Avropa Məhkəməsi Azıx mağarasını qazan əcnəbilərin şikayətini RƏDD ETDİ

Bu gün Avropa Məhkəməsi (AHİM) britaniyalı arxeoloqlar Tania King, Peter Andrews və ispaniyalı Yolanda Fernades-in Azərbaycana qarşı şikayətləri üzrə qərardadını elan edib.
Modern.az xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağaliyev bildirib.

Onun sözlərinə görə, “King və başqaları Azərbaycana qarşı” adlı işdə ərizəçilər 1999-2017-ci illərdə Azərbaycanın həmin vaxtlarda işğal altında olan Azıx mağarasında tədqiqat və qazıntılar aparmış arxeoloqlar idi. Onlar mağarada tədqiqatlar aparıb, 2016-cı ildə tədqiqatın nəticələrini əks etdirən kitab nəşr etdiriblər.
“Ərizəçilərə Azərbaycan ərazilərinə qanunsuz səfər etmək və başqa ittihamlarla cinayət işi açılıb, onların saxlanılıb həbs edilməsinə qərar verilib. İnterpolun Azərbaycan Milli Bürosu isə ərizəçilər barəsində beynəlxalq axtarış elan edib. Ancaq bir müddət sonra İnterpolun Baş Katibliyi beynəlxalq axtarışın dayandırılmasına qərar verib. Həmin vaxt Azərbaycan Xarici İşlər Nazirliyi ərizəçilərin adlarını işğal olunmuş ərazilərə qanunsuz səfər etdiklərinə görə “arzuolunmaz şəxslər” siyahısına daxil edib.

Ərizəçilərin 2017-ci ildə barələrindəki hüquqi prosedurlardan birbaşa Avropa Məhkəməsinə göndərdikləri şikayəti, Avropa Məhkəməsi daxili müdafiə vasitələrinin tükəndirilməməsi səbəbindən qəbuledilməz sayıb”.
AİHM-ə yenidən şikayət göndərən ərizəçilər bu dəfə iddia ediblər ki, daxili müdafiə vasitələrini tükəndirmək üçün Azərbaycanda onları təmsil etməyə vəkil tapa bilməyiblər. Ancaq bununla bağlı hər hansı dəstəkləyici sənəd təqdim etməyiblər. Məhkəməyə Azərbaycan prokurorluğu ilə bəzi yazışmalarını təqdim ediblər. Ərizəçilər AİHM qarşısında iddia ediblər ki, onlara münasibətdə şəxsi həyata hörmət, effektiv müdafiə vasitələrinə və hərəkət azadlığına malik olmaq hüquqları pozulub.

Bütün hallarda daxili müdafiə vasitələrini tükənirmənin vacibliyini xatırladan AİHM, ərizəçilərin işə baxılmasını zəruri edəcək hər hansı sübutlar təqdim edə bilmədiyini vurğulayıb və şikayətin qəbuledilməz elan olunmasına qərar verib.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

DİN: "Məktəblilərin narkotik vasitələrdən istifadəsinin başlıca səbəbi sosial şəbəkələrdir"

SONRAKI XƏBƏR

Zaxarova sabahkı Soçi görüşü ilə bağlı sualı cavablamaqdan yayındı