Deputatın təklifi qalmaqal yaratdı: “Bunlardan hər şey gözləmək olar”

Deputatın təklifi qalmaqal yaratdı: “Bunlardan hər şey gözləmək olar”

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin “Gender bərabərliyinin və qadın hüquqlarının təşviqində vətəndaş cəmiyyətinin rolu” mövzusunda keçirilən konfransda iştirak edib və çıxışı zamanı bildirib ki, kişilər ev işləri görən xanımlarına pul ödəməlidirlər.

Deputatın bu açıqlaması hamı tərəfindən birmənalı qarşılanmayıb. Bəziləri deputatın fikirlərinə haqq qazandırıb, bəziləri isə əksinə, bu fikrə qarşı çıxıb.

 

Musa Quliyev

İqtisadçı Nemət Əliyev də deputatın səsləndirdiyi sözlərlə bağlı müzakirəyə qoşulub və Bizimyol.info-ya açıqlaması zamanı bildirib ki, bunun normal izahatı yoxdur.

“Bu çox absurd fikirlərdir. Musa Quliyev çaşıb. Açığıı bu sözlərin onun öz fikri olması qənaətində də deyiləm. Görünür, deputatın orutub-durduğu camiada, çevrələrdə ölkədə yaranmış sosial-iqtisadi vəziyyəti Azərbaycan ailələrini zərbə altına qoymaq hesabına yoluna qoymaq istəyirlər. Belə çıxır ki, bunlar bir əməkhaqqından iki dəfə vergi tutmaq istəyirlər. Dövlət büdcəsini doldurmaqdan ötrü hər cür absurd vasitələrə əl atırlar.

Musa Quliyev bu cür təşəbbüslə çıxış edirsə, bunlar otutub müzakirə ediblər ki, gəlirlərin kəskin şəkildə azaldığı bir dövrdə ehtiyaclarını ödəmək üçün ailə başçıları xanımlarına əməkhaqqı versin və müəyyən rəqəmlər ortalığa çıxardıb vergi yığsınlar. Bunlardan hər şey gözləmək olar”.

İqtisadçı Azərbaycanda olan orta aylıq əməkhaqqının həddindən artıq aşağı olduğunu və bu məbləğin heç bir nəfərin də aylıq xərclərini ödəmədiyini bildirib.

 

Nemət Əliyev

“Azərbaycan kişilərinin qazancı sirr deyil. Ölkədə aylıq orta əməkhaqqı göstəricisi hazırda 725-726 manat həddindədir. Hazırkı bahalaşma şəraitində bu rəqəmlər çox aşağıdır. Çünkii qiymətlər fantastik dərəcədə yüksəlib. Marketlərdə 100 manat xərcləyirsən, amma görürsən ki, çantanın dibində bir şey yoxdur. Qiymətlərdə artım yüksək səviyyədədir. Bu orta aylıq əməkhaqqı göstəricisini alan insanların sayı isə azdır. Əhalinin çox hissəsi aşağı maaşla təmin olunub. Yəni 70-80 faiz əhalinin orta aylıq əmək haqqısı 300-400 manat aralığındadır. Hazırkı bahalaşma ilə müqayisədə bu göstərici heç bir nəfərin ay ərzində xərclərinə bəs etmir.

Azərbaycanda 5 milyondan çox əmək qabiliyyətli əhali var və onun 1,7 milyonu muzdlu işlə məşğuldur. 3 milyondan çox hissəsi əməkhaqqı almır. Həmin günü birtəhər keçirməklə məşğul olan insanlar özünü dolandıra bilmir, qaldı ki, evdə kiməsə maaş versin”,- deyə iqtisadçı bildirib.

Leyla Mirzə, Bizimyol.info

Mənbə: www.bizimyol.info