Paşinyanın bu cəhdləri boşa çıxdı - Deputat: "Onun qaçmağa yeri yoxdur"

“Soçi görüşündə Paşinyanın gərgin vəziyyətdə olması, əllərini ovması, pəltək danışığı və digər narahatlığı gözdən qaçmadı. Çünki bu gün Ermənistan bütün məsələlərə vadar və məcbur edilir. Onun qaçmağa yeri yoxdur. Paşinyan yaxşı bilir ki, əgər Ermənistan danışıqlardan qaçarsa, onlar üçün daha fəlakətli nəticələrə səbəb ola bilər”.

Bu sözləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Razi Nurullayev söyləyib. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında Soçidə üçtərəfli görüşünün keçirilməsi və görüşün sonunda nəticə əldə olunması sevindirici haldır:

“Çünki bu ilin sonuna kimi sərhədlərin demarkasiyası ilə bağlı mexanizmlər hazır olacaq. Bunu Rusiyanın prezidenti öz dilindən səsləndirdi. Nəticədə Azərbaycanla Ermənistan arasında sərhədlərin müəyyənləşməsinə başlanılacaq. Bu, böyük bir uğurdur. Ermənistan sərhədlərin demarkasiyasını və delimitasiyasını Qarabağda olan seaparatçıların status məsələsinə bağlamağa cəhd edirdi və bu cəhdlər boşa çıxdı. Bu məsələ statusa bağlanmadan Azərbaycanla Ermənistan arasında Rusiyanın vasitəçiliyi ilə razılıq əldə olundu. Digər tərəfdən Ermənistan kommunikasiyaların açılmasını da dolayı yolla statusa bağlayırdı. Həmçinin, kommunikasiyaların açılmamasına, Zəngəzur dəhlizinin olmamasına israr edirdi. Amma dünən Vladimir Putin bildirdi ki, bütün kommunikasiyalar açılacaq. Bura həm avtomobil yolları, həm də dəmir yolları daxildir. Azərbaycanla Ermənistan arasında dəmir və avtomobil yolunun Zəngəzurdan başqa digər bir hissəsi olmayıb. Putin Zəngəzur dəhlizini nəzərdə tutaraq avtomobil və dəmir yollarının açılacağını bildirdi. Bu çox vacib vacib məsələdir”.

Deputat qeyd edib ki, liderlərin 10 ay sonra yenidən görüşməsi danışıqların nəticə verə biləcəyinə ümid yaradır:

“Bu görüş Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin bağlanmasına ümidlər yaradır. Azərbaycan prezidenti bu məsələ ilə bağlı fikrini hər zaman qətiyyətlə bildirib. İlham Əliyev dəfələrlə vurğulayıb ki, biz sülh danışıqlarına hazırıq və sərhədləri və ərazi bütövlüyünü tanımağa hazırıq. Ermənistan isə Qarabağın statusunu bu məsələyə bağlamağa çalışırdı. Beləliklə o məsələ də gündəmdən çıxmış oldu. Ermənistanın baş naziri də sülh danışıqlarına hazır olduğunu söylədi. Bu üç məqam danışıqların əhəmiyyətli hissəsidir”.

Şəbnəm Mehdizadə

Redaktor.az

ƏVVƏLKİ XƏBƏR

Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb - Bıçaqlanan var

SONRAKI XƏBƏR

Maksim və Qara Konfrans Liqasında ən yaxşılar arasında