ABŞ prezidentinin inaqurasiyasına qatılan məşhur azərbaycanlı... – Qızı ilə yaxın dostdur

Teleqraf.com-un “Tanımadığımız azərbaycanlılar” rubrikasında yaşadıqları ölkələrdə məşhurluq qazanan, amma azərbaycanlı olduqlarını çox az adam bilən, əksəriyyətinin isə bundan xəbərsiz qaldığı şəxsiyyətlər haqda məlumatlar təqdim edilir.

Haqqında internetdən məlumat əldə etdiyimiz şəxs də onlardan biridir.

Aytən Mirzoyeva Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidenti və biznesin inkişafı üzrə sektorunun rəhbəridir.

Xəzərin sahilindən okeanın o tayına

Aytən Mirzoyeva Bakıda anadan olub. O, Azərbaycanın tanınmış cərrahlarından biri Bəşir Quliyevin nəvəsidir. Mərhum babasına bağlı olduğunu deyən Aytən Mirzoyeva onu özünə ideal seçib.

Bakıda orta məktəbi bitirdikdən sonra ABŞ-a köçüb. Burada Texas Universitetinin İdarəetmə və beynəlxalq İqtisadiyyat fakültəsini bitirib.

20 ildən çoxdur ki, xaricdə (ABŞ və Fransa) yaşayır. Təhsil, peşəkarlıq və təcrübəsini artırmaq üçün Amerikada beynəlxalq kurslar, təlimlər, konfranslarda iştirak edib.

Uzun illər okeanın o tayında – Nyu-Yorkda yaşasa da, “Vasconi Architectes”dəki karyerasını davam etdirmək üçün Fransaya köçüb. İş karyerasındakı əsas uğurlarını da Parisə gəldikdən sonra əldə edib.

Hazırda Fransanın paytaxtı Parisdə yaşayır. Fransanın tarixi memarlıq şirkətlərindən biri olan “Vasconi Architectes”in vitse-prezidentidir. Şirkətin rəhbəri və baş memarı həyat yoldaşı alman əsilli avstriyalı Tomas Şinkodur. Tomas Şinko Bakıda bir çox memarlıq nümunələrinin qurucusudur.

Vaskoninin şirkətində

1973-cü ildə Klod Vaskoni tərəfindən əsası qoyulan “Vasconi Architectes”in mənzil qərargahı Parisdə yerləşir. Eyni zamanda, Lüksemburq, Berlin, Honk-Konq və Nyu-Yorkda da ofisləri fəaliyyət göstərir.

“Vasconi Architectes” dünyanın bir çox şəhərinin baş planlarını hazırlayıb. Şirkət ekoloji olaraq təmiz, innovativ texnologiyalar, ekoloji materiallar və enerjiyə qənaət edən konstruksiyaların istifadəsi ilə yüksək keyfiyyətli layihələri ilə məşhurdur.

2010-cu ildən Honq-Konqda ofisi fəaliyyət göstərən “Vasconi Architectes” burada həyata keçirdiyi layihələrə görə mükafata layiq görülüb və beynəlxalq müsabiqədə qalib gəlib.

Şirkət qurucusu Klod Vaskoninin prinsiplərinə əsaslanaraq, əsasən infrastruktur layihələri, sənaye binaları, tullantıların təmizlənməsi obyektləri, səhiyyə ocaqları, ofis binaları, ən müasir standartlara cavab verən şəhər miqyasında baş plan dizaynından başlayaraq bütün növ layihələr üzərində işləməyə davam edir.

“Vasconi Architectes” şirkəti (“Green Building Merit Award”, “FIABCI Prix d’ Excellence Award” və "Grand Prix d’ Architecture Midi-Pyrenees Award” da daxil olmaqla bir neçə beynəlxalq mükafat alıb.

Şirkət irimiqyaslı şəhər və ərazi baş planının layihələndirilməsində böyük təcrübəyə malikdir.

Amerika prezidentinin andiçmə mərasimində

Aytən Mirzoyeva 2017-ci il yanvarın 20-də Vaşinqtonda ABŞ-ın seçilmiş prezidenti Donald Trampın andiçmə mərasimində iştirak edib. Azərbaycan mətbuatının diqqətini də elə o vaxt çəkmişdi.

Aytən Amerikanın sabiq prezidentinin qızı İvanka Trampla yaxın rəfiqədir. Trampın andiçmə mərasiminə də İvankanın dəvəti ilə qatılıb. Ailəsi ilə birlikdə həm Kapitolidə baş tutan inaqurasiyada, həm də andiçmədən sonrakı balda iştirak edib.

Dediyinə görə, İvanka Trampla uzun illərdir dostluq edir, dəfələrlə Tramp ailəsi ilə görüşüb. Trampın qızı ilə dostluğu Nyu-Yorkdan başlayıb. Burada keçirilən beynəlxalq tədbirdə tanış olublar, dəfələrlə layihələrdə birgə iştirak ediblər.

Azərbaycana bağlılıq

Uzun illər xaricdə yaşamasına baxmayaraq, Azərbaycanla, doğma Bakı ilə bağlarının qoparmadığını, tez-tez bura gəldiyini söyləyir:

“Ruhum, uşaqlığım Azərbaycana bağlıdır, bura möhtəşəm ölkədir. Tez-tez Bakıya gəlməyə çalışıram. Bakıda olmadığım vaxt şəhərim üçün darıxıram”.

Aytən Azərbaycanı dünyada təmsil etməkdən qürur duyduğunu da deyir:

“Azərbaycan adını daşımaq və dünyaca məşhur firmada işləmək, özünü fəxrlə Azərbaycan xanımı kimi təqdim etmək beynəlxalq aləm üçün böyük bir çağırışdır. Kimsə məndən keçmişimi soruşanda fəxrlə deyirəm ki, azərbaycanlıyam. Azərbaycanda dünyaya gəldiyim üçün və damarımda Azərbaycan qanı axdığına görə xoşbəxtəm”

2020-ci ildə son illərdə əldə etdiyi uğurlara görə Azərbaycan Qadın mükafatına (“Azerbaijan Woman Awards”) layiq görülüb.

Teleqraf.com

ƏVVƏLKİ XƏBƏR

“Bir günlük döyüşlər yenə olacaq, səbəb dəhliz deyil, məsələ..." - Movses Akopyandan ŞOK AÇIQLAMA

SONRAKI XƏBƏR

Fransanın Təhsil və Gənclər Nazirliyi azərbaycanlı müəllimləri təltif edib