İran XİN başçısı Azərbaycanla hansı problemləri görür?..

İran XİN başçısı Azərbaycanla hansı problemləri görür?..

Abutalıb Səmədov: “Münasibətlərin daha da yumşalması üçün İran əlindən gələni etməlidir”

“Azərbaycanla İran arasındakı aşkar gərginlik mərhələsi başa çatıb". Bunu İranın xarici işlər naziri Hüseyn Əmirabdullahian oktyabrın 27-də Tehranda Əfqanıstanın qonşularının toplantısının yekununa həsr edilən mətbuat konfransında bildirib. O deyib: “Bizim Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla təmaslarımız olub. Fikirmcə, açıq gərginlik mərhələsini başa vurmuşuq. İki ölkə arasında olan problemlərin tədricən həll olunacağını ehtimal edirəm”.

Son vaxtlar İran rəsmilərindən Azərbaycana yönəlik yumşaldıcı ritorikadan istifadə edildiyinin şahidi oluruq. Təbiidir ki, İran istəyinə çata bilmədiyi üçün məmnun görünmür. Çünki gördü ki, Azərbaycanla diqtə dilində danışmaq yersizdir. Bu baxımdan İran rəsmisinin açıqlamasını nə dərəcədə əsaslı saya bilərik? Doğrudanmı, bizim aramızdakı konflikt tam həllini tapıb və hansı problemlərin çözülməsinə işarə edilir?

Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov “Bakı-Xəbər”ə açıqlamasında bildirdi ki, İranla Azərbaycan arasında az qala hərbi qarşıdurmaya səbəb ola biləcək gərginliyin başa çatdığını demək olar: “Ancaq bu heç də o anlama gəlmir ki, problemlər tam həllini tapıb. Həlli qalan problemlər hələ də mövcuddur. Həmin problemlər keçən əsrin 90-cı illərində aramızda müəyyən ziddiyyətlərə gətirib çıxardı. 2000-ci ildə bir neçə dəfə aramızda problem yarandı. İranın XİN rəhbərinin özü də etiraf edib ki, problemlərin tədricən aradan qaldırılacağına ümidli ola bilər. Azərbaycanla İran arasındakı problemləri kökündən həll etmək çox çətindir. Çünki gərginliyə səbəb olan başlıca amil aradan götürülməyib. İranı Azərbaycanın yürütdüyü müstəqil siyasət qane etmir. İranı Azərbaycanın özünə dost seçdiyi ölkələr qane etmir. İran regionda Türkiyənin nüfuzunun artmasından narahatdır və bunu qəbul etmir. Bütün bunlarda isə Azərbaycanı günahlandırır. Nəhayət, İran Azərbaycanın İsraillə münasibətindən çox narahatdır. Bunu hətta özünə yönəlik düşmənçilik kimi qəbul edir. Azərbaycan da özünün yaxın tərəfdaşlarını dəyişmək fikirində olmadığını bəyan edir. Təbiidir ki, bizi də İranın apardığı siyasət qane etmir. Xüsusilə də onun Ermənistanla münasibəti heç həmin ölkənin quruluşuna uyğun deyil. Bir tərəfdən İslam təəssübkeşi olduğunu bəyan edir, digər tərəfdən məscidləri dağıdan həmin ölkə ilə dostluq edir”.

Partiya sədrinin sözlərinə görə, İran dərk etməlidir ki, əzələ nümayişi fayda verməz: “Bunu İran aydın gördü. Başa saldıq ki, biz ötən əsrin 90-cı illərində olan ölkə deyilik. Heç kim bizimlə diqtə ilə danışa bilməz. Azərbaycan iqtisadi, hərbi cəhətdən güclənməklə yanaşı, həm də özünə etibarlı müttəfiqlər qazanıb. Bura Türkiyə və Pakistan kimi ölkələri aid edə bilərik. Münasibətlərin daha da yumşalması üçün İran əlindən gələni etməlidir. Çünki vəziyyəti bu həddə salan İran olub. İki qonşu ölkə kimi mehriban münasibət bizi də qane edir. Bunun üçün ölkələr bir-birinin daxili işlərinə müdaxilə etməməlidir. Heç bir ölkə balaca anlaşılmazlığı sərhəddə hərbi təlim keçirmək həddinə gətirib çıxarmır. Onlar da hər şeyi başa düşüb. Dostluq səviyyəsində olmasa da, yaxın qonşu kimi münasibətlərimizi davam etdirməliyik”.

Məhəmmədəli QƏRİBLİ

Mənbə: www.baki-xeber.com