Qələbədən sonra YAP-la əməkdaşlığa cəhd edən ölkələrin sayı artıb

Qələbədən sonra YAP-la əməkdaşlığa cəhd edən ölkələrin sayı artıb

Yeni Azərbaycan Partiyasında “Vətən Müharibəsi: “Prezident-Xalq-Ordu birliyinin möhtəşəm rəmzi” mövzusunda dəyirmi masa keçirilib.

APA TV-nin məlumatına görə, dəyirmi masada parlamentdə təmsil olunan siyasi partiya sədrləri, Milli Məclisin komitə sədrləri və deputatlar, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə Ulu öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

YAP Sədrinin müavini, Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, Azərbaycanın adının dünya siyasi tarixinə qalib ölkə kimi yazılmasında milli həmrəylik amili müstəsna rolu olub.

YAP Sədrinin müavini deyib ki, oktyabrın 25-də Türkiyənin hakim partiyası ilə YAP arasında videokonfrans formatında iclas keçiriləcək.

T. Budaqovun sözlərinə görə, qələbədən sonra YAP-la əməkdaşlığa cəhd edən ölkələrin sayı artıb.

Politoloq, Strateji və Beynəlxalq Araşdırmaları Mərkəzinin direktoru Eldar Namazov çıxışında deyib ki, qazanılan bu böyük qələbəyə tam qiymətin verilməsi üçün zaman lazım olacaq. O bildirib ki, artıq yeni müasir silahların alınması prosesinə start verilib. Politoloqun sözlərinə görə, artıq bölgədə rəqib Ermənistan deyil.

Keçirilən formatın inkişaf etdirilməli olduğunu deyən Respublikaçı Alternativ Partiyasının (ReAL) sədri İlqar Məmmədov bildirib ki, müharibənin yaratdığı yeni gerçəkləri müzakirə edilir. O bildirib ki, müharibədən sonra Azərbaycanda düzgün seçkilər keçirilməli, Avropa Məhkəməsinin qərarları icra olunmalıdır.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri (BAXCP) Qüdrət Həsənquliyev deyib ki, YAP-da aparılan islahatlardan sonra partiyanın canlanması digər siyasi partiyaların da aktivləşməsinə gətirib çıxaracaq.

Q. Həsənquliyev Azərbaycanın qələbə qazanmasında Rusiya-Ermənistanın münasibətlərinin gərgin olmasının da rol oynadığını vurğulayıb.

Xalqa reallıq hissini təlqin etməyin vacibliyini vurğulayan BAXCP sədri müharibə vaxtı Xankəndi şəhərinin niyə azad edilmədiyi barədə deyilənlərə də münasibət bildirib.

Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı sözlərinə görə, cəmiyyətdə ictimai gərginliyin pik həddə çatdığı zaman dialoq meydana çıxır. O bildirib ki, bu gün yeni dünyada siyasi ünsiyyəti dialoqsuz təsəvvür etmək olmaz.

Mənbə: apa.az