Tacikistan portalı “Əsrin müqaviləsi”nin 27-ci ildönümü ilə bağlı məqalə yayıb

Tacikistan portalı “Əsrin müqaviləsi”nin 27-ci ildönümü ilə bağlı məqalə yayıb

Düşənbə, 22 sentyabr, АZƏRTAC

Tacikistanın “faraj.tj” portalı öz səhifəsində “Əsrin müqaviləsi”nin 27-ci ildönümü ilə bağlı tacik dilində məqalə yerləşdirib.

AZƏRTAC xəbər verir ki, yazıda 1994-cü il sentyabrın 20-də ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Bakıdakı “Gülüstan” sarayında Azərbaycanla dünyanın yeddi dövlətinin 11 neft şirkərti arasında (Amoco, BP, McDermott, UNOCAL, ГНКАР, ЛУКОЙЛ, Statoil, TPAO, Pennzoil, Ramco, Delta) “Əsrin müqaviləsi”nin imzalandığı bildirilir.

2001-ci ilin yayında Azərbaycan Prezidenti Heydər Əliyev hər il sentyabrın 20-də Azərbaycanda “Neftçilər Günü”nün qeyd olunması ilə əlaqədar Sərəncam imzalayıb.

Məqalədə Azərbaycanın neft strategiyası haqqında ətraflı məlumat verilir. Bildirilir ki, Xəzər dənizinin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması ilə bağlı Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri (1768 km), Bakı-Novorossiysk (1300 km), Bakı-Supsa (833 km) neft kəmərləri tikilib.

Materialda “Azəri”, ”Çıraq”,”Günəşli”, ”Şahdəniz”, ”Ümid”, ”Abşeron” yataqlarına qoyulan sərmayə, çıxarılan karbohidrogen ehtiyatları haqqında da məlumat verilir.

Yazıda Azərbaycan-Tacikistan əlaqələri haqqında da söhbət açılır, bildirilir ki, ölkələrimiz arasında energetika, nəqliyyat kommunikasiyaları və digər sahələrdə əməkdaşlıq ildən-ilə inkişaf edir.

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri

Düşənbə

Mənbə: azertag.az