İşğaldan azad olunan ərazilərdə də bələdiyyələr olacaq - Açıqlama

"Soydaşlarımız işğaldan azad edilmiş ərazilərə qayıtdıqdan sonra bələdiyyələrin təşkil edilməsi mümkündür. Bələdiyyələr də seçkilər nəticəsində formalaşır. Bələdiyyələrin təşkil edilməsindən əvvəl bu ərazilərdə müəyyən işlər görülməlidir. Minalardan təmizləmə, infrastrukturun qurulması və s. Həmçinin, orada kənd, qəsəbə və şəhərlərin inzibati əraziləri, inzibati bölgü məsələləri həll olunmalıdır".

Bunu "Unikal"a açıqlamasında Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, deputat Kamran Bayramov deyib. Onun sözlərinə görə, bələdiyyənin inzibati ərazisi bir və ya bir neçə kəndi, qəsəbəni və ya şəhəri əhatə edə bilər: "Bu texniki işlər görülməlidir. Bundan sonra bələdiyyənin təşkil edilməsindən danışa bilərik".

Bələdiyyələrlə bağlı yeniliklərə gəlincə, deputat bildirib ki, qanunvericilik bütün ərazilərə şamil olunur: "Məlumdur ki, işğaldan azad olunmuş ərazilərdə yeni texnologiyalar tətbiq olunur. Bu baxımdan bələdiyyələrin fəaliyyətində müəyyən təkmilləşmə olmalıdır. Yaxşı fikirdir ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması bələdiyyə qanunvericiliyinin təkmilləşdirilməsinə özünəməxsus təkan verə bilər. Etiraf etmək lazımdır ki, bələdiyyələr Azərbaycanın bügünkü iqtisadi inkişafı, əldə etdiyi uğurlarla hələ ayaqlaşa bilmirlər, ona uyğun deyillər. Təbii ki, bələdiyyələrin fəaliyyətində fundamental dəyişikliklər olmalıdır. İlk növbədə qanunvericilik təkmilləşdirilməlidir, onların səlahiyyətlərinə yenidən baxılmalıdır, mövcud səlahiyyətlər dəqiqləşdirilməlidir, qanunvericilikdə olan boşluqlar aradan qaldırılmalıdır. Yaxşı bir məqamdır ki, işğaldan azad olunmuş ərazilərdə bələdiyyələrin yaradılması bələdiyyələrin fəaliyyətinin və Azərbaycanda bələdiyyə sisteminin təkmilləşdirilməsinə təkan verə bilər".

Anar Kəlbiyev

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Ermənistan Türkiyə ilə münasibətləri normallaşdırmağa vasitəçilik etməsi üçün Rusiyaya müraciət edib

SONRAKI XƏBƏR

Mikayıl Cabbarov bu quruma rəhbər gəlir