Azərbaycanın Braziliyadakı səfiri işğaldan azad olunmuş ərazilərdə yeni biznes imkanlarından danışıb

Azərbaycanın Braziliyadakı səfiri işğaldan azad olunmuş ərazilərdə yeni biznes imkanlarından danışıb

Bakı, 20 oktyabr, AZƏRTAC

Cari ilin oktyabrın 18-də Azərbaycanın Braziliyadakı səfiri Elxan Poluxov yerli “O mundo diplomatico” informasiya agentliyinə Müstəqilliyin Bərpası Günü ilə əlaqədar müsahibə verib.

Azərbaycan Respublikasının Braziliya Federativ Respublikasındakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, müsahibədə ölkəmizin 30 il öncə iqtisadi və siyasi böhran, erməni işğalı və süverenliyimizi itirmək təhlükəsi ilə başlayan tarixi, ümummilli liderimiz Heydər Əliyevin xalq tərəfındən hakimiyyətə dəvət olunduqdan sonra bütün bunlara son qoyulması və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın regionun liderinə çevrilməsi barədə bildirilib.

44 günlük müharibə zamanı Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycanın qəhrəman əsgərlərinin otuz il davam edən erməni işğalına son qoyması da xüsusi vurğulanıb.

Müsahibə çərçivəsində, həmçinin 2012-ci ildən Braziliyada fəaliyyət göstərən səfirliyimizin fəaliyyətindən də söhbət açılıb. Səfir E.Poluxov bildirib ki, gələn il səfirliyin fəaliyyətinin on illiyi tamam olacaq və bu müddət ərzində ənənəvi iki və çoxtərəfli diplomatiyadan elm, mədəniyyət, idman, parlamentlərarası münasibətlər və bir çox digər sahələrədək işlər aparılıb və aparılır. Qeyd olunub ki, artıq ənənəyə çevrilmiş İRS jurnalının portuqal buraxılışı hər il işıq üzü görür və jurnalda həm Azərbaycan, həm də braziliyalı müəlliflərin məqalələri yer tapır. Həmçinin bu il dahi Nizami Gəncəvinin əsərlərinin biri tarixdə ilk dəfə portuqal dilinə tərcümə edilib dərc olunacaq və bu da xalqlarımızı mədəniyyət sahəsində daha da yaxınlaşdıran mühüm hadisəyə çevriləcək.

Həmçinin E.Poluxov iqtisadi sahədə inkişafda olan əlaqələrdən söz açaraq, Braziliyanın aparıcı şirkətlərini ölkəmizə dəvət edib və işğaldan azad olunmuş ərazilərdə mövcud yeni biznes imkanlarından danışıb. Sonra səfir bir daha agentliyin rəhbərliyinə bayram münasibəti ilə təbriklərə görə minnətdarlığını bildirib və xalqlarımıza uğur və inkişaf arzulayıb.

Mənbə: azertag.az