“İşləməyən qadın ailə büdcəsinə təxminən 500-600 manat xeyir verir”

“İşləməyən qadın ailə büdcəsinə təxminən 500-600 manat xeyir verir”

"Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev ev işlərinə görə kişinin xanımına məvacib ödənməsi təklifini məcazi mənada səsləndirib, çünki qlobal olaraq müzakirə edilən qadın problemlərindən biri də haqqı ödənilməyən qadın əməyidir. Ona görə də Musa Quliyevin təklifini zarafat obyektinə çevirmək lazım deyil. Misal üçün, Skandinaviya ölkələrində əmək fəaliyyəti ilə məşğul olmayan evdar qadınlara sosial müavinətlər verilir".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədr müavini Məlahət İbrahimqızı deyib.

O bildirib ki, Musa Quliyev qeyri-adi təkliflə çıxış etməyib, o, qlobal səviyyədə qəbul edilmiş problemi dilə gətirib: "Azərbaycanda həm qadın, həm də kişi işlədiyinə görə gəlirləri normal olan müəyyən ailələr ev işləri və ya uşaq baxıcılığı üçün köməkçi çağırır və onlara müvafiq olaraq aylıq təxminən 300 manat maaş verirlər. Belə qənaətə gəlmək olur ki, işləməyən qadın ailə büdcəsinə təxminən 500-600 manat xeyir verir. Ölkədə ailələrin mütləq əksəriyyətində ailənin maliyyə büdcəsini qadınlar idarə edir. Ənənələrimizə əsasən də kişi evin maddi cəhətdən dolandırıcısı, həmin maliyyənin xeyli hissəsinin idarəedicisi isə qadındır. Yəni, uşaqlara geyim almaq, toyu, qonaqlığı, evin ehtiyaclarını qarşılamaq kimi ehtiyacları müəyyən edir. Bu, Azərbaycanın ailə institutunun özünəməxsus yüksək cəhətidir. Azərbaycan ailələrində qadın müqəddəs varlıqdır, çünki azərbaycanlı xanımlar, doğrudan da, ailəsinə və uşaqlarına bağlı olurlar. Nəzərə almaq lazımdır ki, dinimizdə və qanunvericilikdə, həmçinin beynəlxalq hüquqda, habelə müxtəlif ailə məcəllələrinin heç birində qeyd edilməyib ki, ev işlərini görmək: paltar yumaq, uşağı məktəbə aparmaq və s. mütləq qadının borcu və ya vəzifəsidir. Əksinə, İslam dinində qadın bu problemlərdən azaddır. İslam dininə əsasən, bu məsələlərin həlli, yəni məsuliyyəti kişinin üzərindədir. Qadın əgər ev işləri görmək istəmədiyini bildirirsə, onu daş-qalaq etmək olmaz. Sadəcə olaraq, bizim adət-ənənələrə görə, ev işləri qadının boynundadır".

Parlament üzvü qeyd edib ki, İslam dininə əsasən, qadın yalnız 9 ay bətnində saxladığı körpəsini qorumağa məhkumdur: "Lakin azərbaycanlı qadınlar onsuz da ailəsinə şərəflə qulluq edir, xörək bişirmədən, ev işləri görməkdən zövq alır. Qadına ev işlərinə görə müəyyən məbləğdə məvacib ödəmək Azərbaycan üçün real görünmür, biz avropalı deyilik. Onsuz da Azərbaycanın normal düşüncəli ailələrində kişi qazandığı pulu xanımına verir və xanım da maliyyəni idarə edir. Qısacası, hesab edirəm ki, Musa Quliyevin həmin təklifi səsləndirməkdə məqsədi odur ki, biz evdar qadınların əməyini yüksək qiymətləndirməliyik. Yəni, qadının evdar olması onun boş-bekar olması mənasını vermir, o, ailə büdcəsinə xeyli xeyir gətirir. Həmçinin, evdar qadının övladına ayırdığı vaxtla, verdiyi məhəbbətlə çalışan qadınınkı eyni deyil. Təəssüf ki, iş qadınlarının övladlarını sevib-əzizləməyə, onlarla uzun-uzun söhbət etməyə vaxtları qalmır. Yeri gəlmişkən qeyd edim ki, Yaponiyada aparılan sosial tədqiqatların nəticələrinə əsasən, evdar qadınların faydası çalışan qadınların faydasından daha çoxdur".

Nəzrin Cavid

Mənbə: pravda.az