Tehranın Bakı "planı" puç oldu - amma onlar sakitləşən deyil

Tehranın Bakı "planı" puç oldu - amma onlar sakitləşən deyil

Cəmi bir neçə ay əvvəl İran İslam Respublikasının prezidenti ölkənin məhkəmə sisteminə rəhbərlik etdiyi dönəmlərdəki qərarlarına görə "Cənab Edam" kimi tanınan İbrahim Rəisi oldu.

O zaman bəlli oldu ki, İranın siyasi isteblişmenti və hakimiyyət elitaları "islahatçılar"ı tam məğlub edərək daha radikal, daha sərt siyasət yürütməyə başlayacaq.

Belə də oldu.

Tehrandakı teokratik rejim Yaxın Şərqdə və Fars Körfəzi ölkələrində proksi qüvvələri, "yumşaq gücü" vasitəsilə apardığı əməliyyatları daha da aktivləşdirdi.

44 günlük Vətən Müharibəsi zamanı və sonra Azərbaycanla bağlı yumşaq desək, həddən ziyadə mücərrəd və yarıtmaz mövqe tutan Tehran sonradan regionda mövqelərini bərpa etmək üçün Bakı ilə ultimativ dildə danışmağa başladı.

Əvvəl Ərdəbilinq imam cüməsi ayətulla Amuli ünvanımıza sərsəm bəyanatlar səsləndirib "Şirin quyruğu ilə oynamayın" dedi, sonra iranlı siyasətçilər, generallar, nazirlər, deputatlar, hətta bələdiyyə sədrləri sıraya qatılaraq hədyanlar söylədilər.

Azərbaycanla sərhəddə genişmiqyaslı hərbi təlimlər başladı, "Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinə yol verməyəcəyik" ifadəsi mantra kimi təkrarlandı.

Rəsmi Tehranın ritorikası tam absurd həddini belə keçərək, marazmatik fantasmaqoriya səviyyəsinə enmişdi.

Klerikal rejim güvəndiyi və əldə etməyət çalışdıqlarının heç birinə nail olmadı.

Tehran indi Bakı ilə münasibətləri normallaşdırmağa çalışır, "aramızdakı problemlər diplomatik yollarla çözülməlidir" deyir.

İranın yeni rəhbərliyinin yürütdüyü xarici siyasət tək Azərbaycanla münasibətləri yox, bütün qonşu ölkələrdə və bölgə dövlətləri ilə təmasları gərib.

Tehranın illərdən bəri yaratmaq istədiyi, nəzarətdə saxlamağa çalışdığı "qurşaq" dağılmaqdadır.

İlk əvvəl Cənubi Qafqaza nəzər salaq.

İranda və Ermənistanda az qala eyni vaxtda keçirilən seçkilərdə İbrahim Rəisi ilə Nikol Paşinyan qalib gələndən sonra Tehran baş verənlərdən dürüst nəticə çıxarmalı idi.

İrandakı klerikal rejim üçün Ermənistanda keçirilmiş parlament seçkilərində iqtisadi inkişaf və Ermənistanın girdabdan çıxarılmasına yox, yeni savaşa can atacaq şəxsin qələbəsi gərəkdi. Tehran Ermənistanın sabiq prezidenti, terrorçu Robert Köçəryanın qələbəsini az qala dördgözlə gözləyirdi.

Erməni cəmiyyətində Türkiyəyə və Azərbaycana qarşı olan mövqeləri nəzərə alsaq, Tehranın planları çox idi. Daha dəqiq olsaq, İran Ermənistandan vasitə və alət qismində yararlanmağa davam etmək istəyir.

Seçkilərdə Nikol Paşinyan qalib gəldi, Tehran dərhal, təcili olaraq ritorikasını dəyişib "Ermənistanla dost və qardaşıq" deyərək İrəvandakı hakimiyyəti ələ almaq üçün bütün vasitələrə əl atdı.

Tehranın İrəvanla gerçəkdən də çox sıx, aktiv və intensiv təmasları, əlaqələri və münasibətləri bəlli məsələdir, Polişinel sirridir.

İranı idarə edən klerikal rejimin son vaxtlarda Bakı ilə təmaslardakı kulbitləri daha maraqlıdır.

Belə ki, Azərbaycanın cənub sərhədlərində təlimlər keçirəndən sonra rəsmi Tehran xarici işlər naziri Hüseyn Əmir Abdullahian vasitəsilə Bakının ünvanına əvvəlcə sarsaq hədyanlar səsləndirdi, sonra ultimatumlar sıralandı, daha sonra Abdullahian Moskvaya yollanıb Rusiyadan dəstək istədi, arzuları puç olandan sonra isə "Bakı ilə aramızdakı kiçik anlaşılmazlıqları danışıqlar və müzakirələrlə aradan qaldıra bilərik" dedi.

İlk baxışdan rəsmi Tehran Bakıya ünvanlanmış ritorikasını yumşaldıb, konstruktiv mövqe tutmaq niyyətindədir.

Lakin gerçəkdən də, belədirmi?

Əsla.

Qarabağda Rusiyanın sülhməramlı kontingentinin müvəqqəti yerləşdirilmiş ərazidə erməni snayperin açdığı atəş nəticəsində 19 yaşlı hərbçimiz şəhid oldu. Ailənin tək oğlu Vətən üçün canından keçdi. Düşmənin bu rəzilliyi bölgədə situasiyanın yenidən gərginləşməsinə səbəb oldu, çünki Azərbaycan ordusu ermənilərin bu alçaqlığını cavabsız qoya bilməzdi.

Gərginlik indi azalıb, lakin Azərbaycan cəmiyyətində erməni terrorçuların ən ağır şəkildə cəzalandırılması tələbi ilə yanaşı, İranın hakimiyyət dairələrinə olan antipatiya hədsiz dərəcədə artıb.

İranın yaşanan olaylarda rolu istisna deyil.

Belə ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyasına və demarkasiyasnıa başlamaq, regional kommunikasiyaları və nəqliyyat marşrutlarını bərpa etmək niyyətində olduğunu deyib, hətta Zəngəzur dəhlizi ilə bağlı danışıqlara da hazırlığını vurğulayıb.

Paşinyan yeni savaş istəmir. Çünki yeni savaş onun parlament seçkilərindəki proqramının və indiki fəaliyyət strategiyasının əsas məqamı deyil. Məhz bu səbəbdən Ermənistandakı revanşist qüvvələrlə xarici ölkələrdəki erməni diasporu Paşinyanı "türklərlə razılığa gəlmək istəyi"ndə suçlayırlar.

Ancaq Paşinyanın istəyi heç də o demək deyil ki, Ermənistanın baş nazirinə məramlarını asanlıqla reallaşdırmağa imkan verəcəklər.

Qarabağda erməni snayperinin açdığı atəş göstərdi ki, bütün danışıqlar və sülhməramlı, adekvat qərarlar bir anda arxa plana düşərək hərbi əməliyyatların bərpası ehtimalını ön plana çıxara bilər.

Tehran isteblişmentindəki radikallara və müşafihzəkarlara Zəngəzur dəhlizinin işə düşməsi əsla gərək deyil. Ermənistanla Azərbaycan və Türkiyə arasındakı danışıqlarla müzakirələr intensivləşərsə, dəhlizin mümkün qədər tez gerçəkləşməsi qaçılmazdır.

Məhz bu səbəbdən Tehrandakı teokratik rejim bölgədə yeni savaşa nail olmasa da, situasiyanı ifrat gərginlikdə saxlamağa çalışır.

Ermənistanda İranın təsir imkanlarını, xüsusilə də erməni silahlı qüvvələrində sayları az olmayan daşnakların mənsub olduqları Erməni İnqilabi Federasiyaı-Daşnaksutyunla Tehrandakı bəlli dövlət qurumları və xüsusilə də təhlükəsizlik-kəşfiyyat strukturları arasında onillərdən bəri davam edən sıx təmasları nəzərə alsaq, daşnakların Ermənistandakı fəaliyyətlərini İran kəşfiyyatı ilə koordinasiyası ehtimalını birmənalı şəkildə istisna etmək olmaz.

Belədirsə, İran bölgədə itirilmiş mövqelərini qismən də olsa, bərpa etmək üçün hələ çox provokasiyalara əl atacaq.

Diqqətli və sayıq olmalıyıq.

Mənbə: news.milli.az