Paşinyan “dəhliz”dən imtina edir: nələr ola bilər?

Paşinyan “dəhliz”dən imtina edir: nələr ola bilər?

Millət vəkili, YAP Beynəlxalq əlaqələr komissiyasının katibi, siyasi elmlər doktoru, professor Elman Nərisovun Axar.az-a müsahibəsi:

- Ermənistan Baş naziri Nikol Paşinyanın son onlayn mətbuat konfransı bir çox istiqamətləri ilə diqqət çəkdi. Onun “Zəngəzur dəhlizi” ifadəsinin bəyanatda olmadığı, bununla bağlı müzakirələrin getmədiyi, bu yolun Ermənistanın suverenliyində olacağı haqda mülahizələrini necə qiymətləndirirsiniz?

- Öncə qeyd etmək istəyirəm ki, Ermənistanın Baş naziri Nikol Paşinyan çox ziddiyətli bir şəxsdir və dəfələrlə olub ki, gün ərzində bir-birini təkzib edən bəyanatlar verib. İndi də postmünaqişə dövrünün həllini gözləyən məsələlərilə bağlı bu gün bir mövge, başqa gün ayrı mövge sərgiləyir. Məsələn, oktyabr ayının 15-də MDB Dövlət Başçıları Şurasının toplantısında Paşinyan birmənalı şəkildə söylədi ki, Ermənistan ərazisindən keçməklə Azərbaycanın Naxçıvana dəmir yolu və avtomobil yolu xəttinin çəkilməsi ideyasını dəstəkləyirik. Eyni zamanda da Azərbaycandan keçməklə Rusiyaya dəmir yolu və avtomobil yolu, İrana isə dəmir yolu xəttinin çəkilmə ideyası dəstəklənir, amma qarşılıqlı maraqlarımız var. Bu o deməkdir ki, kommunikasiyaların bərpasını dəstəkləyirik.

Düzdür, o, “Zəngəzur dəhlizi” ifadəsini işlətməkdən qaçır. Ancaq Zəngəzur dəhlizinin açılması labüddür. Çünki bu, Ermənistanın özü üçün hava-su kimi lazımdır. Paşinyan ondan ehtiyatlanır ki, “Zəngəzur dəhlizi” ifadəsini dilə gətirsə, əleyhdarları onu növbəti kapitulyasiya sənədinə imza atmaqda, Qərbi Zəngəzuru Azərbaycana təhvil vermək istəyində ittiham edər. Elə hesab edirlər ki, Azərbaycan Zəngəzur dəhlizindən keçidi təmin etməklə həm də Qərbi Zəngəzura sahiblənəcək. Bu kimi məsələlərlə bu gün Ermənistan müxalifəti manipulyasiya edərək Paşinyana təzyiq göstərir. Ona görə də Paşinyan indi “Zəngəzur dəhlizi” ifadəsini işlətmək istəmir. Amma alternativ yoxdur. Zəngəzur dəhlizi mütləq işə düşməlidir. Hesab edirəm ki, bu gün Paşinyan qədər Ermənistan hakimiyyətində məlumatlı ikinci adam yoxdur. Paşinyan çox gözəl bilir ki, əməkdaşlığın əks tərəfi müharibədir. Həmin müharibə ki ağ bayraq qaldırdı! Ermənistanın iqtisadiyyatı çökübdür və Paşinyan çox gözəl bilir ki, yalnız əməkdaşlıq yolu ilə düşdüyü ağır vəziyyətdən çıxa bilər. Kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası Ermənistanın xilasıdır. Paşinyan istəsə də, istəməsə də, Zəngəzur dəhlizi işə düşəcək. Cənab Prezident İlham Əliyev Zəngəzur dəhlizinin işə düşməsi ilə bağlı həlledici addımlar atıb. Horadiz-Ağbənd dəmiryol xətti artıq çəkilir və eyni zamanda Ordubad-Naxçıvan dəmiryol xətti yenidən qurulur, artıq başa çatmaq üzrədir. Zəngəzur dəhlizinin Azərbaycana düşən hissəsində dəmiryol xətti yaxın zamanlarda istifadəyə veriləcək. Qalır 40 km-lik Zəngəzurdan keçən hissə - bu isə zaman məsələsidir.

- Paşinyan bir daha Minsk Qrupunu Qarabağ məsələsinə cəlb etməyə çalışdıqlarını bildirdi. Sizcə, bu çalışmalar hər hansı nəticə verə bilərmi?

- Azərbaycanın bu məsələlərlə bağlı prinsipial mövqeyi var. Həmin mövqeyi ölkə Prezidenti İlham Əliyev dəfələrlə səsləndirib: ATƏT-in Minsk Qrupu üzərinə düşən missiyanı yerinə yetirə və Ermənistanı konstruktiv mövqeyə gətirə bilmədi. ATƏT-in Minsk Qrupu üzvlərinin, xüsusən də Fransanın davranışı ümumiyyətlə tənqidə dözmür. Fransa Prezidenti Emmanuel Makron 44 günlük müharibə dövründə açıq şəkildə Ermənistanı müdafiə etdi. Hətta bildirdi ki, Azərbaycan Ermənistana təcavüz edib və Qarabağ Ermənistan məxsusdur. Bu cür antazərbaycan mövqeyində dayandı. Həmin vaxt E.Makron Paşinyandan artıq erməni olmaq istəyirdi, rəsmi Tvitter hesabında da erməni dilində statuslar paylaşırdı. Tarixdə belə bir şey olmayıb, Makron bu “yeniliyə” də imza atıb. Makronun seçilməsində erməni lobbisinin böyük rolu olub və gələn il Fransada prezident seçkiləridir. Məlum məsələdir ki, Makronun reytinqi çox aşağıdır və belə jestlər etməklə erməni lobbisinin dəstəyinə nail olmağa çalışır. Bu cür mövqe ilə Minsk Qrupu problemin həllində bitərəf və konstruktiv mövqe göstərə bilərdimi?

Paşinyanın istəyi bəllidir, ancaq Bakının qəti mövqeyi də elan olunub: “status” daha yoxdur və bu artıq müzakirə məsələsi deyil. Lakin ATƏT-in Minsk Qrupu hələ də “status”dan bəhs edir.

Minsk Qrupu həllini gözlədiyimiz delimitasiya və demarkasiya məsələlərində də yardımçı ola bilməz, çünki Fransanın bitərəf olmadığı aydındır. Fransa sərhədin Ermənistanın maraqları çərçivəsində çəkilməsini istəyəcək.

Bundan savayı, əsas məsələlərdən biri kommunikasiyaların və iqtisadi əlaqələrin bərpası ilə bağlıdır. Minsk Qrupu Fransa kimi iştirakçısının təkidi ilə çalışacaq ki, Zəngəzur dəhlizi deyil, alternativ yol çəkilsin. Ona görə Minsk Qrupu artıq heç bir prosesdə bizə lazım deyil.

Münaqişənin həllində Rusiya və Türkiyənin əsas rolunu gördük. Onlar bu prosesdə fəal iştirakçı oldular. Noyabr ayının 26-da Rusiya Prezidentinin təşəbbüsü ilə Azərbaycan və Ermənistan siyasi liderlərinin Soçidə siyasi görüşü olacaq və bu görüşdə delimitasiya və demakrasiya məsələləri müzakirə olunacaq.

- Soçidə hər hansı sazişlərin olacağının anonsunu Paşinyan da verdi. Sizcə, hansı sənədlər imzalana bilər?

- 26 noyabrda Soçi görüşü 15 dekabrdakı Brüssel görüşündən fərqlənir. Soçi görüşü yalnız postmünaqişə dövrünün həllini gözləyən məsələlərinə həsr olunub və nəticələr gözlənilir. Amma Brüssel görüşü Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında baş tutan sammitdə olacaq. Avropa İttifaqı da Azərbaycan və Ermənistan siyasi liderlərinin Brüsseldə olması və sammitə qatılması imkanından faydalanmaq istəyir. Fərq göz qabağındadır. Nəzərə alaq ki, Rusiya prezidentinin vasitəçiliyi ilə iki dəfə belə görüş keçirilib və bu, sayca 3-cü görüşdür. Hər iki görüşdə də nəticələr olub - həm 10 noyabr 2020-ci il, həm də 11 yanvar 2021-ci il bəyannamələri imzalanıb. Həmin sənədlərin də icrası istiqamətində proseslər gedir - müəyyən qüsurlar və nöqsanlara baxmayaraq.

Amma Brüssel görüşündə daha çox etimad mühitinin yaranması ilə bağlı məsələlər müzakirə oluna bilər. 2019-cu ildə Brüsseldə Azərbaycan və Ermənistan liderlərinin ilk dəfə debatı keçirildi. Nəticə etibarilə belə görüşlər bu münaqişənin həllinə gətirib çıxarmadı. Ona görə də hesab edirəm ki, Soçi görüşünə ümidlər böyükdür.

Mənbə: axar.az