Paşinyan Moskvada Qərbə qarşı çıxdı: Bəs Oliver Varhenlə görüşdəki sözlər…

Bir neçə gün əvvəl Moskvada çox əlamətdar hadisə baş verib. Ermənistan Milli Təhlükəsizlik Xidməti Moskvada qəbul edilmiş, Qərbi pisləyən bəyanata qoşulub. Ermənistanın hazırkı hökuməti öz proqramında iddia edir ki, Ermənistan ABŞ və Fransa ilə strateji dialoqa və imtiyazlı münasibətlərə sahibdir, bunları dərinləşdirmək niyyətindədir.

Ancaq məlum olur ki, Paşinyan hakimiyyəti Milli Təhlükəsizlik Xidmətinin direktoru səviyyəsində bir neçə gün əvvəl Moskvada Qərbin xüsusi xidmət orqanlarının MDB ölkələrində, o cümlədən Ermənistanda sabitliyi pozmağa çalışdığı barədə razılığa gəlib.

Bu xəbər Rusiya Xarici Kəşfiyyat Xidmətinin yaydığı məlumatdan ortaya çıxdı.

Narışkinin rəhbərlik etdiyi qurum bildirib ki, bu yaxınlarda Moskvada MDB ölkələrinin təhlükəsizlik və kəşfiyyat xidmətlərinin rəhbərlərinin məsləhətləşməsi baş tutub, toplantıda Ermənistan da daxil olmaqla birliyə üzv olan bütün dövlətlərin nümayəndələri iştirak ediblər.

Rusiya tərəfinin məlumatına görə, həmin gün MDB ölkələrində təhlükəsizlik və sabitliyin təmin edilməsi sahəsində xüsusi xidmət orqanlarının qarşılıqlı əməkdaşlığı ilə bağlı məsələlər Qərbin qeyri-konstruktiv daxili fəaliyyəti və xaricdən “demokratiya”nın möhkəmləndirilməsi cəhdləri kontekstində müzakirə olunub.

Xüsusi xidmət orqanlarının rəhbərləri qeyd olunan proseslərin MDB ölkələrində daxili siyasi vəziyyətin sabitləşdirilməsinə yönəldiyi, sistemli və məqsədyönlü xarakter daşıdığı ilə razılaşıblar. Üstəlik qeyd olunur ki, bu prosesləri Qərbin xüsusi xidmət orqanları koordinasiya edir və “bu proseslərə qarşı çıxmaq üçün birgə səyləri aktivləşdirmək” barədə razılıq əldə olunub.

Qeyd edək ki, həmin gün Rusiya Prezidenti Vladimir Putinin də MDB xüsusi xidmət orqanlarının rəhbərləri ilə ayrıca video görüşü oldu. Yəni, Ermənistan MTX-nin bu addımı ilə rəsmi İrəvan hesab edir ki, Qərb ölkələrinin xüsusi xidmət orqanları qeyri-hökumət təşkilatlarını və beynəlxalq təşkilatları cəlb edərək Ermənistanda daxili siyasi vəziyyəti pozmağa çalışır. Bu, Paşinyan tərəfindən Qərbə qarşı açıq rusiyapərəst addımdır.

Halbuki, “Azadlq radiosu”nun qeyd etdiyi kimi, cəmi 3 ay əvvəl Paşinyan İrəvanda Avropa İttifaqının Genişlənmə və Avropa Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varheni qəbul edərkən vurğulamışdı ki, Brüssel tərəfindən İrəvana ayrılan 2,6 milyard avro dəstəyi “Ermənistan hökuməti böyük maliyyə vəsaitlərinin cəlb edilməsi imkanı yox, ölkəyə Avropa dəyərlərinin sərmayəsi olaraq qəbul edir”.

Beləliklə, Rusiyanın Xarici Kəşfiyyat Xidməti Ermənistandan razılıq alıb ki, Qərbin fəaliyyəti bu ölkələrin maraqlarına ziddir. Bu, kifayət qədər prinsipial məsələdir, İrəvan faktiki olaraq Kremllə ahəngdar şəkildə Qərbə qarşı addım atıb, daha bir sənədə qoşulub, Rusiya Prezidenti Vladimir Putinə öz sadiqliyini göstərib.

Qərb də əks addımlarını atır. ABŞ Müdafiə nazirinin Avropa ölkələrinə səfəri başlayır. Pentaqonun saytı bildirir ki, ABŞ Müdafiə naziri Lloyd Austin yaxın günlərdə Brüsseldə baş tutacaq NATO Müdafiə nazirlərinin toplanışı ərəfəsində Ukrayna, Gürcüstan və Rumıniyaya səfər edəcək.

NATO-nun yaydığı məlumata görə, Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv ölkələrin Müdafiə Nazirliklərinin rəhbərlərinin Brüsseldəki görüşünün əsas mövzularından biri Rusiyanın Qara dəniz regionunda sabitliyi pozan hərəkətləridir. Austin Ukrayna və Gürcüstan hakimiyyətlərinə bildirməyi planlaşdırır ki, üzvlük şərtlərinin yerinə yetirilməsi halında NATO-nun qapıları bu ölkələr üçün açıqdır.

“Oustin Gürcüstan və Ukraynada NATO-nun qapılarının açıq olduğunu qeyd edəcək, Ukrayna və Gürcüstan hakimiyyətlərini Şimali Atlantika Müqaviləsi Təşkilatına üzv olmaq üçün zəruri olan dəyişiklikləri etməyə çağıracaq”, - deyə ötən gün Pentaqonun mətbuat katibi bildirib.

“Biz Rusiyanın aqressiyasının hədəfində olan bu ölkələrin suverenliyini dəstəkləyirik və möhkəmləndiririk”, - deyə ABŞ Müdafiə Nazirliyinin nümayəndəsi qeyd edib.

Xatırladaq ki, sentyabr ayında Ukrayna Prezidenti Vladimir Zelenski ABŞ Prezidenti Co Baydenin Ukraynanın NATO-ya üzvlüyünü dəstəklədiyini bildirmişdi, lakin üzvlüklə bağlı qərarın yalnız ABŞ-dan asılı olmadığını əlavə etmişdi. Şimali Atlantika ittifaqı Tbilisi və Kiyevin üzvlüyünün yol xəritəsini hələ 2008-ci ilin aprelində müzakirə etməyə başlayıb, lakin buna sonra Almaniya və Fransa qarşı çıxıb, Gürcüstanın həll edilməmiş ərazi problemlərinin olduğunu, ukraynalıların böyük əksəriyyətinin isə NATO-ya üzv olmağa razı olmadığını əsas gətirib.

Bu ilin yayında Brüsseldə keçirilən ittifaq sammitində NATO liderləri Ukrayna və Gürcüstanın ittifaqa üzv olmaq hüququnu müdafiə etmişdilər, lakin bu ölkələrin əslində ittifaqa nə vaxt qoşula biləcəyini açıqlamamışdılar. Ötən həftə NATO Baş katibi Yens Stoltenberq bunun nə vaxt olacağını dəqiq deyə bilməyəcəyini bildirmiş, sabah olmayacağını əlavə etmişdi.
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda pandemiya ilə mübarizə aparan qadınlara fəxri adların verilməsi təklif edilir

SONRAKI XƏBƏR

Rayonlara gedən avtobuslarda da ödəniş KARTLA OLACAQ?