Ermənistan prezidenti Səudiyyə Ərəbistanında nə əldə etmək istəyir?

Ermənistan prezidenti Səudiyyə Ərəbistanında nə əldə etmək istəyir?

Ceyhun Məmmədov: “Ərəb ölkələri nəzərə almalıdır ki, hələ Azərbaycanın Ermənistanla münasibəti normallaşmayıb”

Bu günlərdə Ermənistan prezidenti Armen Sarkisyan Səudiyyə Ərəbistanına işgüzar səfər edib. Erməni mediası xəbər verir ki, Ermənistan prezidentinin mətbuat xidməti bu səfəri misli görünməmiş hadisə kimi qiymətləndirib.

Sarkisyanın bu addımının Ermənistanın xarici siyasətində dönüş nöqtəsi olacağı qeyd edilir. “Ermənistanla Səudiyyə Ərəbistanı arasında diplomatik münasibətlər qurulmayıb, İrəvan rəsmiləri isə bu ölkəyə heç vaxt səfər etməyiblər. Beləliklə, Ermənistan prezidenti ərəb və islam dünyasında müstəsna rol oynayan dövlətə səfər edərək tarixi addım atıb” - Prezidentin mətbuat xidmətinin yaydığı bəyanatda deyilir.

Ermənistanin Səudiyyə Ərəbistanına bu şəkildə maraq göstərməsi və diplomatik əlaqələr qurmağa meyl etməsi maraq doğurur. Azərbaycan Prezidenti dəfələrlə müsəlman ölkələrinə çağırış edib ki, Ermənistanla əlaqə qurmayın, məsafə saxlayın. Təbii ki, bunun da səbəbləri bəllidir.

Bu gün yaranmış vəziyyət əsas yaradırmı ki, müsəlman ölkələri Ermənistanla müəyyən əlaqələr yaratsın?

Müharibə bitsə də, Ermənistan faktiki olaraq Azərbaycanin ərazi bütövlüyünü hələ tanımayıb, Azərbaycana qarşı əsassız ərazi iddialarından rəsmən imtina etməyib, sülh sazişi imzalanmayib, Azərbaycanın dini-mənəvi dəyərlərinə qarşı Ermənistan tərəfindən törədilən cinayətlər beynəlxalq hüquq müstəvisində lazımi qiymətini almayıb. Bütün bunlar olmayıbsa, Ermənistan hələ də Azərbaycanın ən azı milli-mənəvi dəyərlərinin, xüsusilə də islami dəyərlər qarşısında cinayətkar bir ölkədir. Cinayətkar bir ölkə ilə Səudiyyə Ərəbistanının əlaqə yaratması, əməkdaşliq etməsi necə başa düşülə bilər? Biz demirik ki, Səudiyyə Ərəbistanı, yaxud basqa müsəlman ölkələri Ermənistanla əlaqə qurmasunlar, qursunlar. Amma Ermənistanın Azərbaycanın dini dəyərlərinə qarşı törətdiyi cinayətlər lazımi hüquqi qiymətini alandan, Ermənistan bir daha belə cinayətləri etməyəcəyinə təminat verəndən sonra, bəli, Ermənistanla müsəlman ölkələri müəyyən əməkdaşlıqlara gedə bilər, amma hələlik Ermənistan bu addımları atmayıb.

“Ermənistanla münasibətlərini normallaşdırmaq məsələsində müəyyən qədər ehtiyatlı olmalıdırlar”

Mövzunu şərh edən millət vəkili Ceyhun Məmmədov “Bakı-Xəbər”ə bildirdi ki, bu, Ermənitsanın birinci cəhdi deyil: “Ermənistan uzun illərdir ərəb ölkələri ilə münasibətlər qurmağa çalışır. Bir sıra ölkələrlə də hazırda Ermənistanın çox yüksək səviyyədə əlaqələri var və bu əlaqələrin inkişaf etdirilməsi istiqamətində də səylə çalışır. Ermənistan mətbuatı bu ölkənin prezidentinin Səudiyyə Ərəbistanına səfərini şişirtməyə, böyütməyə cəhd edir. Bu birinci səfərdir və burada hansısa geniş əməkdaşlıqdan söhbət getmir, sadəcə bu, Ermənistanın təbliğat maşınının apardığı növbəti bir işdir ki, bu istiqamətdə çalışır. Bu, bu qədər böyüdüləcək bir səfər də deyil. Digər bir vacib məsələ isə ondan ibarətdir ki, ərəb ölkələri müsəlman ölkələrini nəzərə almalıdır. Ərəb ölkələri nəzərə almalıdır ki, hələ Azərbaycanın Ermənistanla münasibəti normallaşmayıb. Bu gün də Ermənistanda Azərbaycana qarşı revanşizm var, təhdidlər var. Ermənistan bizim məscidlərimizi, dini, tarixi abidələrimizi dağıdıb, indinin özündə də bu iddiadan, bu məqsəddən hələ ki, çəkilməyib. Ona görə də bu gün müsəlman ölkələri Ermənistanla münasibətlərini normallaşdırmaq məsələsində müəyyən qədər ehtiyatlı olmalıdır. Biz qələbə çalmışıq, amma o qələbənin çalınması o demək deyil ki, artıq Ermənistan istədiyinə nail olmaq üçün səylər göstərməyəcək. Yəni Ermənistanın təxribatı davam edəcək. Ona görə də bizim müsəlman ölkələrindən, dost ölkələrdən istədiyimiz odur ki, onlar da Ermənistana qarşı öz mövqelərini bildirsinlər. Yəni Ermənistana sual versinlər ki, niyə məscidlər, dini abidələr dağıdılıb, orada heyvan saxlanılıb? Hazırkı dövrdə hələ ki, münasibətlər normallaşmamış Ermənistana hansısa bir dəstəyi, yardımı göstərməsinlər, hansısa güclü əməkdaşlıq, əlaqə qurmasınlar. Çünki hələ də Ermənistan özünü yaxşı aparmır, hələ də Azərbaycana qarşı əsassız ərazi iddialarından əl çəkmir, revanşizmi, təxribatı davam etdirir, hələ də münasibətlər normallaşmayıb”.

C.Məmmədovun fikrincə, digər vacib məsələ odur ki, biz ərəb ölkələri, ərəb mediası ilə çox sıx işləməliyik. Millət vəkilinin sözlərinə görə, tez-tez ərəb televiziyaları və digər mətbuat vasitələri ilə ünsiyyətdə olmalı, orada informasiyalar yaymalıyıq, proqramlarda iştirak etməliyik. “Amma bəzən də ərəb mediasında müəyyən bir boşluğu görürük. Bu baxımdan, biz ərəb ölkələri ilə sıx işləməliyik. Mən qəbul edirəm ki, ərəb ölkələrinin bir çoxunda böhran var, çətinliklər var, amma nəzərə almalıyıq ki, düşmən bu ölkələrlə çox yüksək münasibətlər qurmağa çalışır. Biz də münasibətlərimizi qorumalıyıq, daha da inkişaf etdirməliyik. Digər bir məsələ isə odur ki, ərəb mediası, televiziya və radiosu ilə də sıx işləməliyik, ərəb ictimaiyyətini, ərəb dünyasını da erməni vəhşilikləri haqda daha geniş şəkildə məlumatlandırmalıyıq. Onlar bilsinlər ki, kiminlə, hansı formada bu işi görürlər və münasibəti necə qurmalıdırlar” deyə millət vəkili qeyd etdi.

İradə SARIYEVA

Mənbə: www.baki-xeber.com