II Qarabağ Müharibəsi iştirakçılarına maddi yardım ediləcəkmi? - ARAŞDIRMA

“Bir neçə gündən sonra biz Zəfərimizin bir illiyini qeyd edəcəyik. Veteran deyəndə sadəcə şəhid və qazi başa düşülməməlidir. Bu gün 44 günlük müharibədə iştirak edənlər Birinci Qarabağ müharibəsində iştirak edənlərdən fərqli olaraq müavinət almır. Büdcə müzakirəsi zamanı bu məsələ qaldırılmalıdır”.

 

APA TV xəbər verir ki, bu sözləri deputat Məlahət İbrahimqızı Milli Məclisin iclasında 2-ci Qarabağ Müharibəsi veteranları ilə bağlı çıxışında bildirib. Deputat təklif edib ki, veteranlarımız icbari tibb sığorta ödəməsindən azad olunsun və onların da sığortası dövlət tərəfindən qarşılansın.

 

Bəs görəsən Vətən Müharibəsində iştirak edən şəxslərə aylıq xüsusi müavinət və ya pensiya ayrıla bilərmi?

 

Millət Vəkili Fazil Mustafa sırf müharibədə iştirak etmək qarşılığında heç bir güzəşt və imtiyazların nəzərdə tutulmadığını deyir.

 

“Ayrıca, xüsusi bir yardım düşünülmür qanunvericilikdə. Yardım almaq üçün mütləq hansısa bir kateqoriyaya girməlidir. Əlildirlərsə, əlillik kateqoriyasında bu vəsaiti alacaqlar. Əlil deyillərsə, maddi təminatları aşağı olduğu təqdirdə sosial müavinət formasında müxtəlif kateqoriyada yardım alacaqlar. İşsizliklə bağlıdırsa, məşğulluq formasında 6 aylıq ödəniş – işlə təmin olunana qədər – yenə yardım alacaqlar”.

 

Millət Vəkili şəhid və qazi ailələri üçün ayrılan maddi yardımların bundan sonra da genişləndiriləcəyini deyir.

 

Hərbi ekspert Ədalət Verdiyev isə II Qarabağ Müharibəsi veteranlarının nəinki gələcəkdəki, hətta cari təqaüd və yardımlardan belə məhrum qaldığını bildirir. Onun sözlərinə görə, veteranlıq vəsiqəsinə sahib şəxslər bu statusun üstünlüklərindən yararlanmaqda çətinlik çəkir. Hətta bu vəsiqəni almağın özü də, müşkül məsələyə çevrilib:

 

“Hesab edirəm ki, hazırda ən aktual məsələlərdən biri veteranların vəsiqələrinin təsdiqlənməsi və onların işlə təmin olunması problemidir. Xatırladıram ki, veteranların sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi üçün dövlət büdcəsindən maliyyə vəsaiti də ayrılır. Veteranların respublika təşkilatları da dövlət hesabına maliyyələşir. Lakin veteranların bu yardımlardan nə qədər yararlana bilməsi isə şübhə altındadır. Şəxsən mən bu vaxta qədər həmin üstünlüklərdən yararlana bilməmişəm”.

 

Döyüşçülərimizə ayrılan maddi vəsaitin daha çox kommunal xərclər üçün hesablandığını deyən ekspert düşünür ki, Vətən müharibəsi iştirakçılarının birinci problemi veteranlıq vəsiqəsini almaqla bağlıdır.

 

Qarabağ Qazisi, Qazilər birliyinin rəsmi saytının baş redaktoru Rey Kərimoğlu isə deyir ki, veteranların tam ayrı kateqoriyası var:

 

“Şəhid olmuş qəhrəmanların öz statusu var, qazilərin öz statusu var. Veteranlar üçün isə tamam ayrı kateqoriya var. Həmin statuslar yaradıldıqca onlar da dövlət tərəfindən təmin edilir”.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Fazil Talıblı isə deyir ki, Müharibə iştirakçıları ən qısa zamanda özünüməşğulluq proqramına növbədənkənar cəlb edilir, kiçik ailə təsərrüfat və müəssisələrini qurmaları üçün aktivlərlə təmin olunurlar.

 

"Müharibə iştirakçıları haqqı ödənilən ictimai işlər proqramına ən qısa zamanda növbədənkənar cəlb edilirlər. Eyni zamanda, sosial iş yerlərində əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına ən qısa zamanda növbədənkənar cəlb edilirlər".

 

Gördüyünüz kimi, “Qarabağ müharibəsi iştirakçılarına maddi yardım ediləcəkmi?” sualı yenə də açıq qalır. Çünki I Qarabağ Müharibəsi veteranlarına müavinətlərin verilməsinə baxmayaraq, Vətən Müharibəsi iştirakçılarına maddi yardımların edilməsi hələ ki, nəzərdə tutulmur. Səbəbləri özündən də maraqlı olan bu məsələnin həllini nə vaxt tapacağı isə hələlik məlum deyil.

 

Mir Çingiz Ağazadə

Musa Qulammirzəyev

 

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Mehriban Əliyeva İlham Əliyevlə səmimi görüntüsünü paylaşdı - VİDEO

SONRAKI XƏBƏR

Onlayn narkotik satan daha bir dəstəyə hökm oxunub