"Ermənistan bu təxribatlara son qoymalıdır"

"Əslində, Vətən müharibəsinin bitməsindən qısa müddət sonra Ermənistan təxribatlara başladı. Bu baxımdan, Hadrut qəsəbəsində, Şuşa istiqamətində, Ağdam, Cəbrayıl, Zəngilan istiqamətində Ermənistan hərbi birləşmələrinin təxribatlarını xatırlamaq lazımdır". Bunu SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.

Onun sözlərinə görə, bugün də erməni tərəfinin təxribatları davam edir. Bir neçə gün bundan əvvəl Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusunun şəhid edilməsini buna misal göstərmək olar.

Bu haqda Ramil Məmmədli fikirlərini belə izah edib: "Ümumiyyətlə, Ermənistan məğlubityyətlə barışmaq istəmir. Qarabağdakı narazı erməni silahlı birləşmələri bəzi xarici dövlətlərin xüsusi xidmət dairələrinin təsiri altında və ya elə Ermənistan hökumətinin tapşırığı əsasında bölgədə təxribatlar həyata keçirir. Azərbaycan Silahlı Qüvvələri, əlbəttə, bunun qarşısını almaq üçün müəyyən tədbirlər həyata keçirir. Ən əsas məsələlərdən biri odur ki, Azərbaycan Silahlı Qüvvələri antiterror əməliyyatları istiqamətində müəyyən tapşırıqları artıq əldə edib.

Təxribatları bir neçə istiqamətdə analiz etmək olar. Ümumiyyətlə, təxribatları yerli erməni silahlı dəstələrinin təxribatları, Ermənistan rəsmi dairələrinin tapşırıqları əsasındakı təxribatlar, bölgədə maraqları olan dövlətlərin xüsusi xidmət orqanlarının tapşırıqları ilə həyata keçirilən təxribatlar kimi qruplaşdırmaq olar.

Ermənistan bu təxribatlara son qoymalıdır. Bunun üçün də ən vacib məsələ rus sülhməramlılarının nəzarətində olan və ermənilərin kompakt yaşadığı ərazilərdə hələ də mövcud olan silahlı dəstələrin çıxarılmasıdır. Rus sülhməramlıları bu öhdəliyi həyata keçirməlidir. Əks təqdirdə sülhməramlıların fəaliyyəti qənaətbəxş hesab oluna bilməz".

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Beyləqan rayonunda şəhid ailələri ziyarət olunub

SONRAKI XƏBƏR

Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır