Yaponiyada fövqəladə vəziyyət rejimi sentyabrın sonunda ləğv edilə bilər

Yaponiyada fövqəladə vəziyyət rejimi sentyabrın sonunda ləğv edilə bilər

Yaponiyada koronavirus pandemiyasına görə yayın əvvəllərindən tətbiq edilən fövqəladə vəziyyət rejimi sentyabrın sonunda ləğv oluna bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə Yaponiyanın səhiyyə, əmək və sosial təminat naziri Horihisa Tamura məlumat verib.

“Əgər vəziyyət belə davam edərsə, düşünürəm ki, fövqəladə vəziyyət rejimi aradan qaldırıla bilər”, – deyə nazir NHK telekanalına müsahibəsində bildirib. O, həmçinin əlavə edib ki, söhbət koronavirusdan əvvəlki dövrə qayıtmaqdan getmir. Bunun üçün uzun müddət lazımdır.

Xatırladaq ki, Yaponiyanın 19 prefekturasında hazırda davam edən fövqəladə vəziyyət rejimi sentyabrın 30-da başa çatır. Paytaxt Tokio da daxil olmaqla ölkənin əsas prefekturalarında bu rejim yayın əvvəllərində tətbiq olunub. Yaponiyada fövqəladə vəziyyət rejimi ictimai iaşə müəssislərinin vaxtından əvvəl bağlanmasını, burada spirtli içkilərin satışına qadağanı, kütləvi tədbirlərdə tamaşaçıların sayında məhdudiyyəti və iri şirkətlərin əməkdaşlarının 70 faizinin iş yerinə gəlmədən çalışmasını nəzərdə tutur.

Qeyd edək ki, Yaponiyada avqustda koronavirusun yayılması ilə əlaqədar vəziyyət gərginləşsə də, fövqəladə vəziyyətin davam etməsi və vaksinasiyanın sürətləndirilməsi nəticəsində yoluxanların sayında azalma qeydə alınıb. Belə ki, bir ay əvvəl gündəlik yoluxma sayının 5 minə çatdığı Tokioda ötən gün cəmi 258 yoluxma qeydə alınıb.

Hökumətin yaydığı son məlumatlara görə, artıq 67,2 milyon nəfərə (53,1 faiz) vaksinin hər iki dozası vurulub. Əhali arasında yaşı 65-dən yuxarı olanların 88,4 faizinə vaksinin iki, 89,9 faizinə isə bir dozası vurulub. Hesablamalara görə, vaksin vurdurmaq istəyən sakinlərin hamısı noyabrın sonunadək peyvənd ediləcək.

Vüqar Ağayev

Mənbə: azertag.az