Soçi görüşünün pərdəarxası: Bakı və Kremlin maraqları harada üst-üstə düşür? - DETALLAR

Soçi görüşünün pərdəarxası: Bakı və Kremlin maraqları harada üst-üstə düşür? - DETALLAR

“Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçi şəhərində keçirilən üçtərəfli görüş başa çatdı və görüş sonrası liderlər bəyanatla çıxış etdi. Liderlərin bu görüşünü uğurlu saymaq olar. Xüsusilə görüş zamanı Azərbaycan Prezidenti İlham Əliyevin səsləndirdiyi fikirlər və bu fikirlərin ehtiva etdiyi məna bunu deməyə əsas verir”.

Bunu Publika.az-a açıqlamasında siyasi şərhçi Turan Rzayev deyib.

Ekspertin fikrincə, Soçi görüşü zamanı Prezident İlham Əliyev daha təmkinli idi və onun Paşinyana nəzərən sərbəstliyi ilk başdan hiss olunurdu: “Digər tərəfdən, Rusiya Prezidenti Vladimir Putin də çıxışı zamanı Paşinyana daha çox xitab edir, Ermənistanı daha çox hədəfə alırdı. Ölkə başçısının çıxışında diqqət çəkən məqamlar da çox idi. Məsələn, Prezident İlham Əliyev Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirdiyini qeyd etdi. Bu ondan xəbər verir ki, rəsmi Bakı indiki mərhələdə Kremlin fəaliyyətindən narazı deyil. Yəni istər sərhədlərin demarkasiya və delimitasiyası, istərsə də Zəngəzur dəhlizində Bakı və Kremlin maraqları üst-üstə düşür. Hər halda tam uzlaşdığını da demək doğru olmaz, ancaq son hadisələr bunun belə olduğunu göstərir”.

 

Turan Rzayev hesab edir ki, üçtərəfli görüşdə rəsmi Bakının mövqeyi həm də Ankaranın mövqeyi idi və Prezidentin “Azərbaycan Ermənistanla münasibətlərin tənzimlənməsində Rusiyanın səylərini yüksək qiymətləndirir” fikri bu prosesdən Ankaranın da razı olduğunu vurğulayırdı:

“Prinsip etibarilə Ankara Kremlin Cənubi Qafqazdakı davranışından və ya təşkil etdiyi üçtərəfli görüşdən narazı olsa idi, bunu bu günə qədər bildirərdi. Prezidentin üçtərəfli görüşdə səsləndirdiyi digər diqqət çəkən fikir də Azərbaycanın ötən bir il ərzində müharibənin fəsadlarının aradan qaldırılması və kommunikasiyaların açılması məsələlərində maksimal konstruktivlik nümayiş etdirdiyini, bununla belə hələ yerinə yetirilməmiş məsələlərin qalmasını Putinin diqqətinə çatdırması idi. Aydın məsələdir ki, Prezident İlham Əliyev yerinə yetirilməyən məsələlər deyərkən, sətiraltı 10 noyabr bəyanatının 9-cu bəndini aktuallaşdırmağa çalışırdı. Söhbət kommunikasiyaların açılması və Azərbaycanın Naxçıvana maneəsiz hərəkətindən gedir. Məsələ ondadır ki, Zəngəzur dəhlizi indiki halda rəsmi Bakı üçün prioritet məsələdir. Bu məsələni ölkə başçısı üçün xüsusi edən digər bir məqam da onun 27 illik danışıqlar prosesinin predmeti olmaması, məhz 10 noyabr bəyanatına öz təşəbbüsü ilə salınmasıdır. İndiki halda bu məsələnin yubanması və bundan doğan fəsadların birbaşa məsuliyyəti Kremlin üzərinə düşür. Prinsip etibarilə ölkə başçısının diplomatik üslubda Putinə demək istədiyi də elə məhz bu idi”.

Politoloq bildirib ki, Ermənistan istər 44 günlük müharibə, istərsə də son sərhəd toqquşmaları fonunda regiona digər qüvvələri cəlb etmək istəyir və bu heç kəsə sirr deyil: “Azərbaycan isə Ermənistanda fərqli olaraq regionun problemini ancaq region ölkələri ilə həll etməkdə maraqlıdır. Yəni bu prosesdə Moskvanın iştirakı digər güclərin müdaxiləsindən daha məqbuldur. Prezidentin çıxışında ən diqqət çəkən məqam isə onun “Azərbaycanla Rusiya arasında iqtisadiyyat və humanitar sahələrin əksər sferalarını əhatə edən 7 yol xəritəsi icra olunur” deməsi idi. Prezident açıqca qeyd edir ki, Rusiya ilə humanitar sahələrin əksəriyyətində əməkdaşlıq edilir. Buradan belə nəticəyə gəlmək olar ki, Rusiya sülhməralılarının müvəqqəti səlahiyyətində olan Azərbaycan ərazilərində Kremlin apardığı bütün humanitar yardımlar rəsmi Bakının icazəsi və razılığı ilə aparılır”.

Tural Turan

Mənbə: publika.az