Ermənistanın Türkiyə qorxusu: “Kim olur-olsun, Ankara olmasın...”

Ankaranı bütün hallarda Qarabağa dair bütün məsələlərdən uzaq tutmaq üçün hər cür hiyləyə əl atan rəsmi İrəvan Fransanı irəli vermək üçün dəridən-qabıqdan çıxır

Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Gürcüstanın “3+3″ regional formatında iştirakdan imtinası və Ermənistanın mövqeyindən danışarkən yenə Minsk Qrupu üzərində fokuslanıb.

O, bununla bağlı qeyd edib ki, Qarabağ məsələsi altılıq formatında müzakirə edilməməlidir: “Məsələn, Qarabağ probleminin həlli məsələsi, bunun üçün ATƏT-in Minsk Qrupunun həmsədrliyi formatı var, ”3+3″ formatında bu, müzakirə edilməməlidir. Regional kommunikasiyaların blokdan çıxarılması məsələsini müzakirə etmək üçün üçtərəfli komissiya varmı? Bunu “3+3″-də müzakirə etmək lazım deyil. ATƏT-in Minsk Qrupu çərçivəsində İlham Əliyevlə görüşə hazıram”.

Görünən odur ki, Paşinyan bütün vasitələrlə Türkiyəni bu danışıqlardan kənarda qoymağa çalışır və Qarabağdan danışanda yalnız Minsk Qrupunu prosesə cəlb etməyə can atır. Türkiyəni bütün hallarda Qarabağa dair bütün məsələlərdən uzaq tutmaq üçün hər cür hiyləyə əl atan rəsmi İrəvan “böyük bacıları” Fransanı, yəni ATƏT-in həmsədrini irəli vermək üçün dəridən-qabıqdan çıxır. Guya Türkiyə ilə heç bir ilkin şərt olmadan danışıqlara hazır olduqlarını deyirlər, amma hər mümkün məqamda anti-Türkiyə mövqeyi sərgiləyirlər.

Ermənistanın bu cəhdlərini ekspertlər necə dəyərləndirir?

Elçin Mirzəbəyli

KONKRET.az xəbər verir ki, politoloq, əməkdar jurnalist Elçin Mirzəbəyli erməni baş nazirin əsl niyyətlərindən söz açıb: “Paşinyanın Azərbaycan Prezidenti ilə ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə görüşə hazır olduğunu bəyan etməsi Paris və Vaşinqtondan ötürülən tezisdir və indiki şəraitdə, xüsusilə də rəsmi İrəvanın 10 noyabr bəyanatını imzalamaqla üzərinə götürdüyü öhdəliklərini yerinə yetirmədiyi bir şəraitdə rəsmi Bakının buna gedəcəyi inandırıcı deyil. Digər tərəfdən, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən verilmiş 15 bəndlik mandatda Azərbaycanla Ermənistan arasındakı sərhədlərin demarkasiya və delimitasiyası, eləcə də kommunikasiyaların açılması ilə bağlı bir kəlmə də yoxdur. Minsk Qrupunun fərsiz həmsədrləri münaqişənin həllində vasitəçi kimi çıxış edirdilər və biz də haqlı olaraq, münaqişənin Azərbaycan Ordusunun qələbəsi ilə həll olunduğunu bildiririk. Belə olduğu təqdirdə Minsk Qrupunun həmsədrləri hansı səlahiyyətlə prosesdə iştirak edəcəklər? Nikol Paşinyanın məqsədi prosesi Minsk Qrupunun həmsədrləri müstəvisində çəkməklə, ”münaqişənin qaldığını” isbatlamaq və digər həmsədrlərin – Fransa və ABŞ-ın timsalında özünə dəstək qazanmaqdır. Nikol Paşinyanın Gürcüstan barədə “3+3″ formatı kontekstində dedikləri də eyni prinsipə – regionda münaqişələrin qaldığına diqqət çəkilməsinə xidmət edir. Lakin Gürcüstanın ərazi bütövlüyünün Rusiya tərəfindən pozulduğunu birbaşa və açıq şəkildə dilə gətirməyə isə cəsarəti çatmır. Azərbaycan-Ermənistan münasibətlərinin 3+3 (3+2) formatında müzakirəsinin mümkünsüzlüyünü iddia etməklə isə Paşinyan, onun qənaətinə görə, hələ də mövcudluğunu qoruyub saxlayan ”münaqişə”nin regional deyil, “beynəlxalq problem” olduğunu diqqətə çatdırmaq istəyir. Nikolun Türkiyə ilə bağlı iddialarına gəldikdə isə Ermənistanın baş naziri, çox güman ki, qardaş ölkənin valyutasının ucuzlaşması fonunda cərəyan edən proseslərdən faydalanmaq və Ankaranın proseslərə təsirini qismən də olsa azaltmaq niyyəti güdür. Amma unudur ki, hazırda Cənubi Qafqazda cərəyan edən hadisələr Ermənistanın və himayəçilərinin təsir dairəsindən çoxdan çıxıb və Türkiyənin subregional, qlobal faktor kimi önə çıxmasından narahat olanlar, rəsmi Ankaranın neytrallaşdırılmasına nail ola bilməyəcəklər. Yaxın bir neçə ay ərzində isə çox güman ki, Türkiyə iqtisadiyyatında yeni bir canlanmanın şahidi olacağıq”.

Kənan Rövşənoğlu

Siyasi yazar Kənan Rövşənoğlunun Paşinyanın açıqlamalarına şərhi belədir: “Minsk Qrupunun dövriyyəyə girməsini Fransa və qismən ABŞ istəyir, Qafqazda Rusiyanın 2020-ci ildə yaranmış dominantlığını qırmaq və Ermənistana dəstək üçün. Birincisi Vaşinqton, ikincisi Fransa üçün vacibdir. Hazırda bütün cəhdlər buna hesablanıb. Amma Rusiyaya və Azərbaycana bu sərf etmir. Qəribə də olsa Azərbaycan bu məsələdə Rusiya ilə həmfikirdir. Moskva Qərbi Qafqaza buraxmaq istəmir. Azərbaycan isə ermənipərəst Fransanın həmsədr olduğu Minsk Qrupunun dirilməsini istəmir. Çünki qurumun dirilməsi həm də ermənilərə status mövzusunun gündəmə gəlməsidir. Bu isə Azərbaycan üçün ziyanlıdır. O ki qaldı Paşinyanın Türkiyəni istəməməyinə, bu da aydındır. Türkiyəni formatdan uzat tutmaq Ermənistan üçün vacibdir. Prinsipial olaraq Türkiyənin indi aparılacaq danışıqlarda tərəf kimi iştirakına ehtiyacı yoxdur. Əlbəttə, əgər danışıqlar hazırkı formatda davam edəcəksə. Ermənistan isə daha çox indi prosesi uzatmaq, götürülən öhdəliklərdən yayınmağa, vaxt qazanmağa çalışır. Amma 16 noyabr hadisələri göstərdi ki, İrəvanın bu vaxt qazanma oyunlarını qarşı tərəf görür və bu planı pozacaq. Buna görə də Ermənistan tərəfi görüşlərə razılaşdı. İndi sazişin imzalanması və öhdəliklərin sürətlə yerinə yetirilməsi qalır”.

Züriyə Qarayeva

Politoloq Züriyə Qarayevanın da fikirləri olduqca maraqlıdır: “Brüssel görüşü də, Paşinyanın çıxışında səsləndirdiyi məqamlar da birbaşa erməni cəmiyyətinə hesablanıb. Çünki üçtərəfli görüşlə bağlı öncədən mətbuatda kommunikasiyaların açılması, Zəngəzur dəhlizinin çəkilməsi və sərhədlərin müəyyənləşməsi ilə bağlı məlumatlar tirajlandıqdan sonra Ermənistanda etiraz kampaniyaları baş qaldırdı. Baş nazir isə hakimiyyətini qorumaq üçün xalqı sakitləşdirən bəyanatlar verməyə, kommunikasiya, sərhəd və Qarabağ məsələsinin fərqli məsələlər olduğunu, bunlardan birinin müzakirə olunması digərinin də həllinin tapması demək olmadığını cəmiyyətə təlqin etməyə çalışır. İstər Brüssel görüşü timsalında, istərsə də bundan öncə Gürcüstanın vasitəçiliyi ilə Qərbin prosesə müdaxilə imkanlarının təmin edilməsi birmənalı şəkildə problemləri daha da gərginləşdirmək məqsədi daşıyır. Nə Qərb, nə də Rusiya münaqişə ocağının tamamilə aradan qalxmasında maraqlı deyil. Qərb Ermənistanı müdafiə edib status məsələsini gündəmə gətirərək bu ölkəni öz çətiri altında saxlamaq istəyir, ianə paketləri ayıraraq öz maraqlarına uyğun layihələrin icrasında Ermənistanın yer almasına ümid edir. Bu layihələrdən biri İrandan başlayıb Ermənistan, Gürcüstan üzərindən Qara dəniz vasitəsilə Ruminiya və Bolqarıstana uzanan dəhlizdir ki, Qərb Zəngəzur dəhlizinə alternativ olaraq bu dəhlizin işləkliyini təmin etmək, rentabelliyini yüksəltməyə çalışır. Gələcəkdə bu xətt üzərindən aparılacaq enerji layihələrindən Fransanın Total şirkətinin yararlanması da planlara daxildir. Bu minvalla Rusiya qaz ixracatı daxil olmaqla, geostrateji əhəmiyyətli bir çox layihələrdən kənar salınmağa çalışılır. Rusiyanın isə özünə xas maraqları var ki, tarixi 200 əvvələ gedir. Dəyişən, sadəcə, bu gün Rusiyanın sülhməramlı adı altında bölgədə olması və əvvəlki dövrdən fərqli olaraq indi hegemoniya deyil, regionda qalmaq uğrunda mübarizə aparmasıdır. Prosesdə Azərbaycanın həqiqi dəstəkçisi yalnız Türkiyədir. Türkiyə isə həm Rusiya, həm də Qərb tərəfindən istənilən vəchlə məsələdən kənarlaşdırılmağa çalışılır. Ermənistan, sadəcə, forpostu olduğu güclərin diktələrini icra edən tərəfdir”.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

"Paşinyan hakimiyyətdə olduğu müddətdə azərbaycanlıları İrəvanda görəcəksiniz"

SONRAKI XƏBƏR

Konqres binasına hücum edən aktyor həbs edildi