Sərhədlər müəyyənləşir - Hansı xəritələr əsas olacaq?

Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla Soçidə üçtərəfli görüşü keçirildi. Görüşdə Qarabağ məsələləri, kommunikasiyaların açılması müzakirə edildi.

Maraqlıdır, Soçi görüşündən sonra Azərbaycan və Ermənistan arasındakı əlaqələr hansı səviyyədə davam edəcək?
Siyasi ekspert Elman Vəliyev Modern.az-a deyib ki, Soçi görüşü 10 noyabr bəyanatının davamı idi:
"Bildiyimiz kimi, tərəflər arasında atəşkəs anlaşması var idi, ancaq sülh prosesi olmamışdı.
Bu baxımdan 26 noyabr anlaşmasını tərəflər arasında zirvə görüşü kimi qiymətləndirmək olar".

Ekspert deyib ki, görüşdə Azərbaycan qalib tərəf kimi iştirak etdi:

"Eyni səpkidə də görüşdən çıxdı. Soçi anlaşması ilə tərəflər delimitasiya və demarkasiya proseslərini və kommunikasiya sistemlərini bərpa edəcək. Hesab edirəm ki, çox vaxt itkisi olmadan delimitasiya və demarkasiya seqmenti üzrə işçi qrupu fəaliyyətə başlayacaq.

Əsas məsələ burasındadır ki, hansı xəritələr əsasında delimitasiya prosesləri gedəcək?

Əminəm kimi, bu proses 1991-ci ilə qədər olan xəritələr əsasında aparılacaq. Bu proses nəticəsində Ermənistan Qarabağı Azərbaycan ərazisi kimi tanıyacaq, əlindəki anklavları geri qaytaracaq.
Tərəflər qarşılıqlı kompromis əsasında kommunikasiyaların, nəqliyyat yollarının açılmasına razılıq verdilər. Azərbaycan Naxçıvanla birbaşa əlaqə saxlaya biləcək və bununla da Naxçıvan daha azad şəkildə gediş-gəliş obyektinə çevriləcək. Ermənistan da Azərbaycan ərazisindən istifadə edərək blokadadan çıxa bilmə şansı əldə edəcək. Ola bilər ki, bu yolların təhlükəsizliyini Rusiya öz üzərinə götürdü".

E. Vəliyev qeyd edib ki, Rusiyanın hər iki tərəfə sülh simvolu olaraq zeytun budağı hədiyyə etməsi, münaqişə tərəfləri arasında sülhün başlanğıcını qoydu:
“Ermənistan üçün yaşıl işıq yandırıldı desək yanılmarıq, çünki Ermənistan hazırda çətin vəziyyətdədir və kompromisə getməkdən başqa yolu yoxdur. Paşinyan Soçidə kompromisə getməklə doğru seçim etdi.

Bundan sonra tərəflər arasında əlaqələr nisbətən sakit xətt üzərində gedəcək. Bölgədə kommunikasiyaların açılması tərəflər arasında əlaqələri gücləndirmək imkanına malik ola bilər.

Həmçinin, Qarabağda iki etnik qrupun birgə yaşayışı nəzərdə tutulub. Əlbəttə ki, bu format Azərbaycan hüquqları çərçivəsində olmalıdır. Ermənistan Azərbaycanla əlaqələri yumşaltmağa çalışdığı müddətdə Türkiyə də humanistlik, qonşuluq əlini uzadacaq.

Hesab edirəm ki, bir müddətdən sonra Türkiyə ilə Ermənistan arasında danışıqlar başlayacaq. 15 dekabrda da Aİ-nin vasitəçiliyi ilə tərəflər arasında Brüsseldə görüş olacaq. Bu görüş də diplomatik danışıqlar forumunda önəmli addımdır. Burada Ermənistan əsirlər məsələsini gündəmə gətirə bilər”.

Modern.az

ƏVVƏLKİ XƏBƏR

Braziliyalı hücumçu final matçında qeyri-adi simulyasiyaya əl atıb

SONRAKI XƏBƏR

“Qatar Airways” bu ölkələrdə xidməti dayandırır - SƏBƏB