Zibilliyə atılan körpələr: “Uşaqdan imtinaya görə cəza olmalıdır”

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bakıda yeni doğulmuş qız uşağı binalardan birinin girişinə atılıb.

Hadisənın paytaxtın mərkəzində - Nəsimi rayonu, Alı Mustafayev küçəsindəki binada qeydə alındığı deyilir. Körpə Bakıdakı körpələr evindən birinə təhvil verilib. Məlumdur ki, son illərdəki bu cür ürəkağrıdıcı hadisələr artmaqdadır. Uşağını binanin blokuna, zibilliyə atan valideynlər artıq ciddi tədbir görülməsini vacib edir.

Səbəblər müxtəlif, bəhanələr nə qədər çox olsa da, bir valideynin öz dogma balasını zibilliyə atmasına heç cür haqq qazandırmaq olmaz.

Bununla bağlı Cebhe.info-ya Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Rauf Əliyev danışıb.

Deputat bildirib ki, yeni doğulmuş körpələrin atılması insanlığa yaraşmayan hərəkətdir: "Hər il dünyada minlərlə körpə doğulduqdan sonra atılır. Bu, bəşəriyyətə utanc verən bir hərəkətdir. Çox təəssüflər olsun ki, bizim ölkəmizdə də belə hallara rast gəlinir. Azərbaycan sosial bir dövlət kimi belə halların qarşısının alınması üçün həm qanunvericilik nöqteyi-nəzərdən, həm də atılmış uşaqların həyatlarının davam etdirməsi üçün lazımı tədbirləri təmin edir".

Deputat deyib ki, bu məsələdə ictimayyətin üzərinə də mühüm vəzifə düşür: "Birinci növbədə belə halların baş verməsinə şərait yaradan halların aradan qaldırılması üçün tədbirlər görülməlidir. Bu məqsədlə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq olunmuş “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020-2025-ci illər üçün Fəaliyyət Planı” nın böyük əhəmiyyəti var. Fəaliyyət Planının məqsədi uşaq hüquqlarının müdafiəsi sahəsində çevik institusional mexanizm formalaşdırmaqdan və aidiyyəti dövlət orqanlarının qarşılıqlı fəaliyyətinin təmin edilməsindən ibarətdir. Eyni zamanda, yeni doğulmuş körpələrin atılmasına, uşaqlardan imtina edilməsinə görə məsuliyyət məsələsini də yenidən nəzərdən keçirtmək lazımdır".

Milli Məclisin üzvü bildirib ki, mövcud qanunvericiliyə əsasən, belə hallarda ən ağır cəza valideyn hüququndan məhrum etmədir. Bəzi ölkələrin təcrübəsindən istifadə edərək bu istiqamətdə qanunvericilikdə dəyişikliklər edilməsi məqsədəuyğun olardı. Deputatın fikrincə, ümumilikdə qeyd olunan xoşagəlməz halların aradan qaldırılmasında təkcə dövlət orqanları deyil, cəmiyyətimiz də yaxından iştirak etməlidir.

Şəlalə Babayeva

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Natiq Cəfərli: Dünya yeni oyun qaydalarına “hamilədir”

SONRAKI XƏBƏR

"Zəfər Zirvəsi" ödül gecəsi keçirildi - FOTOLAR