Zəngəzur dəhlizilə bağlı Çinin, Rusiyanın və Avropa Birliyinin mövqeyi – AÇIQLAMA

Zəngəzur dəhlizilə bağlı Çinin, Rusiyanın və Avropa Birliyinin mövqeyi – AÇIQLAMA

“Türkiyə və Azərbaycan prezidentlərinin Qarabağa hər bir səfəri yalnız bu gün üçün deyil, həm də xalqlarımızın gələcək taleyi baxımından tarixi və siyasi əhəmiyyət daşıyır. Xüsusilə, Türkiyə prezidentinin işğaldan azad olunmuş Qarabağ torpağında ilk rəsmi qarşılanması Cənubi Qafqazın tarixində və bu bölgədə hadisələrin gələcək siyasi inkişafında mühüm rol oynayacaq siyasi fakt kimi dəyərləndirilməlidir”.

Bunu Bakıvaxtı.az-a Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, deputat Cavanşir Feyziyev bildirib.

Deputat qeyd edib ki, səfər zamanı səsləndirilən bəyanatlar bölgədə sülhün və qarşılıqlı əməkdaşlığın təşviq olunmasına yönəlib və bütövlükdə Cənubi Qafqaz bölgəsində təhlükəsizliyin davamlı xarakter alması üçün bölgə dövlətləri tərəfindən atılmalı olan addımların konturlarını müəyyənləşdirir: “Ayrılıqda Türkiyə prezidentinin Ermənistana mesajı ondan ibarət oldu ki, Ermənistan Türkiyə ilə münasibətlərini normallaşdırmaq istəyirsə, Azərbaycanla sərhədlərin delimitasiya və demarkasiyasının həyata keçirilməsini və sərhədlərin qarşılıqlı şəkildə tanınmasını qəbul etməlidir. Türkiyə prezidentinin bu yanaşması bu yaxınlarda Rusiya prezidenti V.Putinin Valday Forumunda səsləndirdiyi təkliflə üst-üstə düşür və beləliklə, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasında region dövlətlərinin mövqeyinin konsensus təşkil etdiyini görürük. Belə bir şəraitdə Ermənistanın fərqli bir yanaşma ortaya qoyması mümkünsüz görünür və əgər Ermənistan belə bir yol tutarsa, könüllü şəkildə uzun müddət üçün özü özünü siyasi və iqtisadi blokadaya məruz qoymuş olacaq”.

C.Feyziyev qeyd edib ki, Azərbaycan və Türkiyə prezidentləri bu səfər çərçivəsində Zəngəzur dəhlizinin başlanğıc seqmenti olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd yolunun təməlini qoydular: “Bu yaxın gələcəkdə Azərbaycanın Naxçıvanla birbaşa əlaqəsini təmin etməklə yanaşı həm də Azərbaycan-Türkiyə nəqliyyat əlaqələrinin bərpa olunması deməkdir. Daha geniş anlamda isə Zəngəzur dəhlizinin reallaşması bütün türk xalqları üçün türk dünyasını bir-birinə bağlayan qardaşlıq yolunun açılması deməkdir. Zəngəzur dəhlizinin əhəmiyyəti bununla da məhdudlaşmır. Avrasiya miqyasında qarşılıqlı əməkdaşlığın daha da canlanmasına xidmət edəcək bu dəhliz Çin, Rusiya, Avropa Birliyi kimi böyük iqtisadi-siyasi güc mərkəzlərinin də strateji maraqlarına xidmət edir. Azərbaycan və Türkiyə isə belə bir qlobal miqyaslı layihənin müəllifləri kimi və onun reallaşmasında əsas aktorlar kimi çıxış edirlər. Bütün bunlar dünya miqyaslı hadisələrdir və bu baxımdan Qarabağdakı Ərdoğan-Əliyev görüşlərini dünyanın gələcək inkişafına istiqamət verən tarixi hadisə kimi qiymətləndirmək lazımdır”.

Mənbə: www.cumhuriyyet.net