdə mühüm rol oynayır. Hazırda Rusiya üçün ən vacib şey Türkiyənin Suriyadan çıxarılmasıdır. Bu, Suriya Prezidenti Bəşər Əsədin Moskvaya Putinə son səfəri ilə də əlaqədardır. ABŞ Əfqanıstandan olduğu kimi, Suriyadan da çəkilərsə, Suriya Türkiyəyə yenidən “birləşdiriləcək”. O zaman Rusiyanın da ölkədən çıxmasını Türkiyə ilə koordinasiya etməsi lazım gələcək. Başqa bir vacib faktor, Türkiyə ilə Rusiyanın bir-birinə zidd göründüyü Liviyadır”.

Alman mütəxəssisin fikrincə, Ankaranın gündəmində Kabil hava limanında varlığını qorumaq cəhdləri ilə gələcəkdə rol oynamaqda maraqlı olduğu Əfqanıstan da var:

“Eyni zamanda Rusiya Əfqanıstanın neft yataqlarının istismarında maraqlıdır. Eyni şey Türkiyənin "bir millət, iki dövlət" olaraq gördüyü Azərbaycana da aiddir. Azərbaycan eyni zamanda Rusiya ilə İran arasında gələcək müqavilələrdə və Tehranı Moskvaya yaxınlaşdıracaq Avrasiya İqtisadi Birliyinə inteqrasiyada strateji əhəmiyyətə malikdir”.

Ekspert, həmçinin Türkiyə liderinin Putinlə görüşdə Zəngəzur dəhlizini açmaq üçün Ermənistana təzyiq göstərməyə məcbur edə biləcəyini də vurğulayıb.

Mərakeşli beynəlxalq əlaqələr professoru, ekspert İssam Laaroussi:

“Doğrudur, Türkiyənin xarici siyasət doktrinası Asiya ərazisinə nəzarətlə yanaşı, Qafqazdakı varlığını gücləndirməyə də yönəlib. Türkiyənin bölgədəki bu hegemon və funksional rolu Moskva tərəfindən pozulmayacaq, lakin rəsmi danışıqlarla, ehtimal ki, praqmatik bir razılaşma əldə edəcək. Birinci məsələ, Türkiyənin Bəşər Əsədi devirmək istəyən döyüşçüləri dəstəklədiyi Suriya məsələsidir. Rusiya on il davam edən münaqişədə Əsədin hakimiyyətdə qalmasına kömək etdi. Suriya böhranının son həlli Türkiyə və Rusiya üçün hansı sövdələşmələrin olacağını göstərəcək. Moskva bölgədəki paydaşlara silah satışını genişləndirərək, sərt gücünü genişləndirməyə çalışır. Türkiyə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemləri aldı, bunun ABŞ-ın Türkiyə müdafiə sənayesinə sanksiyalarına səbəb olmasına baxmayaraq, Türkiyə tərəfi ikinci partiyanı almaq üçün Rusiya ilə danışıqlar aparır”.

Pakistanlı akademik, xarici işlər və geosiyasət üzrə analitik Yasir Məsud:

“Türkiyə ilə Rusiyanın Qafqazda əməkdaşlığa dair razılığa gəlmə ehtimalı azdır. Hələlik ölkələr arasında heç bir sövdələşmə yoxdur, çünki Ermənistanın mövqeyi bunun üçün ciddi maneədir. Bu yaxınlarda Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda böyük qalmaqala səbəb olan bir açıqlama edərək, Türkiyə Prezidenti Rəcəb Ərdoğanla görüşmək niyyətində olduğunu bildirdi. Erməni millətçiləri hökumət başçısını vətənə xəyanətdə ittiham etdilər və bu, Ermənistanda vətəndaş müharibəsinin başlanması təhlükəsi belə yarada bilər. Ermənistan-Türkiyə fikir ayrılıqları həll olunmayana qədər Rusiyanın Qafqazda həm Türkiyə, həm də Ermənistanın mövqeyinə təsir etməsi ehtimalı azdır”.

Ekspert, həmçinin Suriya və Liviya münaqişələrində müxtəlif tərəfləri dəstəkləmələrinə baxmayaraq, Türkiyə və Rusiyanın müdafiə, enerji və turizm sektorlarında sıx əməkdaşlığının Soçi görüşü mövzularından biri olacağını qeyd edib.

Gürcü ekspert Gela Vasadze:

“Türkiyə və Rusiya liderlərinin görüşünün əsas mövzusu kritik vəziyyətdə olan İdlib olacaq. Ərdoğan, həqiqətən də Təhrir lideri Şam Culanini idarə etmir, ancaq onu rusların və Hizbullahun əlinə də verə bilməz. Çox sadələşdirilmiş şəkildə desək, hazırda vəziyyət belə görünür. Bunun fonunda bölgəmizdəki vəziyyət demək olar ki, “vegetariandır”.

Azərbaycanda Türkiyə hərbi bazasının yaradılmasının müzakirəsinə gəlincə isə ekspertin fikrincə, hərbi baxımdan buna ehtiyac yoxdur:

“Azərbaycan hücum vəziyyətində istənilən düşmənin ilk zərbəsini dəf edə biləcək qədər güclü Silahlı Qüvvələrə malikdir. Onu da unutmayaq ki, Türkiyə okeanın o başında deyil. Lazım gələrsə, türk qüvvələri ən qısa zamanda Azərbaycan ərazisində ola bilər. Həmçinin qeyd edim ki, bazanın yaradılması üçün Putinin razılığına ehtiyac yoxdur, Ərdoğanla Əliyevin bu mövzuda razılığa gəlməsi bazanın yaradılması üçün kifayət edər”.

Türk hərbi ekspert Həsən Məsud Öndər:

“Tərəflər arasında Suriya, Qarabağ, Liviya və bir çox bölgə ilə bağlı müzakirələr gündəmdədir. Bu görüşdə çox mühüm razılaşmaların əldə olunacağını gözləmirik. Ancaq əlaqə və dialoq kanallarının olması vacibdir”.

Mənbə: axar.az