İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

İcra katibi: "Azərbaycan MDB iqtisadi məkanında əhəmiyyətli yerə malikdir"

“Azərbaycan MDB-də fəal və konstruktiv rol oynayır. Ölkə rəhbərliyi müzakirəyə və sonradan icraya yönəldilən sənədlərin əksəriyyətinə müsbət yanaşır. Bu gün Azərbaycan MDB-nin iqtisadi inkişafında mühüm yerə malikdir”.

Bunu “Report”un Rusiya bürosuna MDB İcraiyyə Komitəsinin sədri – icra katibi Sergey Lebedev bildirib.

Diplomat qeyd edib ki, MDB-nin fəaliyyətində geniş yer tutan mədəni və humanitar sahədə bir çox mühüm tədbirlərə Bakı ev sahibliyi edir: “Həmçinin Azərbaycan dövlətlərarası humanitar əməkdaşlıq fondunun yaradılmasında da yaxından iştirak edib, fondun sədri vəzifəsində də uzun illər ərzində MDB məkanında böyük hörmət sahibi olan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu olub”.

“Azərbaycan xalqına əmin-amanlıq, səadət, rifah arzulayıram. Azərbaycanın MDB çərçivəsində əməkdaşlığımızda bundan sonra da yaxından iştirak edəcəyinə şübhə etmirəm” – deyə MDB icra katibi vurğulayıb.

Mənbə: report.az