Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır?

Sudanda çevriliş: Afrikada hərbi müdaxilələr niyə artır?

Afrikada bir çox ölkə müstəmləkəçilikdən xilas olub müstəqilliklərini elan etdikdən sonra hərbi çevrilişlərə şahidlik edib. Son dövrlərdə isə qitədə yerləşən ölkələrdə hərbi çevrilişlər əvvəlkindən daha tez-tez müşahidə olunur.

 

Bu il Sudanda iki oxşar hadisə baş verib. Sentyabr ayında baş verən hərbi çevriliş cəhdi uğursuzluqla nəticələnib. Bu həftənin əvvəlində həyata keçirilən çevrilişdə general Əbdülfəttah əl-Burhan keçid hökumətini ləğv edib və hakimiyyəti tamamilə ələ keçirib.

 

Qvineyada prezident Konde sentyabr ayında hərbçilər tərəfindən devrilib. Malidə isə ordu 1 ildə iki dəfə müdaxilə edib, ən sonuncusu isə may ayında olub.

 

Mart ayında Nigerdə prezidentin andiçmə mərasiminə bir neçə gün qalmış dövlət çevrilişi cəhdinin qarşısı alınıb.

 

Afrikaya hərbi müdaxilələrin sayı artıb?

 

Çevriliş hərbi və ya digər mülki şəxslərin hökumətə rəhbərlik edən liderlərin hakimiyyətinə son qoymaq üçün həyata keçirdiyi qeyri-qanuni və açıq müdaxilədir.

 

Araşdırmaçılar 1950-ci illərin sonundan etibarən Afrikada 200-dən çox çevriliş cəhdinin olduğunu bildirirlər. Bu cəhdlərin təxminən yarısı uğurlu olub. Uğurlu dedikdə hakimiyyətə qələn qüvvələrin yeddi gündən artıq hakimiyyətdə qalması nəzərdə tutulur.

 

Qərbi Afrikada çevriliş cəhdlərinin ən çox həyata keçirildiyi ölkə Burkina Fasodur. Ordu ölkədə yeddi dəfə hakimiyyəti ələ keçirib, yalnız bir dəfə çevriliş cəhdi uğursuz olub.

 

Bəzən hərbi müdaxilə edənlər etdiklərinin “çevriliş” olmasını inkar edirlər. 2017-ci ildə Zimbabveyə hərbi müdaxilə ilə Robert Muqabenin 37 illik hakimiyyətinə son qoyuldu. Çevrilişə rəhbərlik edənlərdən biri general-mayor Sibusiso Moyo televiziyaya çıxıb hərbi müdaxilə olmadığını bildirib. Ekspertlər deyir ki, hərbçilər qanuni görünmək üçün etdiklərinin çevriliş olduğunu inkar edirlər.

 

1960-2000-ci illər arasında Afrika qitəsində orta hesabla dörd ildən bir dövlət çevrilişi baş verib. Ekspertlər qeyd edir ki, Afrika ölkələrində müstəqillikdən sonrakı qeyri-sabitliyi nəzərə alsaq, bu, təəccüblü deyil.

 

Qitədə 2000-2019-cu illərdə orta hesabla iki ildən bir dövlət çevrilişi baş verib. 2020-ci ildə isə cəmi bir çevriliş olub. 2021-ci il hələ başa çatmasa da, artıq 6 hərbi çevriliş və və bir çevriliş cəhdi yaşanıb.

 

Sudandakı son çevrilişdən əvvəl Çad, Mali, Qvineyada çevriliş, Niger və Sudanda hərbi müdaxilə cəhdləri olub.

 

Qeyd edək ki, BMT-nin baş katibi Antonio Quterreş sentyabr ayında “hərbi çevrilişlərin geri qayıtması” haqda xəbərdarlıq edib və beynəlxalq ictimaiyyəti hərbi müdaxilələrə qarşı birlik olmamaqda ittiham edib.

 

Sudan Afrikada ən çox dövlət çevrilişi və çevriliş cəhdi olan ölkədir. 17 çevriliş cəhdindən beşi baş tutub. Bu rəqəmə bir neçə gün əvvəl baş verən çevriliş daxil deyil.

 

Ümumiyyətlə, Afrika ən çox çevrilişlərin baş verdiyi qitədir. 2017-ci ildən bu yana dünyada yaşanan 11 çevrilişdən Myanmada baş vermiş çevriliş istisna olmaqla, hamısı Afrikada həyata keçirilib.

 

Akif İsmayılov

Mənbə: modern.az