İrəvanın ABŞ ümidləri puç oldu, Rusiya bu xəyanətləri bağışlayacaqmı…

İrəvanın ABŞ ümidləri puç oldu, Rusiya bu xəyanətləri bağışlayacaqmı…

Son dövrlərdə Ermənistanda anti-Rusiya meylləri yenidən özünü qabarıq büruzə verir. Əksər ekspertlər qeyd edir ki, bu məsələdə rəsmi İrəvan da maraqlıdır. Səbəbə gəlincə, hesab olunur ki, Ermənistan Rusiyanın orbitindən çıxaraq Qərbə meyillənmək istəyir.

Bu arada onu da qeyd edək ki, İrəvanda ABŞ səfirliyi qarşısında Vudro Vilson verdiktinin ildönümü ilə bağlı “minnətdarlıq mitinqi” keçirilib. Səfirliyə təqdim olunmuş və prezident Co Baydenə ünvanlanmış məktubda təşkilatçılar ABŞ-ı Ermənistana daha aktiv dəstək verməyə çağırır və Rusiyadan şikayətlənirlər. Aksiyada səslənən bəzi şüarlar da xüsusi diqqət cəlb edir: “Bizim xilasımız ABŞ və Qərbdir!”, “Amerika Ermənistana dəstək verə bilər və Rusiya ilə Türkiyənin güclənməsinin qarşısını alar”, “Ruslar burnundan uzağı görə bilmir, Amerika isə 100 il əvvəli proqramlaşdırır”, “Ermənistanda Vudro Vilsonun abidəsi qoyulmalıdır”, “Amerika kömək etmək istəyir, amma ona imkan vermirlər” və sair. Bu yanaşma Rusiyada ciddi narazılıq yaradır. Amma ermənilərin ABŞ-a meyllənmək niyyətinə Vaşinqtondan heç də adekvat reaksiya verilmir. Bunu ABŞ-ın Hudson İnstitutunun eksperti Riçard Vaytz da təsdiq edir. O xatırladır ki, Azərbaycanla Ermənistan arasında 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra gərginliklər davam edir: “Vəziyyət qeyri-sabit görünür. Ötənilki döyüşlər bəzi məsələləri həll etsə də, yeni problemlərə də yol açıb. Aydındır ki, ermənilər ötənilki döyüşlərin nəticələrinin çoxundan narazıdır və onları dəyişmək istəyirlər. Və bəlkə də onların bunu etmələrinin ən yaxşı yolu vəziyyəti tarazlaşdırması üçün beynəlxalq ictimaiyyəti cəlb etməkdir. Belə görünür ki, azərbaycanlılar ümumilikdə nəticədən razıdır, amma onlar hələ də Türkiyəyə və Naxçıvana birbaşa çıxış və sərhədlərin demarkasiyası kimi bəzi məsələlərlə bağlı erməni tərəfinə təzyiq göstərirlər. Rusiya, hələ ki, münaqişəyə cəlb olunan ən böyük qüvvədir. Rusların məqsədlərini müəyyən etmək hər zaman bir az çətindir. Amma ümumilikdə, Rusiya əsas xarici vasitəçi olaraq qalmaq istəyir. Kreml Ermənistanı hərbi müttəfiq olaraq saxlamağa və Rusiyanın Ermənistandakı hərbi bazalara çıxışını təmin etməyə çalışır. Amma eyni zamanda, Rusiya Azərbaycanı da uzaqlaşdırmaq istəmir, Qərb ittifaqından uzaq tutub, özünə daha yaxın saxlamaq istəyir. Bu isə o qədər də asan deyil, çünki digər dünya qüdrətləri də məsələyə cəlb olunub, əsasən də Türkiyə. Türklər azərbaycanlılarla çox yaxındırlar, amma eyni zamanda Ermənistanla müəyyən mənada barışmaq üçün imkanlar axtarırlar. Qərb tərəfdən də ABŞ və Avropa regionda böyük rol oynamır. Amma təəccüblüdür ki, İran da oynamır”.

Məlumdur ki, Azərbaycan və Ermənistan prezidentləri noyabrın 26-da Rusiya dövlət başçısının ev sahibliyi ilə görüş keçirəcək. Moskva 44 günlük müharibədə böyük rol oynamasa da, həm keçənilki savaş, həm də ən son döyüşlər Rusiyanın vasitəçiliyi ilə sonlanıb. Buna paralel olaraq Rusiya regiona sülhməramlılarını yerləşdirib. Məsələnin bu tərəfinə nəzər salan amerikalı ekspert qeyd edir: “Rusiyanın fəallığı fonunda Qərb də regionda fəallığa can atır. Mən düşünürəm ki, ermənilər, ən azından, başqa qüdrətlərin müdaxiləsini qəbul edər. Azərbaycanlılar da bəlkə Rusiyanın regiondakı təsirini azaltmaq istəyər. Amma Avropa İttifaqı və ABŞ baş verənlərə çox təsir göstərə bilməyib. Onlar hər iki tərəfin istədiyi razılıqların əldə olunmasına vasitəçi olmağı təklif edə bilər. Məsələn, azərbaycanlılar geri alınan ərazilərdə minaları tapmaq üçün xəritələri istəyir, ermənilər də münaqişə zamanı ələ keçirilən erməni əsgərlərin aqibətini bilmək istəyir. Bunlarla bağlı razılıqlar ola bilər, amma Avropa İttifaqı diqqəti başqa məsələlərə yönəldib. Bunlara “Brexit”, sərhəd böhranı, şimal-şərq Avropa, cənubdan immiqrasiya, COVID-dən sonrakı bərpa prosesi daxildir. Bu siyahı uzundur və Ermənistan-Azərbaycan məsələsi bu siyahının aşağısındadır. Məncə bu, Vaşinqtona da aiddir. ABŞ-ın dövlət katibi Antoni Blinken ötən həftə bildirmişdi ki, Vaşinqton Ermənistanla Azərbaycan arasında döyüşlərlə bağlı məlumatlara görə narahatdır. O, hər iki tərəfi bütün qalan məsələləri, sərhədlərin demarkasiya məsələsini həll etmək üçün birbaşa konstruktiv danışıqlar aparmağa çağırıb. Mən dövlət katibi Blinkeinin ABŞ-ın münaqişənin bitməsinə dair səmimi arzusunu ifadə etdiyinə şübhə etmirəm, çünki münaqişə davam etdikcə tələfat çox olur. Lakin ABŞ-ın üzləşdiyi çətinlik odur ki, onun təsiri azalıb. Daha öncə ABŞ və avropalıların prosesə müdaxilə etdiyi Minsk Qrupu baş verənlərdə böyük rol oynamayıb. Hazırkı atəşkəs daha öncəki kimi ABŞ və ya başqa bir tərəfin təsiri olmadan Rusiyanın vasitəçiliyi ilə əldə olunub. Belə görünür ki, bu, hazırkı ABŞ administrasiyanın xarici siyasətində bir prioritet deyil. Məncə, onlar diqqəti daha çox Ukraynaya, Asiyadakı məsələlərə, İrana yönəldiblər, amma bu münaqişəyə deyil. ABŞ liderlərin bəyanatları vasitəsilə diplomatik rol oynayacaq və bəlkə də BMT vasitəsilə bir rol oynayacaq. Amma hələ ki, top Moskvanın meydançasındadır”. Bu yanaşma bir daha göstərir ki, ABŞ regionda heç də fəal mövqe sərgiləmək niyyətində deyil. Bu vəziyyət ermənilərin ABŞ ümidlərinin də əhəmiyyətsiz olduğunu göstərir. Amma əvəzində erməni tərəfinin Rusiya ilə münasibətləri daha da kəskinləşir. Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov da bildirir ki, bundan sonra rəsmi Moskva ilə İrəvan arasındakı böhran daha da dərinləşəcək: “Çünki Ermənistan Rusiya və Qərb arasında “ikili oynayır”. Bu, təxminən “iki od arasında qalmaq” deməkdir. Bu isə bizim qarşımızda yeni fürsətlər açır. Bir çox məsələlər, o cümlədən Zəngəzur dəhlizi ilə irəliləyişə nail olmaq üçün imkanlar yaranır. Hücum diplomatiyasına davam etməliyik. Ən yaxşı müdafiə məhz hücumdur. Ermənilər başqa yol qoymurlar”.

Samirə SƏFƏROVA

 

Mənbə: www.baki-xeber.com