Natiq Cəfərli: Dünya yeni oyun qaydalarına “hamilədir”

Natiq Cəfərli: Dünya yeni oyun qaydalarına “hamilədir”

“ABŞ-ın təşəbbüsü ilə “Demokratiya Forumu” adlı bir online tədbir keçiriləcək. Dünya üzrə 110 ölkə tədbirə dəvət alıb, siyahıya baxanda, ölkə adlarını görəndə anlayırsan ki, bu forumun “demokratiya” ilə əlaqəsi yoxdur”.

Pravda.az-ın xəbərinə görə, bunu ekspert Natiq Cəfərli bildirib.

“Əslində, ABŞ-ın təşəbbüsü maraqlı və lazımlıdır, amma öncə kriteriyalar, tezislər elan edilməli, belə maraqlı formatın səbəbləri, gələcəyi ilə bağlı müzakirələr olmalı idi. Çünki, 110 ölkənin siyahısı, yüngül desəm, ciddi suallar yaradır, maraqlı formatın əhəmiyyətini azaldır. Necə ola bilər ki, Pakistan dəvət alıb, amma Türkiyə yox?! Bəyəm Türkiyənin seçki sistemi, demokratik təsisatları Pakistandan aşağıdır?! Və ya, necə ola bilər ki, İraq bu tədbirə dəvət alsın, amma Macarıstan yox?! Macarıstanda seçki də var, demokratik təsissatlar da, iqtisadi institutlar da. Bəs İraqda nə var?! Azərbaycanla bağlı məsələ aydındır: Seçki institutu, demokratik təsisatlar yoxdur, və ya zəifdir. Buna sözüm yox, amma Macarıstan, Türkiyə kimi ölkələri dəvət etməyərək Pakistanı, İraqı çağırmaq bəri başdan “Demokratiya Forumunu” sual altına qoyur. Hələ mən Niger, Nigeriya, Senegal, Angola, Congo, Keniya, Namibiya, Surinam və digər dövlətləri demirəm. Hətta maraqlar konflikti də yaranıb: Həm Serbiyanı, həm də Kosovanı dəvət ediblər, çox güman, Serbiya imtina edəcək, ya da Kosovanı siyahıdan çıxardılmasını tələb edəcək. Görünən odur ki, yeni dünya düzəni qurulmasına, yeni hüquqi baza yaradılmağa çalışılır, artıq nə “Yalta”, nə də “Podstam” formatı işləmir, artıq “soyuq müharibə” məntiqi ilə qurulmuş beynəlxalq hüquq çalışmır, BMT də amorf quruma çevrilib, öz qərarlarına özü hörmət etmir. Dünya yeni beynəlxalq hüquqa və yeni oyun qaydalarına “hamilədir”, amma bunun bəlli qaydaları, formatı, tezisləri olmalıdır, əvvəl kriteriyalar elan edilməli, yanaşmalar müzakirəyə çıxarılmalı, sonra bunun hüquqi bazası yaradılmalıdır. ABŞ-ın indiki yanaşmasının uğurlu olması çətin görünür, hətta yeni “qütbləşmə” tendensiyası yaradır, Rusiya ilə Çini daha da yaxınlaşdırıb məcburi müttəfiqliyə sürükləyir, bu iki ölkənin birliyi isə dünya üçün növbəti ciddi təhdidə çevriləcək. Hələki nə Rusiyanın, nə də Çinin cəlbedici hekayəsi, beynəlxalq cazibə mərkəzi ola biləcək ideoloji bazası yoxdur, amma cəmi 5-10 ildən sonra Çinin iqtisadi, sosial siyasəti daha cəlbedici olsa, o zaman ABŞ altını doldurmadığı “demokratiya” tezisi ilə bu trendə qarşı dura bilməyəcək. Əsl problemlər, ciddi qarşıdurmalar o zaman yaranacaq, “avtoritar modern sol” önə çıxıb ciddi böhran yaşayan “liberal-demokratiyanı” üstələyə biləcək...” – N.Cəfərli qeyd edib.

Mənbə: pravda.az