Azərbaycan-Ermənistan arasında 2 yekun müqavilə imzalanacaq

Politoloq: “ABŞ və Fransa il boyu Qarabağın statusu məsələsini çox fəal şəkildə təbliğ edirlər. Amma bir daha məlum oldu ki, onların Azərbaycanla Ermənistan arasında vəziyyətə güclü təsir aləti yoxdur”

 

Azərbaycan və Ermənistan liderləri İlham Əliyev və Nikol Paşinyan noyabrın 9-da Rusiya prezidenti Vladimir Putinin vasitəçiliyi ilə Qarabağ nizamlanması üzrə tarixi üçtərəfli bəyanatın imzalanmasından 1 il sonra yeni sənədlər imzalayacaqlar. Bu barədə bu günlərdə Ermənistan mətbuatı (“Aliq Media”) “etibarlı diplomatik mənbələrə” istinadən məlumat yayıb.

“Son anda fors-major vəziyyət yaranmazsa, demək olar ki, yekun olan 2 sənəd Vladimir Putinin vasitəçiliyi və iştirakı ilə Nikol Paşinyan və İlham Əliyev tərəfindən imzalanacaq”- məlumatda deyilir.

Nəşrin yazdığına görə, 1-ci sənəd Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyasına aiddir, ona əsasən, İrəvan və Bakı SSRİ Müdafiə Nazirliyi Baş Qərargahının 1920-ci illərdəki xəritələri əsasında bir-birinin sərhədlərini və ərazi bütövlüyünü tanıyır. Vladimir Putinin bu xəritələri xatırlatması təsadüfi deyil.

Nəşr iddia edir ki, Rusiya, Azərbaycan və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində bu yaxınlarda keçirilmiş görüş nəticəsində demək olar ki, yekun razılığın əldə olunduğu 2-ci sənəd regionda kommunikasiyaların, xüsusən də, dəhliz yollarının yaradılmasının təfərrüatları, o cümlədən Azərbaycan və onun bir hissəsi olan Naxçıvan Muxtar Respublikası arasında əlaqənin yaradılmasını nəzərdə tutur.

Oxşar məlumatı RİA Novosti də vəziyyətlə tanış olan mənbəyə istinadən yayıb.

Tanınmış politoloq, millətlərarası münaqişələr üzrə ekspert Yevgeni Mixaylov “Moskva-Baku” platformasına bu məlumatları şərh edib. Ekspertin şərhini təqdim edirik:

- Mən əminəm ki, Moskva yaxın vaxtlarda yenidən Azərbaycan və Ermənistan arasında yeni sazişin imzalanmasının qarantı kimi çıxış edəcək. Bu, ilkin və ya yekun sülh müqaviləsi ola bilər. Bu yaxınlarda Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağ nizamlanması ilə bağlı üçtərəfli bəyanatının imzalanmasının ildönümü qeyd olunacaq. Düşünürəm ki, Moskva bütün maksimum addımları atır ki, indi, 1 ildən sonra yekun sülh sazişi imzalansın. Ermənistanda çoxları imzalanmanın baş tutacağını fakt kimi danışır.

Məncə, Ermənistanın özündə insanlar gələcəklərinin yoxluğunu anlamaqdan yorulublar. Ermənistanın bütün cəhdləri- Fransanı, ABŞ-ı cəlb etmək, hansısa təxribatlar törətmək, KTMT-ni Azərbaycanla münaqişəyə cəlb etmək cəhdləri baş tutmadı.

Göründüyü kimi, Rusiya, Azərbaycan və Ermənistan liderləri tərəfindən imzalanandan sonrakı 1 il ərzində pərdəarxası danışıqlar 3 ölkə arasında ən yüksək və yüksək səviyyədə aparılıb. Və görünür, müvəffəqiyyətsiz deyil. Vladimir Putinin vasitəçiliyi ilə İlham Əliyevlə Nikol Paşinyan arasında mümkün görüş intensivləşmiş danışıqlar proseslərinin nəticəsidir. Ehtimal olunur ki, indi sənədlər imzalanacaq ki, bu da ilk növbədə Ermənistanın böhrandan çıxmasına, gələcəyə baxmağa imkan verəcək. Əgər Ermənistan sülh müqaviləsi imzalasa, o zaman onun qonşuları tərəfindən blokdan çıxmaq imkanı olacaq. Onun Azərbaycanla, Türkiyə ilə qarşılıqlı diplomatik və iqtisadi əlaqə imkanı yaranacaq.

Şübhəsiz ki, Vladimir Putin 10 dəfə belə görüşlər təşkil etməyəcək. Çünki bu qədər uzun müddət yalnız kiçik Ermənistan və onun problemləri ilə məşğul olmağın mənası yoxdur. Artıq Rusiya, Azərbaycan və Ermənistan arasında 2 saziş imzalanıb. Və əgər İrəvan onların icrasını gecikdirməsəydi, indi 3 ölkənin liderləri gəlib sülh müqaviləsini imzalayardılar. Və bölgə sülh və firavanlıq gözləyərdi. Amma Ermənistan bütün bu ili manevr etməyə çalışıb. Və ümid var ki, indi, noyabrda bütün məsələlər öz həllini tapacaq və Azərbaycan və Ermənistan münasibətlərində yeni səhifə açacaqlar.

Potensial yeni sazişin imzalanması birbaşa sübut olacaq ki, hər hansı intriqalara baxmayaraq, Qərbin Qarabağ nizamlanmasında Rusiyanın rolunu azaltmaq cəhdləri uğur qazana bilməyəcək. Moskva bir daha sübut edəcək ki, o, buna son qoyub, bütün prosesə rəhbərlik edib və onu uğurla sona çatdıra bilər. Bundan əlavə, üçtərəfli bəyanatın imzalanmasından keçən 1 il ərzində biz üçüncü ölkələrin heç birinin Əliyevlə Paşinyan arasında görüşlərin təşkilini öz üzərinə götürə bilməyəcəyini gördük. Rusiya həm bu münaqişənin həllini öz üzərinə götürüb, həm də bu məsələni öz nəzarəti altında sona çatdırır.

Müqayisə üçün qeyd edək ki, Azərbaycan üçtərəfli sazişin bütün şərtlərini yerinə yetirir və yeri gəlmişkən, Ermənistanı uzun müddətdir ki, yekun sülh sazişi imzalamağa çağırır. Qazanan Azərbaycandır, və o, prosesdə güclü tərəf kimi çıxış edir, daha zəif tərəfə əl uzadır.

İndi Rusiyanın əsas vəzifəsi Ermənistanı üçtərəfli sazişi həyata keçirməyə sövq etməkdir. Ermənistanın öz problemlərinin öhdəsindən təkbaşına gəlməsi çətindir. Amma Qarabağ nizamlanması məsələləri Rusiyanın vasitəçiliyi ilə müzakirə olunarsa və həll olunarsa, bu, təbii ki, başqa vəziyyətdir.

Putinin “Valday” forumundakı açıqlamasını gördük. O, açıq şəkildə bildirib ki, həm İlham Əliyev, həm də Nikol Paşinyan iradəli qərarlar verib və indiki siyasi situasiyadan yüksəyə çıxıblar. Moskva Ermənistan-Azərbaycan probleminin ritmini həmişə öz əlində saxlayıb. Rusiya verdiyi vədlərə əməl edərək regionu sülhə aparır.

İl ərzində Qarabağ nizamlanması ilə bağlı çoxlu təxribat xarakterli hallar olub. Bu baş verməməlidir, ancaq müharibələr bitəndə, münaqişəli ölkələr arasında münasibətlərdə müəyyənlik olmayanda belə hallar baş verir. Amma indi razılaşmalar imzalansa, qeyri-müəyyənlik bitəcək. Yekun razılaşma bütün təxribatları dayandırmalıdır. Qanunsuz erməni qruplarının təxribatlarını gördük. Və bu formasiyalar sülhə məcbur edilməlidir. Bu, yeni saziş üçün ilkin şərtlərdən biri olmalıdır. Ermənistan buna məcbur olacaq. Yeganə sual onun necə həyata keçiriləcəyidir. Amma qanunsuz birləşmələr Qarabağı tərk etməlidir.

Qarabağın statusuna gəldikdə. Əslində, Ermənistanın bu separatçı birləşməni tanımasına kim mane oldu? Əgər bunu tanısalar, daha çox problemlərin olacağını başa düşdülər. Təbii ki, heç vaxt status olmayacaq. Belə olmasaydı, Əliyev heç bir müqavilə imzalamağa getməzdi. Aydın mövqe var: Qarabağ Azərbaycandır. Bu isə beynəlxalq hüquq baxımından konkret bir mövqedir.

Hesab edirəm ki, indiki şəraitdə erməni diasporuna böyük təzyiqlər edilib ki, Ermənistanın siyasi rəhbərliyinin fikri Rusiya Federasiyası rəhbərliyinin fikri ilə üst-üstə düşsün. Ermənistan çox zəif dövlətdir, heç nəyə nəzarət etmir. Ermənistanın dövlətçilik əldə etməsi üçün isə sülh yolu tutması lazımdır.

Bütün münaqişələrdə kimsə nəyisə pedallayırsa, nəsə baş verirsə, Rusiya ərazisində əziyyət çəkən diaspor nümayəndələridir. İndi Ermənistan növbəti müttəfiq axtarışına başlasa, Rusiyadakı diaspora zərər görəcək. Diasporda nə qədər qisas qışqırsa da, sonda belə bir mövqe ilə diaspor nümayəndələri yenə də əziyyət çəkəcək. Və mən hesab edirəm ki, indi Rusiyanın ən varlı erməniləri Moskvadan müəyyən siqnal alıblar ki, onlar qisas ideyalarında israr etməməlidirlər.

Əgər yeni saziş imzalansa, ABŞ və Fransa yenə də yekun Qarabağ tənzimlənməsindən kənarda qalacaq. Vaşinqton və Paris heç vaxt Qarabağ nizamlanmasının “taxtasına” düşə bilməyiblər. Vladimir Putin “Valday”da ATƏT-in Minsk Qrupu həmsədrlərinin işinin bərpa oluna biləcəyini deyib. Bu, Qərbə bir mesajdır, bu yaxşıdır, biz bu formatda prosesi bərpa edə bilərik... Amma... artıq hər şey qərarlaşıb.

Təbii ki, Rusiyanın vasitəçiliyi ilə yeni müqavilə olarsa, heç bir Minsk Qrupundan və prosesdə digər oyunçulardan söhbət gedə bilməz. Düşünürəm ki, Moskva da bunda maraqlı deyil. O, həm prosesi öz əlinə alıb, həm də Fransa və ABŞ-ın iştirakı olmadan özü sona çatdıracaq.

ABŞ və Fransa il boyu Qarabağın statusu məsələsini çox fəal şəkildə təbliğ edirlər. Amma bir daha məlum oldu ki, onların Azərbaycanla Ermənistan arasında vəziyyətə güclü təsir aləti yoxdur. Niyə? Bəli, onlar uzaqdadırlar. Rusiya Cənubi Qafqazda öz sülhməramlılarını yerləşdirib. ABŞ, Fransa regiona belə yaxın deyillər. Nəticədə regionda ən güclü oyunçu Moskvadır və mən başqa heç kimin bu qayığa tullana bilməməsində təəccüblü heç nə görmürəm.

Yeri gəlmişkən, hətta İran indi geri çəkilir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov və iranlı həmkarı Hüseyn Əmir Abdullahyan arasında Moskvada keçirilən görüşdən sonra Azərbaycanla İran arasında gərginliyin azaldığı barədə məlumatların ortaya çıxdığını gördük. Burada nə deyə bilərəm, proseslərə Moskva təsir edir.

İl ərzində Qarabağ nizamlanmasında müşahidə etdiyimiz müxtəlif təxribatlara baxmayaraq, sülh gündəmi qalib gəlir. Tərəflərin başqa çıxış yolu yoxdur. İstənilən halda Moskvaya sərhədlərində gərginlik lazım deyil. Vəziyyəti sarsıdan digər tərəfdaşlarla kifayət qədər problemləri var.

 

Tərcümə - Elçin Bayramlı

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi" istiqaməti çərçivəsində hazırlanıb.

 

Sia.az

ƏVVƏLKİ XƏBƏR

“Türkiyədə Heydər Əliyevin də məzarı olsaydı, ziyarət edərdim” – Polad Həşimovun anası

SONRAKI XƏBƏR

Şəhid olacağını kağıza yazıb gizlədən 23 yaşlı igidimiz - VİDEO