ABŞ-da azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirdi - FOTO

ABŞ-da azərbaycanlılar BMT-nin binası qarşısında etiraz aksiyası keçirdi - FOTO

ABŞ-ın Nyu-York ştatında yaşayan soydaşlarımız Manhetten adasında, BMT-nin Baş Qərərgahı qarşısında “Azad olunmuş əraziləri minalardan azad et” tələbi ilə etiraz aksiyası keçiriblər.

“Report”un yerli bürosu xəbər verir ki, əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar və qərənfillər olan yüzlərlə həmvətənimiz BMT-nin önündə toplaşıb.

Aksiyada Azərbaycanın dövlət himni səsləndirilib, 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsinin şəhidləri bir dəqiqəlik sükutla yad edilib.

ABŞ-da təhsil alan azərbaycanlı gənclər və dərnək rəhbərləri çıxışlarında BMT-nin Ermənistanın işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana təhvil verməməsinə səssizlik nümayiş etdirdiyini bildiriblər. Həmin ərazilərdə ermənilərin basdırdığı minaların partlaması nəticəsində bu günə qədər yüzlərlə günahsız insanın faciəvi şəkildə həyatlarını itirdiyini vurğulayan natiqlər ABŞ ictimaiyyətini Kəlbəcərdə minaya düşərək şəhid olan jurnalistlər - Məhərrəm İbrahimov və Sirac Abışov haqqında məlumatlandırıblar. 

Çıxışlarda habelə beynəlxalq hüququn normalarını pozan Ermənistanın Azərbaycan torpaqlarında törətmiş olduğu cinayət əməllərindən danışılıb, beynəlxaq təşkilatdan ədalət tələb edilib. 

BMT-dən onun Azərbaycanla bağlı qətnamələrinə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımların atılması tələb olunub.

Ərazidən keçən diplomatlar və vətəndaşlar həmvətənlərimizə yaxınlaşaraq, baş verənlər haqqında məlumat alıblar.

Tədbirin sonunda azərbaycanlı musiqiçilərin ifasında "Qarabağ şikəstəsi" səsləndirilib.

ABŞ polisinin nəzarəti altında iki saat davam edən aksiya insidentsiz başa çatıb.

***

ABŞ-ın Nyu-York ştatında yaşayan soydaşlarımız Manhetten adasında BMT-nin baş qərargah binasının önündə etiraz aksiyası keçirirlər.

“Report”un yerli bürosu xəbər verir ki, aksiyanın keçirilməsində məqsəd 27 sentyabrda başlayan və 44 gün davam Vətən müharibəsi şəhidlərini yad etmək və BMT-nin Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə səssizlik nümayiş etdirdiyini Baş Assambleyanın 76-cı sessiyasının yüksək səviyyəli iclaslarına qatılan dünya liderlərinin və diplomatların diqqətinə çatdırmaqdır.

Əllərində Azərbaycan bayraqları, Qarabağ həqiqətlərinin əks olunduğu plakatlar, şəkillər tutan, şüarlar səsləndirən həmvətənlərimiz BMT-dən ədalət tələb edirlər.

Aksiyada çıxış edən gənclər BMT-dən qətnamələrə məhəl qoymayan təcavüzkar Ermənistana qarşı sərt addımlar atmaq tələb edirlər.

Etiraz tədbiri iki saat davam edəcək.

Vüsalə Abbasova

Mənbə: report.az