Üçtərəfli danışıqlarda “gizlənən şeytan...” - Perenciyev

Üçtərəfli danışıqlarda “gizlənən şeytan...” - Perenciyev

Rusiya hökumətinin saytında üçtərəfli işçi qrupunun iclasının nəticələri barədə məlumatın olmaması fikir ayrılığının aradan qaldırılması üçün kifayət qədər çətin işlərin görüldüyünü göstərir. Lakin yaxın vaxtlarda iclasın 2-ci hissəsinin baş tutacağı haqqında yaydıqları bəyanat onu sübut edir ki, birinci hissənin gedişində müəyyən perspektivlər nəzərdə tutulub və bundan sonra da danışıqlar aparılacaq.

Bu barədə Axar.az-a açıqlamasında Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, “Rusiya zabitləri” ekspert şurasının üzvü Aleksandr Perenciyev deyib.

“Diqqət yetirmək istərdim ki, 2-ci hissə məhz Azərbaycan, Rusiya və Ermənistanın Baş nazirləri müavinlərinin işçi qrupunun fəaliyyəti barədə öz hökumətlərinin iclaslarında məlumat verdikdən sonra baş tutacaq, Azərbaycan və Rusiya hökumət başçıları isə bu məsələləri dövlət rəhbərləri ilə razılaşdıracaqlar.

Burada realist olmaq lazımdır. Həddindən artıq pessimistlik kimi həddindən artıq optimistlik də işə yalnız zərər verə bilər. Necə deyərlər, “şeytan detallarda gizlənir”. Üçtərəfli Azərbaycan-Rusiya-Ermənistan danışıqlarında xüsusilə xırda detallar çox ciddi əhəmiyyət kəsb edir. Ola bilər ki, tərəflər niyyət protokoluna üz tutsun. Əslində, Vladimir Putin, İlham Əliyev və Nikol Paşinyanın 11 yanvar 2021-ci il tarixli bəyanatının davamı ilə bağlı 2021-ci ilin dekabrı - 2022-ci ilin yanvarında baş tutacaq üçtərəfli görüş üçün hazırlıq aparılır”, - o bildirib.

Bu yaxınlarda erməni “hərbçilər”in Ermənistana verilməsi ilə bağlı ekspert qeyd edib ki, bu, şübhəsiz ki, üçtərəfli görüş üçün müsbət amildir:

“Erməni hərbiçilərin Rusiyanın vasitəçiliyi ilə təhvil verilməsi isə, şübhəsiz ki, oktyabrın 20-də aparılan danışıqlar üçün daha əlverişli və rəsmi İrəvanın daha yumşaq mövqe tutmasına şərait yaratmalı idi”.

 

Mənbə: axar.az