"Bütün dünya gördü ki, Türkiyə xalqı bizim yanımızdadır"

“Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfər etməsinin dünya miqyasında çox böyük əhəmiyyəti var”. Bu sözləri SİA-ya açıqlamasında deputat Eldar İbrahimov deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə dövləti yanaşı duraraq bir daha "bir millət, iki dövlət" olduqlarını bütün dünyaya bəyan etdilər: “Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan bu səfər zamanı cənab Prezident İlham Əliyev ilə birlikdə bir çox infrastruktur layihələrinin təməlqoyma mərasimində iştirak etdi. Bütün bunlar onu göstərir ki, Azərbaycan və Türkiyə prezidentləri, hər iki qardaş dövlət bir-birinin yanındadır. 44 günlük Vətən müharibəsi də bunun baris nümunəsidir.

Bildiyimiz kimi 44 günlük Vətən müharibəsində Türkiyə Azərbaycana mənəvi dəstək göstərdi. Hal-hazırda işğaldan azad olunan torpaqlarımızda da gedən böyük quruculuq, abadlıq işlərində də Türkiyənin də rolu var. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri bizim üçün çox qürurverici hadisədir. Bütün dünya gördü ki, millət olaraq Türkiyə xalqı bizim yanımızdadır və biz də onların yanındayıq. Təbii ki, bu iki qardaş dövlətin prezidentlərinin bir-birinə qarşı olan qardaşlıq münasibətləri xüsusilə qeyd olunmalıdır. Ümumilikdə cənab Rəcəb Tayyib Ərdoğanın Füzuli beynəlxalq hava limanının açılış mərasimində iştirak etməsi Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücü olduğunu bir daha sübut etdi”.

Arzu Qurbanzadə

Sia.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda bu şəxslər 4-cü doza vaksin vurdura bilər - RƏSMİ

SONRAKI XƏBƏR

Hafiz Hacıyevın SON VƏZİYYƏTİ açıqlandı