Paytaxt bayraqlarla bəzədilib - VİDEO

Paytaxt bayraqlarla bəzədilib - VİDEO

Ölkəmizin hər guşəsində, demək olar ki, qarşısından keçdiyimiz hər yaşayış binasının eyvanından asılan üçrəngli dövlət bayrağımız əslində bizə Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əmanətidir. Müstəqil Azərbaycanımızda dalğalanan bu bayraqlar həm də 44 günlük vətən savaşında böyük şücaət göstərən oğullarımızın qəhrəmanlığının sübutudur.

Digər tərəfdən, istisnasız Vətən Müharibəsi Azərbaycan xalqına zəfər sevincini bəxş etməklə yanaşı, xalqımızın qəhrəman oğullarını bir daha öz xalqına tanıtdı. Neçə-neçə igid oğullar vətən uğrunda haqq savaşının iştirakçısı, şəhid və ya qazi oldular. Sonunda zəfər çaldığımız bu müharibə Azərbaycan xalqının vətənə bağlılığını, onun üçün gözünü qırpmadan canından keçməyə hazır olduğunu bir daha nümayiş etdirdi. Elə paytaxt sakinləri də vətənimizin müdafiəsi uğrunda savaşaraq şəhidlik zirvəsinə ucalan igidlərimizin təkcə bir gün deyil, yaddaşlarda əbədi qalacağını bildirdilər.

Bəli, 44 günlük Vətən savaşında əldə etdiyimiz qələbənin nəticəsidir ki, bu gün Azərbaycanın üçrəngli dövlət bayrağı nəinki paytaxt küçələrində, həm də işğaldan azad olunan Qarabağ torpaqlarında qürurla dalğalanır. Heç şübhəsiz, bu da qorxu bilməyən oğullarımızın şücayətinin sayəsindədir.

Mənbə: www.realtv.az