Deputat Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra görüləcək işləri açıqlayıb

Deputat Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanımasından sonra görüləcək işləri açıqlayıb

"Noyabrın 26-da Soçidə Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin görüşünü birmənalı şəkildə tarixi görüş adlandırmaq olar".

Bunu "Report"a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aydın Mirzəzadə deyib.

Onun sözlərinə görə, Vətən müharibəsi bitdikdən sonra Ermənistanın tək müxalifətinin deyil, hakim dairələrinin də düçar olduğu revanşizm, Azərbaycana hərbi təzyiq göstərmək və azad edilmiş torpaqları geri qaytarmaq siyasəti iflasa uğradı: "Ermənistan Azərbaycanın ötən ilin noyabrından təklif etdiyi mehriban qonşuluq, problemləri diplomatik yolla həll etmək təklifini qəbul etməyə məcbur oldu. Düzdür, müasir tariximizdə Ermənistanın imza atdığı və ya üzərinə götürdüyü öhdəliklərdən asanlıqla imtina etmək nümunələri kifayət qədər çoxdur. Ancaq qonşu ölkənin indiki yaşadığı siyasi-iqtisadi böhran onu istəməsə də problemlərin həllinin Azərbaycan variantını qəbul etməyə məcbur edir".

Deputat vurğulayıb ki, tərəflər imzaladıqları birgə bəyanatda sərhədlərin demarkasiyası üçün ikitərəfli komissiya yaratmaq, gələn həftə kommunikasiyaların açılması üçün Moskvada üçtərəli komissiyanın icalsını keçirmək barədə razılığa gəliblər: "Bu o deməkdir ki, Zəngəzur dəhlizi olacaq. Bu təkcə Azərbaycanın deyil, bütöv bir regionun, o cümlədən Ermənistanın da xeyrinədir. Dəhlizin işə düşməsi ilə Ermənistan özü özünü saldığı izolyasiyadan çıxacaq, orada yüz minlərlə yeni iş yeri yaradılacaq, Ermənistan büdcəsinə stabil olaraq hər il yüz milyonlarla ABŞ dolları vəsait daxil olacaq. Bu isə ancaq başlanğıcdır. Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq münasibətləri qurmaqla Ermənistan iqtisadiyyatını dirçəltmək üçün böyük imkanlar əldə edəcək".

"Ermənistan qəbul etməlidir ki, onun gələcəyi Azərbaycan və Türkiyə ilə mehriban qonşuluq siyasətində, qonşu dövlətlərə torpaq iddiasından imtina etməsindədir. Hesab edirəm ki, Soçi görüşünün nəticələrini möhkəmləndirmək üçün böyük imkanlar var. Hətta mehriban qonşuluqla bağlı Ermənistanın ciddi niyyətləri olarsa Azərbaycan və Ermənistan xarici işlər nazirlikləri arasında birbaşa rabitə əlaqəsi yaratmaq, hər iki paytaxtda diplomatik kontakt qrupu formalaşdırmaq, Azərbaycan din xadimlərinin İrəvandakı Göy məscidə, erməni din xadimlərinin Bakıdakı erməni kilsəsinə səfərlərini təşkil etmək olar. Bu siyahını daha da böyütmək mümkündür. Bunun üçün ilk növbədə Ermənistan Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşmalı, üçtərəli görüşlərdə öz üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Soçi görüşü Azərbaycanın növbəti diplomatik uğurudur, Azərbaycan Prezidenti İlham Əliyevin siyasi xəttinin növbəti müsbət nəticəsidir", - o qeyd edib.

Mənbə: report.az