Erməni deputat: “Silahlı Qüvvələrin islahatının tamamilə gizli olması anlaşılmazdır”

Erməni deputat: “Silahlı Qüvvələrin islahatının tamamilə gizli olması anlaşılmazdır”

“Müdafiə Nazirliyində, Baş Qərargahda 44 günlük müharibəyə aid olan hadisələri, müharibənin gedişatını və ondakı məğlubiyyətimizin səbəblərini təhlil edib-etmədiklərini və yekunlaşdırıb-yekunlaşdırmadıqlarını anlamaq üçün müdafiə nazirinə müraciət etmişdim”. Ordu.az xəbər verir ki, bunu “Facebook” səhifəsində Ermənistan parlamentinin “Şərəfim var” fraksiyasının deputatı, təhlükəsizlik məsələləri üzrə erməni ekspert Tiqran Abrahamyan yazıb.

Onun sözlərinə görə, Ermənistan Müdafiə Nazirliyindən alınan məktubda qeyd olunur ki, Baş Qərargahda müharibə ilə bağlı hərətərəfli təhlil işləri davam edir.

“Müdafiə Nazirliyinin məktubunda təhlil işlərinin hələ başa çatmadığı qeyd olunsa da, növbəti cümlədə mənə təəccüblü şəkildə bildirilir ki, həmin bu başa çatmamış təhlil əsasında Ermənistan Silahlı Qüvvələrində dərin struktur və məzmun islahatları həyata keçirilir”, - deyə Abrahamyan qeyd edib.

Onun sözlərinə görə, bu məktubun bəlkə də ən qəribə hissəsi “Silahlı Qüvvələrin islahatlar prosesi nəşr mövzusu deyil” ifadəsidir: “Baş Qərargahın və ya Müdafiə Nazirliyinin struktur dəyişikliyinin qeyri-ictimai olmasını başa düşə bilərəm, amma Silahlı Qüvvələrin islahatının tamamilə gizli olması anlaşılmazdır”.

Abrahamyan bildirib ki, Ermənistanın müdafiə naziri onun Baş Qərargah rəisinə ünvanladığı məktuba cavab verib, Abrahamyanın ön xəttə səfərini məqsədəuyğun hesab etmədiyini qeyd edib.

“Ölkənin vəziyyəti budur, təhlükəsizlik blokunun simalarının ölkənin üzləşdiyi təhdidlərə münasibəti və məsuliyyətsiz davranışı budur”, - deyə Abrahamyan əlavə edib.

Mənbə: ordu.az