"Bu məsələdə Azərbaycandan cavab gözləyirik" Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

"Bu məsələdə Azərbaycandan cavab gözləyirik" Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan

Ermənistanla Azərbaycan arasında demarkasiya və delimitasiya prosesinin başlanacağı sovet xəritələri ilə bağlı heç bir yeni məlumat yoxdur. Bu barədə yəni xəritə və demarkasiya məsələsində Ermənistan ictimaiyyətindən heç nə gizlədilməyəcək.

Metbuat.az erməni KİV-nə istinadla xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan hökumətdə keçirdiyi brifinqdə bildirib.

Bundan əvvəl mətbuatda sərhədlərin demarkasiyasının 1920-ci illərin sovet xəritələri əsasında aparılacağı ilə bağlı “sızıntı” yayılmışdı. Qriqoryan deyib ki, Ermənistan və Azərbaycan SSR arasında sərhədlərin demarkasiyası ilə bağlı ilk proseslər ötən əsrin 20-ci illərində başlayıb və sonralar bütün digər xəritələr bu əsasda tərtib edilib.

"Hazırda bu barədə məlumatımız yoxdur. Üçtərəfli işçi qrupu prosesin necə başlayacağını müzakirə edir. Hər hansı bir aydınlıq olan kimi ictimaiyyəti məlumatlandıracağıq", - Təhlükəsizlik Şurasının katibi əlavə edib. Qriqoryan 1920-ci illərdə xəritələrin erməni maraqlarına tərs olması ilə razılaşmayıb. Təhlükəsizlik Şurasının rəhbəri qeyd edib ki, eyni zamanda, bu dövrün xəritələri hüquqi qüvvəyə malik olan yeganə xəritələrdir.

Qriqoryan əlavə edib ki, Ermənistan əvvəllər dəfələrlə bəyan etdiyi kimi, demarkasiya və delimitasiya prosesinə hazırdır və Azərbaycan tərəfdən müsbət siqnallar gözləyir.

Xatırladaq ki, oktyabrın 23-də Valday Forumunda çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib ki, indi əsas məsələ Ermənistan və Azərbaycan sərhədində vəziyyəti nizamlamaqdır. Rusiya liderinin sözlərinə görə, burada Rusiyanın iştirakı olmadan heç nəyə nail olmaq mümkün deyil. O, qeyd etdi ki, ittifaq respublikalarının sərhədlərinin keçdiyi sovet xəritələri Rusiya Federasiyası Silahlı Qüvvələrinin Baş Qərargahındadır.

Gülbəniz Hüseynli 

Mənbə: metbuat.az