“Paşinyan danışıqları pozsa, 9 min kvadrat kilometrlik ərazi...”

“Paşinyanın siyasətdən xəbəri olmadığına görə, tarixdən də sinifdə qalır. Bu sözü ona kimsə deyib, indi də təkrarlayır. 1991-ci ildə Azərbaycanı necə tanıya bilər ki, Azərbaycan 1992-ci ildə BMT-yə üzv olub. Bu, qeyri-ciddi söhbətdir. Paşinyanın sayıqlamalarına o qədər də fikir verməyin. Amma Ermənistan sülh sazişini imzalamaq məcburiyyətindədir. Azərbaycanın əlində daha bir ciddi kozırı var: Qazaxın işğaldan azad edilməmiş 7 kəndi. Azərbaycan öz sərhədlərini və ərazi bütövlüyünü bərpa etmək üçün bu kəndləri də qaytaracaq. Buna heç kim, heç KTMT də etiraz edə bilməz. KTMT bunda müdaxilə etməyəcək, çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

Politoloq Cümşüd Nuriyevin Teleqraf.com-a müsahibəsini təqdim edirik.

- Soçidə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin görüşü keçiriləcək. Bu görüşdən cəmiyyətin gözləntisi yüksəkdir. Sizcə, bu gözlənti özünü doğruldacaqmı və ya hansı məsələlərin həlli razılaşdırıla bilər?

- Görüşdə bir çox məsələlər müzakirə oluna və razılaşdırıla bilər. Əvvəla, hazırda Rusiya-Azərbaycan münasibətləri lazımi səviyyədədir, maraqlarımıza uyğun olan yerdədir. Buna görə də, bu görüşdən müsbət gözləntilərin olması normaldır.

İkincisi, Ermənistan-Azərbaycan məsələsi Rusiyanın gözləmədiyi halda birdən-birə Avropa müstəvisinə keçdi. Bu, həm Rusiyanın bölgədəki siyasi nüfuzuna ciddi xələl gətirdi, eyni zamanda, onun siyasi qısqanclığına səbəb oldu. İmperiya dövlətlərində siyasi qısqanclıq yarananda aqressivliyi güclənir. Azərbaycan Brüssel görüşünə razılıq verəndə Rusiyanı aqressivləşdirdi, amma ardınca Soçi görüşünə də razılıq verməklə onu quduzlaşmağa qoymadı. Ağıllı gediş idi.

Rusiya 44 günlük müharibədə Azərbaycana mane olmadı. Amma sonda yenə də xəyanət etdi. Guya Naxçıvan istiqamətində rus helikopteri vuruldu və sair. Azərbaycan prezidenti də əldə olunanları itirməmək üçün çox ağıllı addım atdı, yəni üçtərəfli sazişi imzaladı. Əslində, Ermənistanı çox çətin vəziyyətə saldı. Ermənistan isə əl altından Brüssel görüşünə razılıq vermişdi. Rusiya nə baş verdiyini başa düşdü. Soçi görüşündən niyə müsbət gözləntinin olduğunu aydınlaşdırmağa çalışıram, yəni Ermənistanın xəyanəti Rusiyanı aqressivləşdirib. Əgər Rusiya bizimlə bərabərhüquqlu dövlət kimi davranacaqsa, bunu Ermənistana münasibətdə gözləmək sadəlövhlük olar.

Rusiya Ermənistana qarşı çox aqressivdir. Paşinyanı devirmək istəyirlər. Buna görə də, Soçi görüşündə üçtərəfli bəyanatın imzalanacağını gözləyirəm. Dünən Azərbaycan prezidenti Overçuku qəbul etdi. O, Rusiyanın danışıqlarda iştirak edən adamıdır. Ermənistan məcburi olsa da, müsbət çıxışlar edir. Buna görə də, üçtərəfli görüşdən sonra yeni sazişin imzalanacağı ehtimalı çoxdur. Belə bir anlaşmanın Soçidə yox, Brüsseldə imzalanacağını düşünmürəm. Ermənistan danışıqları pozsa, onda Rusiya sərhədlərin 1920-ci ilin xəritəsi əsasında müəyyənləşdirilməsini gündəmə gətirəcək. Bu zaman Ermənistan 9 min kvadrat kilometr ərazisini Azərbaycana verməli olacaq. Bu birmənalıdır.

Bundan başqa, 1929-cu ildə Naxçıvanın 9 kəndi Azərbaycandan alınıb, eyni zamanda, Zəngilanın Nüvədi kəndi qoparılıb. Ermənistan danışıqları pozsa, Rusiya bunu ona bağışlamayacaq. Ermənistan ya bu əraziləri Azərbaycana qaytaracaq, ya da o sazişi imzalayacaq. Bu sazişdə Azərbaycanın sərhədlərinin tanınması qəbul ediləcək.

Bu o deməkdir ki, bundan sonra Ermənistanın Qarabağla bağlı hansısa iddiası ola bilməz. Eləcə də, Zəngəzur dəhlizi məsələsi də bu görüşdə birmənalı şəkildə həll olunacaq.

- Görüşdən əvvəl Rusiyanın Ermənistanla danışıqları da diqqət çəkdi. Əvvəlcə Rusiya Xarici işlər naziri Sergey Lavrov erməni həmkarı ilə danışdı, sonra baş nazirin müavini Aleksey Overçuk Bakıdakı görüşlərdən sonra İrəvana getdi. Bunda məqsəd nə ola bilər?

- Onlar işçi qrupunun üzvləridir, xarici işlər naziri də bundan məsuliyyət daşıyır. Onlar bu görüşün ilkin strukturunu hazırlayırlar. Yəni hansı məsələlər müzakirəyə çıxarılacaq, hansı məsələlər hansı formada razılaşdırılacaq. Mütləq bir sənəd imzalanmalıdır. Ermənistanda bundan imtina etsə, 10-15 gün ərzində ya Paşinyanı hansı yollasa zərərsizləşdirəcəklər, ya da devirəcəklər – bu birmənalıdır. Paşinyan da bunu başa düşür.

Paşinyan iki masada oturmağa çalışır. Bu adamın ağlı yoxdur. Əslində, bu erməni xislətindən doğan bədbəxtlikdir. Paşinyan elə bilir ki, bicdir, dünyanın iki hegemon gücünü – həm ABŞ-ı, həm də Rusiyanı aldada biləcək. Bu mümkün deyil. Onlar bir-birini sevməyən dövlətlərdir. Onlara qarşı siyasi resept yoxdur ki, hər ikisini eyni vaxtda zərərsizləşdirəsən. Paşinyan da bunu anlayacaq ağılda deyil. Ancaq ağılsız adam bu addımı ata bilər. Azərbaycan tərəfinin addımlarını isə uğurlu hesab edirəm.

- Bəs Avropa Birliyi şurasının rəhbəri Şarl Mişel Rusiya Prezidenti Vladimir Putinə nə üçün zəng edə bilərdi?

- Avropa və Rusiya Belarus məsələsinə görə qarşıdurma içindədir. Rimlek nəzəriyyəsinə görə, “dünyanın ürəyi” Avrasiyadır. Avrasiyanın 60 faizini isə Rusiya əraziləri təşkil edir. Əgər “dünyanın ürəyi” Rusiyadırsa, Avropa məcburdur ki, onu küsdürməsin. Əgər Rusiya ilə münasibətlər gərginləşsə, Avropa Birliyi yeni dünya düzənində yerini itirə bilər.

Çünki ABŞ-ın dərin dövləti avronu oyundan çıxarmaq üçün çox ciddi təzyiq göstərir. Amerika bununla dünyanı dollar hakimiyyəti ilə idarə etmək istəyir. Avropa da bunu başa düşür.

Hazırda ABŞ və Rusiya bir-birinə qarşı kəskin düşmən mövqeyindədir. Avropa Birliyi gec anladı ki, ABŞ onun əliylə Rusiyaya qarşı öz siyasətini həyata keçirir, onları üz-üzə qoyub. Avropa çalışacaq ki, “ayı”nı qəzəbləndirməsin. Avropa Birliyinin əsas məqsədi Avropanı bu oyundan daha az zərərlə çıxarmaqdır. Çünki Rusiyanı çökdürmək istəsələr, bu, elə-belə çöküş olmayacaq: özü ilə bərabər bir çox dövləti də məhv edəcək. Bura Avropa Birliyinin bir çox dövləti və ABŞ daxildir. Üstündə İngiltərə də var.

- Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağı da gözləntilər arasındadır. Bu məsələ hansı aralıqda həllini tapa bilər? Hətta Nikol Paşinyan ötən günlərdə Ermənistanın 1991-ci ildə Azərbaycanın ərazi bütövlüyünü tanıdığına dair bir xatırlatma da etdi.

- Paşinyan yalan danışır. Ermənistanın 1991-ci il tarixli konstitusiyasında yazılıb ki, “Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsidir”.

Paşinyanın siyasətdən xəbəri olmadığına görə tarixdən də sinifdə qalır. Bu sözü ona kimsə deyib, indi də təkrarlayır. 1991-ci ildə Azərbaycanı necə tanıya bilər ki, Azərbaycan 1992-ci ildə BMT-yə üzv olub. Bu, qeyri-ciddi söhbətdir. Paşinyanın sayıqlamalarına o qədər də fikir verməyin. Amma Ermənistan sülh sazişini imzalamaq məcburiyyətindədir.

Azərbaycanın əlində daha bir ciddi kozırı var: Qazaxın işğaldan azad edilməmiş 7 kəndi. Azərbaycan öz sərhədlərini və ərazi bütövlüyünü bərpa etmək üçün bu kəndləri də qaytaracaq. Buna heç kim, heç KTMT də etiraz edə bilməz. KTMT bunda müdaxilə etməyəcək, çünki Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək.

Bundan sonra Ermənistanın Gürcüstana gedən avtomobil yolu bağlanacaq. Bir Dmanisidən keçən dağ yolu var ki, qış aylarında oradan keçmək çətindir, buna görə il ərzində dörd-beş ay bağlı qalır. Yəni onlar başa düşürlər ki, bizim güclü kozırlarımız var. İndi Paşinyan deyir ki, Azərbaycana Naxçıvanla birbaşa əlaqə yaratmaq üçün yol verəcəklər. Guya verməyib, nə edəcəkdi? Bu dəhliz işğaldan əvvəl də fəaliyyət göstərirdi, yəni bunu bərpa etmək üçün ciddi bir problem deyil.

Digər yandan, Rusiyanın Avropaya çıxışı dayandırılıb, Çinlə münasibətlərində müəyyən gərginlik var. İndi Rusiyaya lazımdır ki, həm Aralıq dənizinə, həm də Bəsrə körfəzinə çıxsın. Bunun üçün yeganə yolu da Azərbaycandan keçir. İranın da şansı yoxdur, o da Avropaya başqa yerdən çıxa bilmir. İran da bununla razılaşmağa məcburdur. Buna görə də, sülh müqaviləsinin uzun vaxt aparacağına inanmıram.

Ola bilsin ki, bu görüşdə sülh müqaviləsinin hazırlanması ilə bağlı razılaşma olsun. Ermənistan Azərbaycan sərhədləri və ya ərazi bütövlüyünü tanıdıqdan, Zəngəzur dəhlizinin açılmasına razılıq verdikdən sülh müqaviləsinin hansı müddətdə imzalanmasının bir önəmi yoxdur.

Azərbaycana müəyyən qədər vaxt lazımdır ki, bu yolları çəksin və lazım olan infrastrukturu salsın. Bu ya bir, ya iki, ya da üç aya olacaq, bundan çox çəkməyəcək. Ermənistan mart ayına – Novruza qədər bu sazişi imzalamaq məcburiyyətindədir.

 

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

“Bir günlük döyüşlər yenə olacaq, səbəb dəhliz deyil, məsələ..." - Movses Akopyandan ŞOK AÇIQLAMA

SONRAKI XƏBƏR

Fransanın Təhsil və Gənclər Nazirliyi azərbaycanlı müəllimləri təltif edib